Məhkəmə qərarları › İş №2(001)-2301/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2301/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2301/2024 22.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 046014 №-li Aktın etibarsız sayılması, həmin akt üzrə hesablanmış 780 (yeddi yüz səksən) manat borcun ona məxsus **********00149 kodlu abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "Azəriqaz” İB ilə bağlanılmış abonent müqaviləsi üzrə (abonent kodu: **********00149) cavabdeh ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi ev 1 ünvanda yerləşən mənzili qaz ilə uzun müddət ərzində təchiz etmişdir, tərəfindən cavabdehə abonent haqqı vaxtlı-vaxtında ödənilmişdir və hər hansı borcu yoxdur. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilmişdir ve müəyyən edilmişdir ki qaz sayğacının plombu zədələnmişdir. Bununla bağlı qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli №046014 saylı Akt tərtib edilmişdir və Aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli 14-2/3-5-9047/Q001 №-li Akta əsasən G-4 markalı **********3 №-li sayğacın hesablanma mexanizminin qoruyucu plasmas qapağı sınıqdır. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, üzərinə vurulan üç ədəd zavod plombdan biri aşkar edilməmişdir. Nəticədə həmin akta əsasən zədələnmiş qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Tərtib edilmiş akta əsasən cavabdeh tərəfindən vurulmuş ziyanın hesablanması aparılmış, qanunsuz qaz sərfiyyatının həcmini 6480 kv.metr hesablamaqla üzərinə qanunsuz olaraq 780(yeddi yüz səksən) manat cərimə borcu yazılmışdır. Cavabdehin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış qaz sayğacının zədələnməsi onun təqsiri üzündən baş verməmişdir, onun nə vaxt hansı şəraitdə kim tərəfindən zədələnməsi ona məlum deyil. Ona görə də barəsində tərtib edilmiş aktı qanunsuz və əsassız hesab edir və üzərinə yazılmış borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Birinci növbədə qeyd edilməlidir ki, qaz sayğacı mənzilin içərisində deyil, həyətdə, hamı üçün əlçatan olan bir yerdə quraşdırılmışdır və cavabdehin əməkdaşları sayğaca hər ay baxış keçirmişlər. Əgər sayğacda problem olsaydı, əməkdaşlar bunu aşkar edib bu barədə məlumat verərdilər. Sayğac tam qaydasında olub, elektron göstərici ilə mexaniki göstərici arasında fərqlilik yoxdur, yivli birləşmələr normal vəziyyətdədir, ən əsas məqam isə sayğacın giriş plombu yerindədir. Plombun rəngi və viziual görünüşlə müəyyən edilən əlamətləri də hər hansı dəyişikliyin olması normaldır, çünki ev bina evi deyil, sayğac qapalı yerdə olmadığından günəş şüasının, yağışın və digər təbii hadisələrin təsirinə məruz qalır. Əgər plomb qopsaydı və dəyişdirilsəydi bunu cavabdehin qısa zaman kəsiyi ərzində baxış keçirən əməkdaşları aşkar edərdilər. Bundan əlavə sayğacın hesablama mexanizmindən keçən qazın həcmi tam qeyd edilib. Eyni zamanda sayğacdan kənar keçən qeyri-qanuni şəkildə çəkilən qaz xətləri aşkar edilməmişdir. Cavabdeh İB xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir: Belə ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 837,04 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin sentyabr ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 777,60 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 777,60 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X2”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 20 avqust 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, İddiaçı yaşayış ünvanında qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşayış ünvanına(abonent kodu **********00149) quraşdırılmış sayğaca baxış keçirilmiş və aşkar edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Azəriqaz” İstehsalat Birliyinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Xoca Həsən kəndində yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00149) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 6480 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00149 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2023-cü ilin dekabr ayının sonuna qalıq akt üzrə borcu 777,60 manat təşkil edir; “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının yaşadığı evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 15 sentyabr 2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində istehlakçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 15 sentyabr 2023-cü il tarixli, ******* nömrəli nömrəli nömrəli akt etibarlı olmadığından məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00149) hesablanmış 777,60 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı akta görə 780 manat borcun silinməsini tələb etsə də, iş materiallarından görünür ki, mübahisələndirilən akta görə 780 manat deyil, 777,60 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 777,60 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 15 sentyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilməklə, İddiaçı (Abonent kodu: **********00149) hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar