Məhkəmə qərarları › İş №2(001)-2250/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2250/2024

15.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2250/2024 15.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Choopani X1 və ”Xudafərin” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, zəbt olunmuş həyətyanı sahənin mansartın və 3 otaqlı mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Choopani X1 və ”Xudafərin” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, zəbt olunmuş həyətyanı sahənin mansarın və 3 otaqlı mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında yerləşən Cavabdeh MMC-nin inşa etdiyi binada olan B blokunun 18-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 220 m2 olan mənzilinin, ümumi sahəsi 1000m2 olan həyətyanı və mansart sahəsinin alqı-satqısına dair cavabdeh X5 Hossein Bohlool ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 1(21/04) saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdehin zəbt etdiyi mənzildən, torpaq sahəsindən və mansar sahəsindən məcburi çıxardılması, əmlakların ona təhvil verilməsi, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş 10000(on min) manat maddi (əmlakın bir hissəsinin yararsız vəziyyətə salması nəticəsində dəymiş maddi zərər), 5000( beş min) maant mənəvi zərərin, ödənilmiş 136 dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin giriş hissəsində Choopani X2 ilə yanaşı Cavabdeh MMC-də cavabdeh kimi göstərilməsinə baxmayaraq iddia ərizəsinin nəticə hissəsində, yəni “xahiş edirəm” hissəsində ona qarşı yönəlmiş hər hansı tələb müəyyən edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmçinin təsadüfi deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, konkret olaraq tələb irəli sürən iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdehlər Choopani X1 və ”Xudafərin” MMC-yə qarşı qarşı “müqavilənin etibarsız hesab edilməsi, zəbt olunmuş həyətyanı sahənin mansartın və 3 otaqlı mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar