Məhkəmə qərarları › İş №2(001)-2212/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2212/2021

30.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2212/2021 30.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimənin siliməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 800 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 12.04.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən əsassız hesablanmış 1352 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmişdir. Sayğacda 1964 kubmetr göstərici olmuşdur. Həmin vaxt 30.11.2020-ci il traixində akt tərtib edilmişdir. Aktda sayğacdan kənar təbii qazdan istifadə təbii qazdan istifadə göstərilmişdir. Bu əsas sağda 20-lik boruda qaz xəttinə qoşulan hissədə aşağıdakı vintilin çıxarılmasını göstərmişlər. Bu tam əsassızdır və qeyri qanunidir. Sayğac küçədə yerləşir və onun yaşlı insan olaraq sayğacı nəzarətdə saxlaması mümkün deyildir. “Azəriqaz” İB tərəfindən dəymiş ziyanın bərpasına dair təlabnamə verilmişdir və həmin tələbnamədə dəymiş ziyanın 7560 kub metr olduğu qeyd edilmiş ona 800 manat cərimə məbləği hesablanmışdır. Ona kart verilməsi ilə bağlı “ASAN Xidmət” Mərkəzinə müraciət etdikdə, ona 800 manat məbləğində cərimə edilməsi barədə məlumat verilmişdir. Həmçinin 29.01.2021-ci il tarixdə təbii X3nın pozulması haqqında akt tərtib edilmiş, aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə göstərilmişdir. Artıq mart ayında ödəniləcək məbləğ 125 manat göstərilmişdir. Onun barəsində akt tərtib edilməsindən, tələbnamə verilməsindən məlumatı olmamışdır. Akt ona təqdim edilməmiş, həmçinin tələbnamə də ona göndərilməmişdir. Qaz sayğacına heç bir müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz məbləği hesablanmışdır. Həmçinin sayğaca qoşulan kənar xəttin mövcud olması barədə sübut yoxdur. Aktlar tərtib olunarkən hal şahidi belə dəvət edilməmişdir. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır. Bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək olardı. O, hesab edir ki, aktlar formal olaraq tərtib edilmişdir. Həmçinin sayğaca və boru xəttinə texniki cəhətdən nəzarət etmək vətəndaşın səlahiyyətinə aid deyildir. Baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır. Qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Qeyd olunmalıdır ki, qaz sayğacına və qaz xəttinə müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur. Lakin bu amil cavabdeh tərəfindən düzgün araşdırılmamışdır. Belə ki onun tərəfindən qaz xəttinə hər hansı müdaxilə edilməmişdir. Bunu 3 ay ərzində ödənişlərə nəzarət etməklə müəyyənləşdirmək mümkündür. Sayğaca və qaz xəttinə vaxtında baxış keçirilməməsi birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, onun yaşayış ünvanı ünvan 2 qanunsuz müdaxilə edilməmişdir. Evdə 1 ədəd qaz peçindən və 1 ədəd su qızdırıcısından istifadə edilir. Ev 4 otaqdan ibarətdir ki, ailə olaraq qazdan qeyd edilən miqdarda istifadə etmirlər. Blə ki 9 aya cəmi 25. Kub.m işlətmişlər ki, buda təxmini olaraq 25 manat məbləğində pul edir. Onların ümumiyyətlə sayğaca qanunsuz qoşulmaqlarına ehtiyac yoxdur. Həmçinin qoyulmuş sayğacda vintel var ki, bu ona qanunsuz şəkildə qoşulmanı mümkünsüz edir. Ona 3 dəfə cərimə məbləği yazılıb ki, üçüncünü fevral ayında yazmışlar. Həmin cərimə yazılanda artıq sayğac dəyişdirilmiş idi. 1352 manat borc məbləğində 92 manat onun qazdan istifadəsinə görə yaranmış borcudur. Bu borcunun olmasını qəbul edir. Lakin qalan məbləğdə hesablanan borc əsassız olduğundan silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsinin dediklərini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mülki iş üzrə keçirilən ekspertizada ekspert qarşısında rəy verilən zaman yoxlanılan sayğacın məxsus olduğu evi dəqiqləşdirmək üçün videoçəkiliş və fotoçəkiliş etməsi həvalə edilmiş, bu barədə sual qoyulmuşdur. Bu məqama rəydə toxunulmamışdır. “Azəriqaz” İB tərəfindən ev 12 ünvanına borc məbləği yazılmışdır. Qanunsuz qoşulma faktı iş materiallarına əlavə etdikləri aktlarla təsdiq edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azəriqaz” İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 25.01.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı ünvanında İtron tipli, G-4 markalı, 1002AQ**********0 nömrəli sayğac yeni Mexaniki tipli, G-4 markalı, **********8 nömərli sayğacla əvəz edilmişdir. Dəyişdirilən zaman sayğac dövlət yoxlamasına göndərilmişdir. BRQSD-nin Binəqədi rayon üzrə qrup rəhbəri H.Bağırov, mühəndis A.Baxşıyev və çilingər R.Əliyev tərəfindən tərtib edilən Təbii X3nın pozulması haqqında ******* saylı, 30.11.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvanda yerləşən **********00000 abonent kodu olan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən aktın imzalanmasından imtina edildiyi qeyd edilmişdir. Evdə istifadə olunan cihazların siyahısında PQ-4, QSQ və Radiator qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 30 noyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbmamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda fərdi evdə “X3”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazda istifadə olunduğu aşkar olunmuşdur. 30.11.2020-ci il tarixli ******* №-li akt ilə sayğacdan kənar xətt ləğv olunmuşdur. BRQSD-nin Binəqədi rayon üzrə qrup rəhbəri H.Bağırov, mühəndis A.Baxşıyev və çilingər R.Əliyev tərəfindən tərtib edilən Təbii X3nın pozulması haqqında 30.12.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda yerləşən **********00000 abonent kodu olan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən akta münasibət bildirilməmişdir. Evdə istifadə olunan cihazların siyahısında PQ-4, QSQ və Radiator qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 30.12.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbmamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda fərdi evdə “X3”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazda istifadə olunduğu aşkar olunmuşdur. Nəticədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda 2520 Kub.m qaz sərfiyyatı hesablanmışdır. 30.12.2020-ci il tarixli 2323 №-li akt ilə sayğacdan kənar xətt ləğv olunmuşdur. BRQSD-nin Binəqədi rayon üzrə qrup rəhbəri E.Tağıyev, mühəndis A.Baxşıyev və çilingər R.Əliyev tərəfindən tərtib edilən Təbii X3nın pozulması haqqında 29.01.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda yerləşən **********00000 abonent kodu olan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən aktın imzalanmasından imtina edildiyi qeyd edilmişdir. Evdə istifadə olunan cihazların siyahısında PQ-4, QSQ və Radiator qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 29.01.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbmamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda fərdi evdə “X3”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazda istifadə olunduğu aşkar olunmuşdur. Nəticədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda 2520 Kub.m qaz sərfiyyatı hesablanmışdır. 29.01.2020-ci il tarixli 129 №-li akt ilə sayğacdan kənar xətt ləğv olunmuşdur. FM seriyalı, 018071 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, 12 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Abonent saldosunda görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00000 olan İddiaçı qaz sərfiyyatına görə 2021-ci il mart ayına 1352,10 manat qalıq borcu vardır. “Azəriqaz” İB tərəfindən verilən istehlakçı İddiaçı təbii qazdan istifadəyə görə 01.03.2021-ci il tarixə yaranmış borcun açıqlamasından görünür ki, 30.11.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.12.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, ******* saylı, 29.01.2021-ci il tarixli akt əsasında 252 manat olmaqla ümumilikdə 1260 manat məbləğində borc hesablanmışdır. 01.03.2021-ci il tarixinə olan ümumi boc məbləği 1260 manat + 9 manat (sərfiyyat borcu), + 398,30 manat (3E programına keçən borc)-294 manat (kartdan aparılan tutma) -20, 10 manat (karta ödənilən pul) olmaqla cəmi 1352,30 manat məbləğində təşkil edir. Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2428 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən “Azəriqaz” İB-yə məxsus 108 mm-lik, polad qaz borusunun üzərində hərhansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir. Xəttin diametr 108 mm-lik olmaqla, torpaqdan 3 metr hündürlükdən çəkilmişdir. Fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 1,5 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz xətti 20 mm-lik polad qaz borusu vasitəsilə108 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin, “Azəriqaz” İB-yə məxsus 108 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar aşkar edilməmişdir. Mülki iş materiallarında olan aktın aid olduğu fotoşəkillər aydın çəkilmədiyinə görə, iddiaçının faktiki yaşadığı evə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Beləliklə məhkəmə baxışında tədqiq olunan sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən istehlakçı İddiaçı barəsində Təbii X3nın pozulması haqqında ******* saylı, 30.11.2020-ci il tarixli, 30.12.2020-ci il tarixli ******* saylı və 29.01.2021-ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin Aktlarda yaşayış sahəsinə baxış keçirildiyi və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Həmin akta İddiaçı imza etməkdən imtina edildiyi də akt-da öz əksini tapmışdır. Eyni zamanda dəymiş ziyanın hesablanması üçün hesabat tərtib edilmiş və hesabatın tərtib edilməsi üçün əsasın ******* saylı, 30.11.2020-ci il tarixli, 30.12.2020-ci il tarixli ******* saylı və 29.01.2021-ci il tarixli ******* saylı aktlar olduğu qeyd edilmişdir. Hesabat nəticəsində itirilmiş qazın dəyərinin ******* saylı, 30.11.2020-ci il tarixli akta görə 756 manat, 30.12.2020-ci il tarixli ******* saylı akta görə 252 manat, 29.01.2021-ci il tarixli ******* saylı akta görə 252 manat olduğu müəyyən edilmişdir. Aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının iştirakını təmin etmədən, hal şahidləri cəlb edilmədən, birtərəfli qaydada tərtib edilmişdir. Məhkəmə qeyd edir ki sübutetmə yükünün bölgüsü baxımından hazırki tələbdə AKT-ların həqiqliyini sübut etmək vəzifəsi AKT-ı tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki iş üzrə Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2428 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən “Azəriqaz” İB-yə məxsus 108 mm-lik, polad qaz borusunun üzərində hərhansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməmişdir. Belə olduğu halda cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranmasını sübuta yetirmədən ona borc hesablaması qanunsuz və əsassızdır. Odur ki, işin faktiki hallarına əsasən iddiaçının qaz sayğacından kənar qanunsuz qoşulma halı sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsində qeyd edilmişdir ki, Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3nın” 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iddia tələbini qismən əsaslı hesab etməsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona hesablanmış 1352 manat əsassız borcun silinməsini tələb etsə də, məhkəmə iclasında 92 manat sərfiyyat borcunun olmasını etiraf etmiş və bu fakt cavabdehin təqdim etdiyi borcun açıqlamasına dair sənədlə öz təsdiqini tapmışdır. İş materiallarından və cavabdehin təqdim etdiyi borcun açıqlamasına dair sənəddən görünür ki, 1352 manat borcun 1260 manatı “Azəriqaz” İb-nin tərtib etdiyi aktlar əsasında hesablanmış, 92 manat məbləğində borc isə iddiaçının qaz sərfiyyatına görə hesablanmış borc məbləğidir. Odur ki, iddiaçı tərəfindən sayğaca qanunsuz müdaxilə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapmadığından qanunsuz müdaxilənin olması əsası ilə tərtib edilən aktlar əsasında hesablanan 1260 manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1260 (bir min iki yüz altmış) manat məbləğində borc məbləği silinməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait iddiaçı “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1260 (bir min iki yüz altmış) manat məbləğində borc məbləği silinsin Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait iddiaçı “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar