Məhkəmə qərarları › İş №2(001)-2350/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2350/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2350/2024 22.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BRQSD-i tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 mart 2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış 345.6 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda təbii qazdan istifadəyə görə əvvəlcədən ödənişli(smart tipli) G-4 1202AQ**********3 sayğac üzrə abonent kodu **********01180 ödənişləri əvvəlcədən tam və vaxtında ödənişini aparırdı. İndiyədək istifadə etdiyi təbii qaza görə borcu olmamışdır və tərəfindən qaz sayğacına heç bir zaman müdaxilə olunmayıb. X1 Bakı X2 Departamenti tərəfindən 30 mart 2018-ci ildə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 001831 nömrəli AKT tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən AKT tərtib olunduqda abonentə yaxud ailə üzvlərinə mütləq şəkildə xəbərdarlıq edilməli və AKT-a imza atdırılmalıdır. xx.xx.2023-cü ildə onlara məxsus olan mənzilin giriş qapısında bildiriş qəbzi qoyulub və bu zaman ona məlum olmuşdur ki, guya xx.xx.2018-ci ildə yoxlama zamanı yuxarıda qeyd olunan qayda pozuntusu aşkar edilərək cərimə yazılmışdır. Lakin tam məsuliyyəti ilə və qəti əminliklə bildirir ki, onun bunda heç bir təqsiri yoxdur. Həmçinin qaz sayğacı mənzilin çölündə yerləşir və güman edir ki, Azəriqazın əməkdaşları cərimə yazmaq məqsədilə qəsdən plombu qıraraq qanuna zidd hərəkətlərə yol verə bilərlər. Belə hallar qonşularında qaz sayğacına vurulmuş plombun eyni üsulla qırılması onda şübhə yaradır. Araşdırdıqda məlum olur ki, əsassız olaraq ona 345.6 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. xx.xx.2023-cü ildə onlara xəbərdarlıq edilmədən smart tipli qaz sayğacı sökülərək mexaniki qaz sayğacı ilə əvəz olunmuşdur. Bu halda da qanunvericiliyin tələbinə uyğun olaraq abonentə yaxud ailə azvlərinə mütləq məlumat verilməli və AKT tərtib edilərək imzalatdırılmalıdır. Onlar tərəfindən haqlı sualar yaranır 1) nə üçün xx.xx.2018-ci ildə smart tipli sayğacın plombunun qırılması aşkar olunduğu zaman AKT tərtib olunan, abonentə məumat verilməyib və akt-a imza atdırılmayıb, 2) əgər bu qayda pozuntusu olmuşdursa niyə görə 5 ildən sonra smart qaz sayğacı mexaniki sayğacla əvəz olunduqdan sonra aşkarlanıb, 3) əvəz olunmuş sayğac nə üçün laborator müayinəsinə verilməyib və cavabı abonentə təqdim edilməyib, 4) Əgər abonent qazın dəyərini qabaqcadan ödəyirsə hansı maraqdan plombu qırmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qazdan istifadə ilə bağlı ödənişlərindən 52 manat borca çıxmışlar, sayğaca müdaxilə etməmişdir, sayğacın plombunu qırmamışdır, lakin ona əsassız olaraq borc hesablanmışdır, o qazdan istifadəyə görə indi də ayda 5 manat ödəyir, evdə dördgöz piltə və kalonkadan istifadə edir,mənzildə kombi yoxdur, sayğacın üzərində hər hansı qutu yoxdur.

4. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməsə də, elektron qaydada iddianı qəbul etmədikləri barədə ərizə təqdim etmiş və mübahisə ilə bağlı sənədlər göndərmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

5. ünvan 3 ünvanında yerləşən mənzilə təbii qazın verilməsi və alqı-satqısı ilə bağlı Cavabdeh ilə İddiaçı arasında müqavilə (abonent kodu: **********01180) münasibətləri vardır.

6. xx.xx.2018-ci il tarixli, 001831 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-da görünür ki, birliyin nümayəndələri tərəfindən 29(27).03.2018ci il tarixdə istehlakçıya məxsus yaşayış sahəsində yerləşən sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın flyans birləşməsində plombun qırıq olduğu aşkar edilmişdir. Həmin aktın istehlakçı tərəfindən imzalanmasından imtina edildiyi göstərilmişdir. Həmin qüsura görə Cavabdeh Bakı X2 Depatamentinin rəisi tərəfindən 30 mart 2018-ci il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda itirilmiş qazın bərpası üçün tələb olaraq, qaz işlədicilərindən PQ;-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 kum.m/saat orta günlük iş rejimi 8 saat və hesabat meddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 1728 kub.m olduğu göstərilmişdir. Bunun əsasında abonentə 345.6 manat akta görə borc hesablanmışdır. Hansı ki, abonentin Gasrep çıxarışından görünür ki, həmin 345.6 manat borc abonentə 2018-ci ilin 6-cı ayında yazılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

7. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh tərəfindən istehlakçının qaz sayğacının flyans birləşməsində plombun qırıq olduğuna görə itirilmiş qazın əvəzi qismində borc hesablanmışdır. Lakin iddiaçı sayğaca hər hansı müdaxilə etmədiyini və hesablanmış borcun əsassız olduğunu bildirir.

8. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:

9. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixədək olan dəyişikliyə əsasən):

11. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

12. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

13. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

14. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

15. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.(xx.xx.2023-cü il tarixli dəyişikliklə)

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

22. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

23. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən abonentə hesablanmış 345.6 manat məbləğində borc əsassızdır və silinməlidir.

24. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi sayğac üzərində olan plomb sayğacın işlək vəziyyətdə olduğunu təsdiq etmək üçün nəzərdə tutulub və sayğaca hər hansı kənar müdaxilənin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bununla belə qaz sayğacında plombun qırılması 2 hüquqi nəticə doğura bilər. Birincisi plombun qırılması onun işlək vəziyyətdə olmadığı nəticəsini yaratdığından təmirini və ya dəyişdirilməsini şərtləndirir və buna görə də təmirə(və ya evəzetmə) görə vəsaitin kimdən alınması məsələsi ortaya çıxır. Bu halda həlledici məqam plombun qırılmasında istehlakçının təqsirinin olub-olmadığının sübut edilməsidir. İkincisi isə plombun qırılması qazın talanması məqsədi ilə edildiyi zaman itirilmiş qazın bərpası ilə bağlı məsuliyyət məsələsidir. Bu halda da təqsir məsələsi həlledici rol oynayır. Hazırki mübahisədə isə qaz paylayıcı istehlakçıya itirilmiş qazın dəyəri kimi borc hesabladığından o qənaət yaranır ki, qaz paylayıcı istehlakçının qazı talamaq məqsədilə plombu qırdığından əmindir və bu səbəbdən ona itirilmiş qazın həcminə görə borc hesablamışdır. Lakin işin hallarından müəyyən edilir ki, qaz paylayıcı abonentin sayğacına baxış keçirən zaman nə abonentin iştirakını təmin etmiş, nə tərtib etdiyi AKT-la abonenti tanış etmiş, nə də hüquqa zidd əməlin nəticəsinə uyğun olaraq qanuna uyğun tədbir görmüşdür. Bundan başqa abonentin qasrepdən çıxarış məlumatlarından da göründüyü kimi 30 mart 2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulmasını aşkar etmiş qaz paylayıcı borcu 2018-ci ilin 6-cı ayında abonentə hesablamışdır. Həmin hallar qaz paylayıcının sübutetmə ilə bağlı etdiyi hərəkətlərin həqiqiliyini şübhə altına alır. Hansı ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Halbuki, qaz paylayıcının oxşar məsələlərlə bağlı məhkəmə mübahisələrindən, sübutetmə ilə bağlı vəzifəsindən məlumatlı olması aşkardır, buna baxmayaraq faktların mövcudluğunu təqzib edilməyən ehtimallarla sübut edə bilmir. Bu səbəbdən qaz paylayıcının abonentə əsaslı səbəbə görə borc hesabladığı istisna edilməlidir.

25. Məhkəmə iddianı ona görə qismən əsaslı hesab etmişdir ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması barədə AKT” yalnız faktın təsdiqi ilə bağlı sübutetmə rolunu oynayan yazılı sənəddir və onun məhkəmə aktı ilə qüvvədən salınması hər hansı hüquqi nəticə doğurmur. Tətbiq edilən prosessual normalar

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

29. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

30. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

32. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

33. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

35. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 345.6 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********01180) silinməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 345.6 (üç yüz qırx beş manat, altmış qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********01180) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar