Məhkəmə qərarları › İş №2(001)-2206/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2206/2022

09.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2206/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 27.01.2004-cü il təvəllüdlü Mustafayeva Gülgəz Pircan qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 27.01.2004-cü il təvəllüdlü qızı Mustafayeva Gülgəz Pircan qızı anadangəlmə psixi qüsürludur. O, ərizəçinin nəzarəti olmadan özbaşına heç bir iş görə bilmir, psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Hal-hazırda ərizəçinin qızı Gülgəz Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasının Ruhi-Əsəb kabinetində dispanser müşahidəsindədir və ona “Orta dərəcəli əqli gerilik davranış pozuntusudur F71.1” diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd edilənlər Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışla, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatla və digər sənədlərlə də təsdiq olunur. Gülgəz Mustafayeva öz hərəkətlərinin mənasını anlamır və ərizəçi hesab edir ki, onun qəyyuma ehtiyacı var. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 27.01.2004-cü il təvəllüdlü Mustafayeva Gülgəz Pircan qızının anasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 27.01.2004-cü il təvəllüdlü Mustafayeva Gülgəz Pircan qızı sağlamlıq imkanları məhdud uşaqdır və ona “F70.1. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngün əqli gerilik (debillik dərəcəsində ağıl zəifliyi). Ağırlaşma. F90.1 Hiperkinetik davranış pozğunluğu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 22.04.2022-ci il tarixli, 1004 saylı rəyində göstərilmişdir ki, “ ... 27.01.2004-cü il təvəllüdlü Mustafayeva Gülgəz Pircan qızında hazırda orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. ... Mustafayeva Gülgəz Pircan qızı psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. ... Mustafayeva Gülgəz Pircan qızını fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, 27.01.2004-cü il təvəllüdlü Mustafayeva Gülgəz Pircan qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bu baxımdan o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 27.01.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Mustafayeva Gülgəz Pircan qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar