Məhkəmə qərarları › İş №2(001)-231/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-231/2025

12.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-231/2025 12.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı prosessual hüquqi varisi X5 və onun nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “mənzilin alqı-satqısı müqaviləsinin etibarsızlığına” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə oğlu Cavabdeh2 arasında bağlanmış “mənzil alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2004-cü ildə Cavabdeh1 MTK ilə onun arasında 203 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, onun tərəfindən mənzilin tam dəyəri ödənilmiş və bu barədə Cavabdeh1 MTK-tərəfindən ona maliyyə arayışı verilmişdir. Təxminən 2023-cü ilin sentyabr, oktyabr aylarında həmin mənzili oğlu Cavabdeh2 adına keçirilməsinə razılıq vermişdir. Oğlu Namiq onun yaşlı olmağından istifadə edib, şirin vədlər verərək, onu aldatmış və mənzili ələ keçirdikdən sonra hazırda onu yaşlı vaxtında küçədə qoymuşdur. Qalacaq yeri yoxdur.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qızı X12 iddiaçının prosessual hüquqi varisi kimi icraata cəlb edilmişdir.

4. Hüquqi varisi icraata cəlb edildikdən sonra iddia tələbi dəqiqləşdirilmiş və məhkəmədən İddiaçı tərəfindən "xxxx" MTK-nın sədri Namik İsmayılovun adına yazılmış İddiaçı adına olan A.Məmmədov küçəsi-10 ünvanındakı binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 117 saylı bir otaqlı 48.6 kv.m olan mənzilin X7 adına pay haqqı və müqavilənin rəsmiləşdirilməsinə dair ərizənin və "xxxx"MTK ilə Cavabdeh2 arasında bağlanmış 203 nomrəli 09 oktyabr 2023-cü il tarixli mənzil tikinti haqqında müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. İddiaçının prosessual hüquq varisi izahatında bildirmişdir ki, anası həmişə ona deyirdi ki, heç vaxt heçnə imzalamayacaq. Hətta Namiq oğlu 18 saylı Notariat Ofisinə aparanda, orda da, imza etməkdən imtina edib. Həmin videogörüntü çəkilən zaman anası qorxu altında olub. Çünki Namiq onu dəfələrlə döyüb. Namiq əvvəldən evin ona aid olduğunu iddia etsəydi, anasının sağlığında məsələ qaldırardı. Hətta onun oğlu 5 il həmin evdə yaşayıb. Bu vaxt ərzində də, ev iddiası olmayıb. Mərhum anası iddia ərizəsini vəkil hesabına yazıb. Ona görə də məzmunu indi məhkəmə üçün anlaşılan olmaya bilər. Lakin hadisənin təfərrüatları onun danışdıqları kimidir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının prosessual hüquq varisi izahatlarında bildirmişdir ki, o, Avropada yaşamışdır. Mərhum anası ona tez-tez artıq yaşlandığını və mübahisəli mənzilin adına keçirilməsi ilə bağlı vətənə qayıtmağını bildirirdi. Lakin işi ilə bağlı müqavilə müddətinin bitmədiyi üçün Azərbaycan Respublikasına qayıda bilməmişdir. Məhkəmə gedən ərəfədə nə o, nə onun oğlu Azərbaycan Respublikasında olmamışlar. Anası şəkər xəstəsi olmuşdur. Bakı şəhərində olan zaman qardaşı Namiq anasını müalicə etdirmək adı öz yanına dəvət edir. O da, anasını qardaşının yanına yola salmışdır. Bundan sonra anası ilə telefon vasitəsilə əlaqə saxlayan zaman, Namiq anasının başının üstündə duraraq, anasına “qızınla tez-tez əlaqə saxlaya bilməyəciyini deməyini” bildirmişdir. Anası da məcbur qalaraq, onunla tez-tez danışa bilməyəciyini bildirmişdir. Anası ona zəng vuraraq, Namiq tərəfindən zorakılığa məruz qaldığını, döyüldüyünü, bilmədiyi dərmanları məcburən qəbul etidiyini, hətta evin içərisində girov saxlanıldığını bildirmişdir. Daha sonra Namiq anası ilə birgə Bakı şəhərinə gəlir. Bu zaman Namiq anasını qocalar evində saxlatdırır və mənzili adına keçirəcəyi təqdirdə onu qocalar evindən çıxaracağını bildirir. Anası 3 gün qocalar evində qaldıqdan sonra, dözməyərək məcbur Namiqin təklifini qəbul etmiş və mənzili Namiqin adına rəsmiləşdirmişdir. Bundan sonra Namiq yenidən anasını Sankt-Peterburq şəhərinə aparmışdır. Namiq yenədə anasına qarşı zorakılıq hərəkətlərini davam etdirmişdir. Anası ona bu barədə xəbər verəndən sonra onu Bakı şəhərinə gətirmək üçün Sankt-Peterburq şəhərinə getmişdir Sankt-Peterburq şəhərində yerləşən 7-ci polis şöbəsinə və Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki konsulluğuna müraciət etmişdir. Namiq anasını Bakı şəhərinə gəlməyə qoymurdu. O anasını çox əziyyətlə Bakı şəhərinə gətirmişdir. Anasının həmin vaxt səhhəti çox pis idi. Bakı şəhərinə çatan kimi anasının vəziyyəti barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Lakin polis əməkdaşları hadisə Sankt-Peterburq şəhərində baş verdiyi üçün şikayətinə baxa bilməyəcəklərini bildirdilər. Anası Bakı şəhərinə qayıtdıqdan sonra Namiqə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir və başına gələn hadisələr haqqında məhkəmədə izahat verəcəyini bildirmişdir. Anasının başqa əmlakı olmamışdır. Anası onunla birlikdə Xırdalanda yerləşən evində yaşamışdır. Anasına özü baxmışdır. Hazırda mübahisəli mənzildə heç kim yaşamır. Lakin əvvəllər anası mübahisəli mənzildə yaşamışdır. Hətta oğlu da həmin mənzildə yaşamışdır. Namiq Rusiya Federasiyasının vətəndaşıdır və 55 ildir orada yaşayır, Azərbaycana cəmi 3 dəfə gəlmişdir. Anası xx.xx.2024-cü tarixinə kimi Sankt-Peterburq şəhərində olmuşdur və həmin tarixdə anası ilə birgə Bakı şəhərinə qayıtmışdır. Anasının döyülmə nəticəsində bədənində olan xəsarətləri qocalar evinin Samirə adlı əməkdaşı da görmüşdür. Hər zaman anasının sevimlisi olmuşdur. Qardaşı anasını gizli bir şəkildə Azərbaycana gətirdiyi zaman evləri arasında 4 blok olduğu halda o, heç bir şəkildə xəbərdar olmamışdır. Dəqiq tarixi xatırlamasa da, Leninqraddan qayıtdığı vaxt evi öz adına keçirtmək istəyirdi. Ev Azərin adından çıxdığı zaman anası burada deyildi. O evi onun adına keçirtmək üçün qayıdacaqdı. Qardaşı onu bura gətirdiyi zaman isə heç birinin xəbəri yox idi. Hər hansı əlaqə nömrəsi də yox idi. Oğlunun yoldaşı və anası arasında münaqişə var idi. Bu müddətdə hər ikisinin ortasında qalmış, kimi müdafiə edəcəyini bilməmişdir. Anası gəlini istəmirdi, əslində, heç özü də istəmirdi. Lakin oğlu bundan xəbərsiz idi. Anasının yanında anasının tərəfini, oğlunun yanında oğlunun tərəfini tutmuşdur. Daha sonra söhbət ciddiləşdikdən sonra isə anası hamının yanında dəxlisiz söhbətlər etməyə başlayırdı. Olmayan şeyləri də danışırdı. Artıq ona bu söhbətləri açdığı zaman deyirdi ki, “heç nə narahat olma evi goruma aparmayacağam ki? səndən alıb gəlininə və ya oğluma verməyəcəyəm ki.” Onun öz evi olub və həmin evi satandan sonra yəni, 2003-cü ildə evi sataraq, 2004-cü ildə hazırki evi anasının adına alıb. Anası təklif etmişdir ki, evi onun adına alsın ki, iki oğlu var qəzadan uzaq olsun. Anası ömrü boyu işləməyib. Mübahisəli mənzili özü almışdır. Belə ki, özü alverçi olmuş, Sədərək Ticarət Mərkəzində mal satmışdır. Anası evi Azərin adından çıxarıb onun adıma keçirtmək istəyirdi, çünki Azərin yoldaşı ilə problemi var idi, bunlar ailəvi mövzularıdır. Burada danışmaq istəmir. O vaxt ki, anladılar ki, ev onun adına keçiriləcək ona maneə oldular. Azər həmin evdə 5 il idi ki, yaşayırdı. Anası isə onunla qalırdı, ona ömür boyu özü qulluq etmişdir. Oğlu uşaq olanda, anası dedi ki, uşaqdır, böyüyüb bizlə düşmənçilik edə bilər. O vaxt da yoldaşı ilə boşanma ərəfəsində idilər. Həmin evi alanda artıq evli deyildi. Buna görə də anası dedi ki, yoldaşın yoxdur, qardaşın yoxdur, sataşan olar, evi onun adıma alsın. Öz adına mənzili var. Həmin evdə oğlu yaşayır. Bakı şəhəri, Cəbiyev küçəsi, ev 3, 32 saylı mənzili sataraq, həmin vaxt 117 saylı mənzili almış, daha dəqiq mənzili satan şəxsə beh vermiş və sonra da hissə-hissə ödəniş edərək mənzili almışdır. Ölkə xaricində olan zaman anasına pul göndərmiş, həmin mənzilləri anası almışdır. Xanlar müəllimlə anası danışmışdır. Daha sonra mənzillər onun adıma keçmişdir. Hər iki mənzilin pulunu özü vermişdir. Hətta sonuncu dəfə 15200 manat ödənişi şəxsən özü etmişdir. Hər iki mənzil eyni MKİS-ə aid olmuşdur. Anası ona əziyyət verməməsi üçün dilənçilik edirdi. Natiq İsmayılovdan sənədləri əldə etmək istədiyi üçün anasının vəfat etməsini deməmişdir.

7. Məhkəmə iclasında iştirak edən prosessual hüquqi varisi X5 nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, videoda, mərhumun ərizəyə imza etməsi görünmür. Bundan başqa onda, mərhuma məxsus 5-6 imza nümunəsi var. Əgər imza görünmüş olsaydı, müqayisəli təhlil aparmaq olardı. Həmçinin onda olan ərizə köhnə olsa da, ona tarix qoyulmamışdır. Lakin məhkəmədə olan ərizədə tarix var. Hansı ki, bu ondakı ərizədən sonra verilmişdir. Görünür ərizədəki tarix də, sonradan qoyulub. Videogörüntüdə Namiq adlı şəxsdə var. Onun təzyiqindən mərhum qorxub.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən prosessual hüquqi varisi X5 nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, müqavilə aldadılma yolu ilə bağlanmışdır. Belə ki, Cavabdeh2 mərhum İddiaçı öz yanında saxlamasına və ona baxmasına dair öhdəlik götürmüşdür. Lakin Cavabdeh2 müqaviləni rəsmiləşdirib, mənzili adına keçirdəndən sonra mərhum İddiaçı çöldə qoymuş, ona baxmamış və öz öhdəliyini yerinə yetirməmişdir. Hətta Cavabdeh2 İddiaçı qocalar evinə yerləşdirmişdir. Ona görə də, İddiaçı aldadıldığından Cavabdeh2 ilə arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bina istismara verilmədiyinə görə mərhum İddiaçı mənzilə çıxarış ala bilməmişdir.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, mərhum İddiaçı mənzili 2004-cü il tarixdə almışdır. Təxminən 2020 və ya 2021-ci il tarixdə mərhum İddiaçı mənzilin nəvəsi X4 adına keçirilməsi ilə bağlı MTK-ya müraciət etmiş və mənzil Azər Zeynalovun adına rəsmiləşdirilmişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X4 mübahisəli mənzilə dair müqavilə ləğv edilmiş və mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli ərizəni Cavabdeh2 yazmışdır, mərhum İddiaçı isə imzalamışdır. Namiqin hansı tarixdə ölkəyə gəldiyini dəqiq bilmir, bu məlumatı binanın komendantı demişdir. Namiq onunla əlaqə saxlamış və anasının xəstə olduğunu bildirmişdir. İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativində yerləşən mənzildə uzun müddət yaşasa da, sonradan qonşu binadakı "xxxx" MMC-də yerləşən 1 otaqlı mənzilində yaşamışdır. Həmin mənzildə həm tək həm də ki, arabir qızı İradə Əliyeva da onunla birgə yaşayırdı. "xxxx" MMC-də olan mənzil mərhum İddiaçı adına idi. Sonradan mənzilin kimin adına keçməsi barədə məlumatı yoxdur. Mərhum İddiaçı ayaqlarında problem var idi, lakin onu görəndə tanımışdır, ağlı başında idi. İddiaçı sözügedən mənzili Namiqə verdiyi demiş, ərizəni imzalayarkən video çəkiliş etmişdir. Həmin zaman Cavabdeh2 kənara çəkmiş və mənzili Namiq veribverməməsini dəqiqləşdirmişdir. Çünki mərhumun xasiyyətinə bələd olmuşdur. Bundan əvvəl mənzili nəvəsi Azərə vermişdir. Lakin sonradan X4 mübahisəli mənzilə dair müqaviləsi ləğv edilmiş və mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Mərhum İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativində yerləşən mənzili 2004-cü il tarixdə almışdır və ödənişi şəxsən özü etmişdir. Mənzilin ikinci dəfə mərhumun adına keçənədək Namiqi və ya İradəni tanımamışdır. Namiq 2023-cü ilin mart ayında zəng edərək, Novruz Bayramı ərəfəsində Bakı şəhərinə gələcəyini bildirmiş, Bakı şəhərinə gələndən sonra onunla telefon vasitəsilə əlaqə saxlayaraq, mənzili satmaq istədiyini bildirmişdir. 2023-cü ilin iyun ayında İradə Əliyev ilə Nərimanov rayonunda görüşən zaman ondan müvafiq sənədlər istəmiş, həmin zaman İddiaçı soruşduqda, İradə Əliyeva anasının yaxşı olduğunu demiş, vəfat etdiyini deməmişdir. Azər mərhuma baxmadığı üçün mənzili ondan geri almışdır. Mərhum Rusiya Federasiyasında olarkən 2 dəfə oğlu Namiqin telefonu vasitəsilə əlaqə saxlamış və ona yaxşı olduğunu bildirmişdir. Bundan sonra İddiaçı görməmişəm. Mərhum həmişə onunla əlaqə saxlayırdı. Namiqə anasının məhkəməyə müraciət etməsi barədə məlumat verəndə məhkəmə barədə məlumatı olmadığını bildirmişdir. Anasının hazırda bacısının yanında olduğunu bildirmişdir. Mərhum İddiaçı kommunal ödənişlər alınmırdı. Mənzildə mərhumun nəvəsi Azər yaşayan zaman kommunal ödənişləri ödəyirdi. Sözügedən mənzildə Azər təxminən 1 il yaxın yaşamışdır. Azər yoldaşı ilə getmədiyi üçün hər gün polis gəlib-gedirdi. İddiaçı mənzil almağa imkanı yox idi, deyilənə görə mərhum dilənçilik edirdi. Lakin şəxsən mərhumun dilənçilik etməsini görməmişdir. Lakin çox adam mərhumun dilənçilik etməsini bilirdi. Mərhum hətta sahə inspektorundan, avtobus sürücülərindən sədəqə alırdı. Bu barədə təxminən 4-5 il əvvəl bilmişdir. Mərhum sözügedən mənzili alan zaman başqa torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satıb pulu ödəyəcəyini bildirmişdir.

10. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. Cavabdeh2 məhkəməyə ünvanladığı ərizəsində göstərir: Sank-Peterburq şəhərində yaşayır. Anası X1 il 2023-cü ildə yaz aylarında onun yanına gəlib. Gəlməmişdən qabaq telefonda çox danışmışlar. Yalan olmasın gündə bəlkə 10 dəfə anası ona zəng edirdi. Hər dəfə zəng edəndə soruşmuşdur ki, ana necəsən? Həmin vaxtlar da, anasının ayaq üstə gəzən vaxtları idi. Ona deyirdi ki, “Bala bir gün yeyirəm, üç gün ac qalıram” Anasına həmin vaxtlarda tez-tez deyirdi ki, götür geyindiyin paltarları, hansıları ki, sənə lazım olanlardı, gəl oğlunun yanına. Anası ona cavab verirdi ki, “qoy məhkəmələr qurtarsın gələrəm inşallah sənin yanına”. Anasının iki evi var, bu evlər bir-birinə çox yaxındır. Onlardan biri onundur, evi anası onun puluna almışdır. O biri evdən isə onun xəbəri yoxdur. Bilir ki, onun doğma bacısı X12, onun oğlu Azər o evdə qalır. Onu da, bilir ki, ev anasının adınadır. Bildiyinə görə, bacısı İradə anasını aldadıb, evi adına keçirib ki, anasına baxacaq. Çox təəssüflər olsun ki, anasına baxmamışdır. Bunu sonralar bilmişdir. Anası ona demişdir ki, İradə və Azər onu vurublar. Nə qədər anası Bakıda olub, çox şeyi gizlədirdi. Bura gələn kimi, çox-çox başına gələn hadisələri ona danışdı. İradə anasını evdən qovduğu vaxtlar olub. Anası parkda yatıb, polislər ona zəng edib, bu hadisələrlə bağlı. Hər dəfə ona bura gəlməsini desə də, öz dediyini özü eşitmişdir. Onu da, demək istəyir ki, anası 2023-cü ilin aprel ayının axırları, ona dedi ki, “ay bala almışam bilet gəlirəm”. Onu bilir ki, axşam reysi idi, anasının qabağına özü çıxıb. Sevindiyindən gözləri yaşarmışdır. Anasını qucaqlayıb, öpəndə, ondan pis qoxu gəlirdi. Əl dırnaqları da, baxımsız olmuşdur. Sonradan bilmişdir ki, təyyarədə anasının oturduğu yerdə heç bir sərnişin oturmayıb. Bunu ona bir qadın demişdir. Anasını evə aparana kimi, anası ona iki ildir su görmədiyini demişdir. Onu təmizləyib, əynindəki paltarları atandan sonra, onu necə lazımdır geyindirmişdir. Bir gün mart ayında 2023-cü ildə, 9-10 mart tarixlərində, gecə saat 2-3 radələrində ona zəng edən bir kişi, “sizin bacınız gəlib, sizinlə danışmaq istədiyini“ demişdir. Telefondakı şəxsə “mən onu çağırmamışam, mənə belə qonaq lazım deyil” demişdir. Bir gün sonra gecə saat 2-3 radələrində yaşadıqları evin qapısı polis əməkdaşları tərəfindən döyülmüşdür. Qapını açanda, heç bir söz soruşmadan 5-6 nəfər içəri girmiş, onların ardınca isə İradə gəlmişdir. İradə onlara deyib ki, guya o, anasını girov götürüb. Hətta polislər də, buna təəccübləndilər. Gördülər ki, anasına təmiz şəraitdə baxılır. Bunu görən polislər, ona sual vermədən çıxıb getdilər. İradə də, onlarla getmişdir. Pəncərədən baxanda görmüşdür ki, polislər getsə də, İradə getməmişdir. 3 gündən sonra bacısına zəng edib, harada olduğunu soruşmuşdur. Dedi ki, 3 gündür metronun yanında yatır. Gedib, bacısını evinə gətirmişdir. O, evdə olmayan vaxtı, anasının dolduruşa gətirmişdir. Anası isə bacısına qardaşını gözləməsini bildirmişdir. İradə ilə üzbəüz oturanda ona and içərək, dedi ki, “qardaş iki balamın ölmüşünə anamı ver baxacam” Bunun müqabilində elə bilmişdir ki, bacısı düz deyir. Hətta deyirdi ki, sən kişisən anasını niyə görə yuduzdurmalısan. İradədən “bəs sən bir ildən çoxdur maraqlanmırsan ana ilə? Soruşmuşdur. İradə demişdir ki, oğlu Azər bilet alıb, martın 15-i tarixinə. Mart ayının 15-i axşam reysi ilə onları yola salmışdır. İnanın ki, elə bil ona dedilər ki, Namiq sən nahaq eləyib, ananı bacına verdin. Mart ayının 19-na bilet alıb, Novruz bayramını anası ilə keçirəcəyinə sevinmişdir. Təyyarədən düşən kimi, bacısına zəng etmişdir. Onun səsini eşidən kimi, telefonu məşğula basmışdır. Təkrar zəng edəndə, onu nalayiq ifadələrlə təhqir etmişdir. İradənin vəkili ona zəng etmiş, səs yazılarını ona göndərmişdir. İradə onların Şirvan şəhərində olan ata evlərini satıb, 3 maşın almışdır Bu məlumatı ona anası vermişdir. Onu da, deyir ki, bacısı yalan danışır. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ev 10 ünvanında 117 saylı mənzil onun evidir. Komendant Natiq bunu gözəl bilir. Evin yaxınlığında başqa evdə var. O ev anasınındır. İradə istəyir ki, evi anasından alsın.

12. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, tibb bacısıdır, mərhum Durna xanım Durna Rusiya Federasiyasından gələndən sonra ona tibb bacısı kimi özü xidmət etmişdir. Hər dəfə Durnaya iynə vurarkən ona və qızına oğlu Namiq tərəfindən şiddətə və işgəncələrə məruz qaldığını, döyüldüyünü, əl, qolunun, hətta ağzının bağlandığını, ac saxlanıldığını, telefonunun əlindən alındığını bildirir, Namiqə qarğışlar edirdi. Mərhumun kürək, qol, ayağının topuq və başqa nayihələrində göy və qara izlər, eyni zamanda qançır izləri var idi. Durna xanım oğlu Namiq tərəfindən aldadıldığını bildirirdi. Belə ki, mərhum Durna xanım oğlu Namiqin ona Rusiya Federasiyasına getməsini, ona orada baxacağını, mübahisəli mənzili adına keçirməsini bildirmişdir. Məhz mərhumda bu səbəbdən oğlunun yanına getmişdir. Bu barədə mərhuma iynə vurarkən danışırdı. Lakin mərhum mənzili Namiqin adına keçirdəndən sonra ona Rusiya Federasiyasında işgəncə verdiyini, daha sonra Bakı şəhərində qocalar evinə qoymuşdur. Bundan başqa mərhumun deməsinə görə oğlu Namiq Rusiya Federasiyasında qoca şəxsləri öldürərək, evlərini öz adına keçirdiyini bildirirdi. Mərhumu Xırdalan şəhərində yerləşən evində müalicə etmişdir. Mübahisəli mənzildə olmamışdır. Mərhuma baralgin və digər ağrı kəsicilər vurmuşdur. Mərhum Rusiya Federasiyasından gələndə xərəklə İradə xanımın evinə qaldırmışlar, İradə xanım onu çağırdığından, həmin zaman o da, evdə olmuşdur. İradə xanım mərhumu həkimə aparmışdır. Həkimlərin yazdığı resepti görmüşdür. Mərhumun ağlı, dərketməsi yerində olmuşdur.

13. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, İradə xanımla qonşudur. Onunla öz evlərinə gediş-gəlişləri olub. İradə xanım mərhuma öz uşağı kimi baxırdı. Mərhum Durna xanımı 2019-cu ildən İradə xanımın yanında qaldığını görmüşdür. Mərhumun deməsinə görə oğlunun yanına müalicə olunmaq üçün getmiş, Rusiya Federasiyasından gələndən sonra oğlu Namiq tərəfindən işgəncələrə məruz qaldığını, döyüldüyünü, ac-susuz və qaranlıq otaqda saxlanıldığını, Durna xanım oğlu tərəfindən aldadıldığını bildirirdi. Durna xanımın Rusiya Federasiyasına getməmişdən əvvəl səhhəti sağlam olmuşdur. Mərhumun üzündə, qolunda, ayağında göy izləri olmuş, həmin zədələrin oğlu tərəfindən vurulduğunu, ona və qayınanasına oğlu Namiq tərəfindən döyüldüyünü demişdir. Mərhum Durna xanım oğlu Namiq tərəfindən mənzilini almaq üçün ona işgəncə verildiyini bildirmişdir. Mərhum özü şəxsən həyətə düşən zaman Binəqədi rayonunda mənzili olduğunu demişdir. Azər İradə xanımın oğludur, onu tanıyır. Azər İradə xanımın Xırdalan şəhərində yerləşən evində yaşayır. Durna xanımı tanıdığı vaxtdan Xırdalan şəhərində yaşadığını görmüşdür.

14. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında bildirmişdir ki, İradə xanımla 5 ildir ki, qonşudur. Bir- birlərinin evinə gediş-gəlişləri olub. İradə xanım anasına çox yaxşı baxmışdır. Mərhum Durna xanım daimi olaraq İradə xanımın evində qalmış, Durna xanımın mənzilinin olub-olmadığını eşitməmiş, lakin İradə xanım başqa mənzilinin olduğunu bilmişdir. İradə xanımın deməsinə görə oğlunun yanına müalicə olunmaq üçün getmişdir. Hətta İradə xanım nahaq yerə anasının getdiyini bildirmişdir. Mərhum Durna xanım Rusiya Federasiyasından gələndən sonra oğlu Namiq tərəfindən işgəncələrə məruz qaldığını, döyüldüyünü, ac-susuz və qaranlıq otaqda saxlanıldığını bildirmişdir. Mərhum Durna xanım oğlu Namiq tərəfindən öldürüləcəyindən qorxaraq, mənzili onun adına keçirməsini, oğlu tərəfindən aldadıldığını bildirmişdir. Azəri tanıyır, lakin Azərin hansı vaxtdan Xırdalan şəhərində anasının yanında yaşamasını bilmir. İradə xanımın mərhum anası ilə telefon danışığının şahidi olmuşdur. Belə ki, mərhum Durna xanım oğlu Namiq tərəfindən döyüldüyünü, onu Bakı şəhərinə gətirməsini deyirdi. İradə xanım birinci anası gətirmək üçün Rusiyaya getsə də, gətirə bilməmişdir. Lakin ikinci dəfə anasını gətirmişdir. İradə xanımın anası gətirəndə əziyyət çəkməsini, çöllərdə qalmasını mərhum şəxsən özü ona demişdir. Mərhumun bədəni qap-qara olmuşdur. Mərhum mənzilin Namiqin adına keçirilməsi üçün Namiq tərəfindən döyüldüyünü özü demişdir. Təxminən 4 ay mərhumu İradənin evində görməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

15. АЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1970-ci il tarixində Əlibayramlı rayonunda doğulmuş, atası Qabil Əliyev anası İddiaçıdır.

16. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanan xx.xx.2004-cü il tarixli, 203 saylı Kooperativ Mənzil Tikinti haqqında müqavilənin surətindən görünür ki, kooperativ payçıların hesabına inşa ediləcək yaşayış binasının, 3-cü giriş, 3-cü mərtəbəsində, 1 otaqdan ibarət, ümumi sahəsi 48,6 kv.m olan mənzili payçı İddiaçı təklif edir, payçı isə müqavilə üzrə müəyyən edilmiş məbləğ üzrə ödəniş edir.

17. Cavabdeh1 MTK tərəfindən verilən arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 1300-cü keçid, Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasında 3/3/5 otaqlı mənzilə üzv olub və mənzilin dəyərini tam ödəyib.

18. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6012/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 5miş, yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzilə Azər Zeynalovun müqaviləsi ləğv edilmiş, həmin mənzil İddiaçı adına rəsmiləşdirilmişdir.

19. Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 429603 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2024cü il tarixində ürək dayanmasından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixində 505 № ilə qeyd edilmişdir.

20. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli, 203 saylı Kooperativ Mənzil Tikinti haqqında müqavilənin surətindən görünür ki, kooperativə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ev 10 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək binasının 3-cü giriş, 3-cü mərtəbəsində 117 saylı, 1 otaqdan ibarət mənzili payçı İddiaçı təklif edir, payçı mənzili qəbul etməyi, mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götür.

21. Cavabdeh1 MTK tərəfindən verilən maliyyə arayışından görünür ki, İddiaçı ünvan 5ən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində 117 saylı, 1 otaqdan ibarət mənzilin dəyərini tam ödəyib.

22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmətlər Müəssisəsi X20 tərəfindən Vəkil ünvanlanan məktubda göstərilir: İddiaçı Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə xx.xx.2023-cü il tarixində oğlu Cavabdeh2 tərəfindən gətirilmişdir. Müəssisəyə təhvil verilərkən İddiaçı xəsarət alması və ya fiziki təsirlərə məruz qalması barədə qeydlərə rast gəlinmədi. xx.xx.2023-cü il tarixində Cavabdeh2 müəssisəyə ərizə ilə müraciət edərək, anası İddiaçı birdəfəlik olaraq, aparmışdır.

23. İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, A.Məmmədov küçəsi, ev 10 ünvanında 3-cü giriş, 3-cü mərtəbədə 117 saylı, bir otaqlı 48,6 kv.m sahəsi olan mənzilin oğlu Cavabdeh2 Qabil oğlunun adına pay haqqının və müqavilənin rəsmiləşdirilməsini xahiş etmişdir.

24. Yayla” MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 203 saylı Kooperativ Mənzil Tikinti haqqında müqavilənin surətindən görünür ki, kooperativə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ev 10 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək binasının 3-cü giriş, 3-cü mərtəbəsində 117 saylı, 1 otaqdan ibarət mənzili payçı Cavabdeh2 təklif edir, payçı mənzili qəbul etməyi, mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götür.

25. Cavabdeh1 MTK tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh2 ünvan 5ən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində 117 saylı, 1 otaqdan ibarət mənzilin dəyərini tam ödəyib.

26. X3 ilə alıcı İddiaçı arasında bağlanan daşınmaz əmlakın alğı-satqısı haqqında AN-İ seriyalı, ******* saylı müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Cəbiyev küçəsindəki 3 saylı evin, 32 saylı mənzilinin yaşayış sahəsi 27,67 kv.m, ümumi sahəsi 41,27 km-dən ibarət iki otağı alıcının mülkiyyətinə verir.

27. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qediyyatı idarəsi tərəfindən verilən ÖM seriyalı, 256446 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Cəbiyev küçəsindəki 3 saylı evin, 32 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.

28. Satıcı "xxxx" MMC ilə alıcı X12 arasında bağlanan xx.xx.2021-ci il tarixli mənzilin alğı-satqı müqaviləsindən görünür ki, MMC ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzili X9 56700 manat müqabilində satmışdır.

29. "xxxx" MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X12 tərəfindən ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilin dəyəri tam ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

30. xx.xx.2004-cü il tarixli, 203 saylı Kooperativ Mənzil Tikinti haqqında müqavilə əsasında İddiaçı Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ev 10 ünvanında payçıların hesabına tikiləcək binanın 3-cü giriş, 3cü mərtəbəsində 117 saylı, 1 otaqdan ibarət mənzil almışdır.

31. Həmin mənzilə dair müqavilə İddiaçı razılığı ilə nəvəsi Azər Əliyevin adına rəsmiləşdirilsə də, yaranmış ailə daxili mübahisələri məhkəmə qaydasında həll olunduqdan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6012/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 5miş, yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzilə Azər Zeynalovun müqaviləsi ləğv edilir, həmin mənzil İddiaçı adına yenidən rəsmiləşdirilir.

32. Sonuncu dəfə İddiaçı xx.xx.2023-cü il tarixli razılıq ərizəsi əsasında ünvan 5miş, yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzil xx.xx.2023-cü il tarixli, 203 saylı müqavilə ilə Cavabdeh2 adına rəsmiləşdirilir.

33. Daha sonra İddiaçı sağlığında xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu tərəfindən aldadılmaqla, mənzilin sonuncunun adına rəsmiləşdirilməsinə razılıq verdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı ölür. Məhkəmə iclaslarında onu prosessual hüquq varisi kimi qızı X12 əvəz edir.

34. İddiaçının prosessual hüquq varisi iddia edir ki, qardaşı anasını müalicə adı altında Rusiya Federasiyasına aparır və bundan sonra anası ilə onun ünsiyyətinə mane olur. Daha sonra isə qısa müddətlik anasını təhdid etmək üçün Azərbaycan Respublikasına gətirir və qocalar evinə yerləşdirir. Həmin ərəfədə mübahisəli mənzilin öz adına keçirilməsinə anasının razılığını alır və yenidən onu Rusiya Federasiyasına aparır. Anasının ona təkidlə israrından sonra qardaşının yanına gedərək, anasını Azərbaycan Respublikasına gətirməyə nail olur.

35. “Azemis” Elektron Məhkəmə sistemindən mərhumun sərhədkeçmə məlumatları soğulandıqda, onun xx.xx.2023-cü il tarixində Rusiyanın Sankt-Peterburq şəhərinə getdiyi, xx.xx.2023-cü il tarixində geri qayıtdığı, xx.xx.2023-cü il tarixindən eyni istiqamətdə ölkədən çıxış etdiyi və xx.xx.2024-cü il tarixindən ölkəyə qayıtdığı müəyyən edilir.

36. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmətlər Müəssisəsi X20 tərəfindən İddiaçı Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə xx.xx.2023-cü il tarixində oğlu Cavabdeh2 tərəfindən gətirilmiş olması, xx.xx.2023-cü il tarixində Cavabdeh2 tərəfindən birdəfəlik olaraq, aparılması öz təsdiqini tapır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;

39. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir;

40. 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

41. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;

42. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

43. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

45. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

46. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

47. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

48. 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

49. 666.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

50. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

51. İddiaçı sağlığında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu tərəfindən aldadıldığını bildirmiş, iddiaçının prosessual hüquq varisi anasının (iddiaçının) oğlundan gördüyü şiddətdən və psixoloji təsirdən qorxu altında sərbəst iradəsi olmadan mənzilin oğlunun adına rəsmiləşdirilməsinə icazə verdiyini, iddiaçının, daha sonra onun prosessual hüquqi varisinin nümayəndəsi, vəkil isə bunlarla yanaşı Kooperativin rəsmiləşdirməni bu formada aparmasının qanunsuz olduğunu iddia edir.

52. Göstərilənlərlə bağlı məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış aşağıdakı hüquqi mövqelərə nəzərə yetirilməsini zəruri hesab edir.

53. Əqdin etibarlılığı dedikdə onun arzu olunan hüquqi nəticəyə səbəb olması başa düşülür. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Yəni əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

54. Nəticə etibarı ilə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:1) əqdin subyekt tərkibinə dair şərtlər; 2) əqdin məzmununa dair şərtlər; 3) əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; 4) əqdin formasına dair şərtlər.

55. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

56. T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilir:

57. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

58. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

59. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

60. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ünvan 4 ünvanda yerləşən mənzilin pay haqqını tam ödəməklə mülkiyyətçisi olmuşdur. Belə ki, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən kooperativin üzvü kooperativin verdiyi mənzil üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirdi. İddiaçı mənzilin X7 adına pay haqqı və müqavilənin rəsmiləşdirilməsinə dair ərizənin və "xxxx"MTK ilə Cavabdeh2 arasında bağlanmış 203 nomrəli 09 oktyabr 2023-cü il tarixli mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçı kooperativ binada pay haqqını ödədiyi mənzilin oğluna bağışlanması ilə bağlı hüquqi nəticənin etibarsızlığını arzu edir. Hansı ki, həmin hüquqi nəticəni əldə etmək üçün iddiaçı Kooperativə ərizə ilə müraciət etmiş və MTK ilə iddiaçının oğlu arasında müqavilə bağlanmışdır. Bu məqamda məhkəmə iddiaçının nümayəndəsinin mülahizələri ilə razılaşmayaraq qeyd edir ki, qeyd edilən ərizənin mətni iddiaçı tərəfindən yazılmasa da, imzanın həqiqiliyi şübhə doğursa da, lakin tədqiq edilmiş video görüntüdə iddiaçının iradə ifadəsinin mövcudluğu aşkardır. Bundan əlavə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan Kooperativ binada olan mənzillərin alqı-satqısının, bağışlanmasının notarial qaydada rəsmiləşdirilməsi mümkün olmadığından, həmin mənzillərin özgəninkiləşdirilməsinin bu formada rəsmiləşdirilməsi, yəni ərizə yazılması və yeni müqavilənin bağlanması qəbul olunmuş işgüzar adətlərə uyğundur.

61. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının pay haqqını ödədiyi və mülkiyyətində olan mənzilin oğlunun adına rəsmiləşdirilməsi ilə bağlı iradə ifadəsi zədəli olmuşdur. Belə ki, cavabdehin müalicə adı ilə iddiaçını Rusiya Federasiyasına aparması (hansı ki, cavabdeh N.İsmayılov məhkəməyə göndərdiyi etirazında bu barədə heçnə yazmamış, hər hansı sənəd təqdim etməmişdir), 2023-cü ilin sentyabr ayında ölkəyə qayıdaraq iddiaçını xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qocalar evinə yerləşdirməsi(hansı ki, iddiaçının öz evi var idi və etirazında da bu barədə heçnə bildirməmişdir), bundan dərhal sonra mənzilin öz adına rəsmiləşdirilməsi ilə bağlı hərəkətlər etməsi, daha sonra yenidən Rusiya Federasiyasına aparması, 2024-cü ilin mart ayında qızının təkidi ilə (Rusiyada Polisə müraciət etmişdir) iddiaçının ölkəyə qayıtması, qayıtdıqdan sonra şahidlərin iddiaçının səhhəti və verdiyi məlumatlarla bağlı ifadələri, qayıtdıqdan sonra dərhal məhkəməyə iddia verməsi onun iradə ifadəsinin zədəli olduğu, yəni əqd bağlanması üçün aldadıldığı və əqd bağlamağa məcbur edildiyi qənaəti yaratmışdır. Çünki cavabdeh bilirdi ki, xoş niyyət, qayğı göstərərək onu müalicə adı ilə ölkədən apara bilər, qızının və ya digər qohumlarının yanında olmadan təsir edə bilər, onu qocalar evində saxlayaraq əqd bağlamağa məcbur edə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, arzu olunan hüquqi nəticə baxımından iddia əsaslıdır. Yəni ərizənin və MTK ilə Cavabdeh2 arasında bağlanan müqavilənin etibarsızlığı, mahiyyət etibarı ilə bağışlama müqaviləsinin etibarsızlığı hüquqi nəticəsinin həyata keçirilmə forması kimi qiymətləndirilməlidir. Tətbiq edilən prosessual normalar:

62. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

63. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

64. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

66. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “mənzilin alqı-satqısı müqaviləsinin etibarsızlığına” dair iddiası təmin edilməli, İddiaçı adından Cavabdeh1 MTK-ya ünvanlanan ünvan 5miş, yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzilin oğlu Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə və həmin ərizə əsasında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 203 saylı Kooperativ Mənzil Tikinti haqqında müqavilə etibarsız hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı adından Cavabdeh1 MTK-ya ünvanlanan ünvan 5miş, yaşayış binasının 3cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzilin oğlu Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə və həmin ərizə əsasında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 203 saylı Kooperativ Mənzil Tikinti haqqında müqavilə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar