Məhkəmə qərarları › İş №2(001)-2301/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2301/2021

30.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2301/2021 30.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, 03 dekabr 2001-ci il təvəllüdlü oğlu – X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 03 dekabr 2001-ci il təvəllüdlü oğlu X7 uzun müddətdir ki, ruhi xəstədir və o, ağır kəmağıllıq xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müalicələrdə olsa da, nəticəsi olmamış və ona “ağır kəmağıllıq (kəskin nəzərəçarpan)” dərəcəsilə imbesillik dərəcəsində ağı zəifliyi diaqnozu qoyulmuşdur. O, uzunmüddətli müalicələrdə olsa da, yaxşılaşma halı baş verməmişdir. X5 Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ümumi xəstəlik üzrə İ qrup əlillik dərəcəsi verilmişdir, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. O, 9 saylı şəhər poliklinikasının psixatriya kabinetində 2019-cu ildən qeydiyyatdadır. O, həmçinin əmək qabiliyyətsizdir və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur, öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanında malik deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 350315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 dekabr 2001-ci il təvəllüdlü X3 atası X6, anası Ərizəçi, doğulduğu yer Cəbrayıl rayonu, Daşkəsən kəndirir. Bakı şəhəri Binəqədi rayonu 9 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, X7 poliklinikanın psixiatriya kabinetində 2019-cu ildən qeydiyyatdadır. O, birinci qrup əlildir, diaqnozu ağır kəmağıllıq (kəskin dərəcədə nəzərə çarpan). Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatların elektron çıxarışından görünür ki, X5 müddətsiz birinci dərəcəli əlillik verilmiş, “ağır dərəcəli əqli gerilik. Ağır kəmağıllıq (kəsin nəzərə çarpan imbesillik dərəcəsində əqli gerilik) kobud nitq və davranış pozuntusu” diaqnozu qoyulmuş, kənar şəxslərin qulluğuna ehtiyacı olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 2408 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar psixi inkişafda geri qalması, kobud nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 9 saylı Şəhər Poliklinikasının psixiatrik kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq qərara gəlinmişdir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X3 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 03 dekabr 2001-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 dekabr 2001-ci il təvəllüdlü (doğulduğu yer olaraq Cəbrayıl rayonu, Daşkəsən kəndi göstərilmiş) X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar