Məhkəmə qərarları › İş №2(001)-2254/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2254/2023

31.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2254/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddia tələbi, onun əsası: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Cavabdeh1 adına verilmiş 25 noyabr 2022-ci il tarixli, 7E20549 reyestr nömrəli etibarnamənin, həmin etibarnamə üzrə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, “Daewoo Gentra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, avtomobilin ona geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, sözügedən avtomobil onun mülkiyyətində olmuşdur. 2022-ci ilin noyabr ayında o, avtomobili Cavabdeh1 nisyə satmaq barədə sonuncu ilə razılıq əldə etmişdir. Avtomobilin dəyəri 8500 manat müəyyən edilmiş və razılaşma əsasında əlavə alğı-satqı xərcləri ödənilməsin deyə 21 noyabr 2022-ci il tarixdə Cavabdeh1 və qardaşı Səid Dadaşov avtomobilə baxış keçirərək onu bəyənmişlər. Bundan sonra iddiaçı avtomobillə bağlı cərimələri ödəmiş, 25 noyabr 2022-ci il tarixdə iddiaçı Cavabdeh1 avtomobillə bağlı sərəncamvermə hüququnu müəyyən edən etibarnamə verməklə avtomobili ona təhvil vermişdir. Aralarındakı razılığa görə Cavabdeh1 avtomobilin dəyərindən 2200 manatını dərhal ödəmiş, qalan 6300 manatı isə növbəti ayın 10-dək ödəyəcəyinə dair vəd vermişdir. Lakin sonradan qalan pul ödənilmədiyindən iddiaçı Cavabdeh1 pulunu tələb etmiş, cavabdeh onun tələblərinə məhəl qoymadığından 29 dekabr 2022-ci il tarixdə verdiyi etibarnaməni ləğv etmişdir. Sonradan müəyyən etmişdir ki, Cavabdeh1 həmin avtomobili onun verdiyi etibarnamə əsasında alğısatqı yolu ilə öz yaxın adamı olan Cavabdeh2 adına keçirmişdir. Bundan sonra avtomobilə “**-GC-***” dövlət qeydiyyat nişanı verilmişdir. İddiaya etiraz: Cavabdeh2 iddia tələbinə yazılı etiraz ünvanlayaraq, etirazda göstərmişdir ki, iddia ərizəsində göstərilənlərin ona heç bir aidiyyəti yoxdur. O, Cavabdeh1 yaxın adamı deyildir. Sözügedən avtomobil formal olaraq deyil, alğı-satqı yolu ilə onun adına keçmiş, avtomobilə görə o, Cavabdeh1 pul ödəmişdir. Burada o vicdanlı alıcıdır və Cavabdeh1 ilə İddiaçı arasındakı münasibətlərdən xəbəri olmamışdır. Cavabdeh1 İddiaçı borcu varsa, İddiaçı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Alğı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 ilə aralarında avtomobilin dəyərini 10000 manat kimi qiymətləndirmişlər, o, həmin məbləğdə pulu Cavabdeh1 ödəmişdir. Cavabdeh1 onların avtomobilləri icarə müqaviləsi əsasında dəyərini hissə-hissə ödəmək şərti ilə satdıqlarını bilib, həmin avtomobili onlardan bu şərtlərlə almaq istədiyini bildirmişdir. Buna görə də, həmin gün sözügedən avtomobil 5000 manat ilkin ödəniş edilməklə, qalan məbləğin 24 ay ərzində ödənilməsi şərti ilə 14000 manata Cavabdeh1 satılmışdır. İddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, o, sözügedən avtomobillə bağlı Cavabdeh1 etibarnamə vermiş, lakin qarşı tərəf pulla bağlı öhdəliyini icra etmədiyindən o, həmin etibarnaməni ləğv etmişdir. Sonradan Cavabdeh1 və qardaşı Səid Dadaşzadə ondan etibarnaməni bərpa etməyini xahiş etmiş, avtomobili satıb borcunu ödəyəcəyini bildirmişlər. O da inanaraq Cavabdeh1 yenidən etibarnamə vermiş, sonuncu avtomobili satmışdır. Lakin, bundan sonra ona heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, iddianını təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (bacısı) X2 iddianı qəbul etmədiklərini bildirib, izahatında göstərdi ki, onlar şəxsən cavabdehi tanımırlar. Avtomobili Cavabdeh1 10000 manata alaraq bacısı Cavabdeh2 adına rəsmiləşdirmişlər. Lakin həmin gün Cavabdeh1 özünə təcili pul lazım olduğu üçün maşını ucuz qiymətə satdığını, yenidən onlardan almaq istəyini bildirmişdir. Bu zaman onun direktoru olduğu "xxxx" MMC ilə Cavabdeh1 arasında müqavilə məzmunlu iltizam imzalanmış, həmin avtomobil icarə yolu ilə Cavabdeh1 verilmişdir. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 etibarnamə verilmişdir. Tədqiq edilən sübutlar: - Baş X5 İdarəsinin 06 fevral 2023-cü il tarixli məktubundan görünür ki, “Daewoo Gentra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmış, **-GC-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. - Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına dair çıxarışdan görünür ki, “Daewoo Gentra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 fevral 2021-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış, 21 noyabr, 23 noyabr və 25 noyabr 2022-ci il tarixlərdə həmin avtomobillə bağlı Cavabdeh1 “nəqliyyat vasitəsinə dair sərəncam hüququ”nu tanıyan etibarnamə verilmiş, etibarnamə sonuncu dəfə 29 dekabr 2022-ci il tarixdə təsdiq edilmiş, 25 noyabr 2022-ci il tarixdə avtomobil alğı-satqı yolu ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş, ona **-GC-*** dövlət qeydiyyat nişanlı verilmiş, həmin tarixdə Cavabdeh1 “nəqliyyat vasitəsini istifadə hüququ”nu tanıyan etibarnamə verilmişdir. - 25 noyabr 2022-ci il taixli etibarnamənin məzmunundan görünür ki, həmin etibarnamə ilə İddiaçı mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sərəncam hüquqlarını Cavabdeh1 tanımışdır. Etibarnamə bir il müddətinə verilmişdir. - 25 noyabr 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh1 sözügedən avtomobili 10500 manata Cavabdeh2 satmışdır. - "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış 25 noyabr 2022-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı”ndan görünür ki, Cavabdeh1 “Daewoo Gentra” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili dəyərini 24 ay müddətində aylıq 375 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. -347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. -347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: -347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; -347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; -347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. -347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. -347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. -347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. -347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. -347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. - 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. - 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. - 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. - 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. -364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. -364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. -365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. - 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. - 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir - 366.3. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. - 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Hazırkı iddia ərizəsi iki tələbdən ibarətdir: - 25 noyabr 2022-ci il tarixli, 7E20549 reyestr nömrəli etibarnamənin; - həmin etibarnamə üzrə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, “Daewoo Gentra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi. 25 noyabr 2022-ci il tarixli, 7E20549 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məlum olduğu kimi mülki hüquqda yalnız bir şəxsin iradə ifadəsi nəticəsində əmələ gələn əqd birtərəfli əqd hesab olunur. Belə bir əqdlərdən biri də etibarnamələrdir ki bunlara dair də qanunvericilikdə xüsusi etibarlılıq şərtləri müəyyən etmişdir ( Mülki Məcəllənin 362.2-ci, 363-cü maddələr). Hazırkı halda mübahisıli etibarnamənin xüsusi etibarlılıq şərtlərinin pozulması ilə verilməsi müəyyən olunmur. Belə ki, etibarnamə notarial qaydada təsdiq edilərək bir illik müddətinə verilmişdir. İddiaçı etibarnamənin verilməsini “alqı-satqı xərclərinin ödənilməməsi və əslində cavabdehlə nisyə alqı-satqısı müqaviləsinin bağlanması” ilə əsaslandırmış, iddiaya görə avtomobili cavabdehə təhvil veriləndən sonra aralarındakı razılığa görə Cavabdeh1 avtomobilin dəyərindən 2200 manatını dərhal ödəmiş, qalan 6300 manatı isə növbəti ayın 10-dək ödəyəcəyinə dair vəd versədə sonradan qalan pul ödəmədiyindən iddiaçı 29 dekabr 2022-ci il tarixdə verdiyi etibarnaməni ləğv etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı bu iddia tələbini konkret maddi hüquq norması ilə əsaslandırmamışdır. Burada əqdlərə dair ümumi etibarsızlıq şərtləri nəzərdən keçirilə bilər. Mülki hüquqda arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti olmayan və ya belə bir hüquqi nəticəni əmələ gətirmək qabiliyyətindən məhrum edilə bilən əqdlərə etibarsız əqdlər deyilir. Yəni bağlanarkən etibarlılıq şərtlərinə əməl olunmadığı halda əqdlər etibarsız olur. Yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən etibarnamənin bu tip əqdlər üçün qanunvericiliklə müəyyən edilmiş xüsusi etibarlılıq şərtlərinə uyğun bağlanmışdır. Bununla yanaşı etibarnamənin ümumi etibarlılıq şərtlərinin pozulması ilə əmələ gəlməsi də iş üzrə sübuta yetirilmir. Belə ki, həmin etibarnamə fəaliyyət qabiliyyətli şəxs tərəfindən verilmiş, onun predmeti şəxsiyyətə zidd deyil, əqd imperativ normalara uyğundur, onu əmələ gətirən iradə ifadəsinin zədəli olmasına dair sübutlar mövcud deyil. İddiaçının əslində “nisyə alqı-satqı müqaviləsinin” bağladığı niyyətində olması dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu halda Mülki Məcəllənin 340-cı və 347ci maddəsinin dispozisiya şərtləri mövcud olmalıdır. Bununla bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”. Hazırkı etibarnamə üzrə İddiaçı mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sərəncam hüquqlarını Cavabdeh1 vermiş və burada hər hansı başqa əqdin mövcud olması ilə bağlı iddiaçı heç bir mötəbər dəlilə əsaslanmamışdır. Plenumun Qərarındada qeyd olunduğu kimi tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət etmir. Bununla yanaşı iddiaçının razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmadığı işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. Göründüyü kimi 25 noyabr 2022-ci il tarixli, 7E20549 reyestr nömrəli etibarnamə qanunvericilikdə əqdlər üçün müəyyən edilmiş həm ümumi həm xüsusi etibarlılıq şərtlərinə cavab verdiyindən onun etibarsız hesab olunmsı tələbinə dair iddia əsassızdır. İddia tələbinin 25 noyabr 2022-ci il tarixli, 7E20549 reyestr nömrəli etibarnamə üzrə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, “Daewoo Gentra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakılara görə tələbin bu hissəsini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər... Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir... Hazırki halda iddiaçı 25 noyabr 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsini tələb etsə də, qanunvericiliyin yuxarıda sadalanan müddəaları ilə müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş qanuni etibarnamə ilə hərəkət etmiş və üçüncü şəxslə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu müəyyən edilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqaviləlıərin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış olduğu yuxarıda da qeyd olunduğu kimi sübuta yetməməklə yanaşı, müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin etibarsız hala gəlməsi üçün üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır ki, hazırkı halda belə sübutların mövcudluğu iş üzrə müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) 25 noyabr 2022-ci il tarixli, 7E20549 reyestr nömrəli etibarnamənin və həmin etibarnamə üzrə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, “Daewoo Gentra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. İddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar