Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-24/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socar-ın “Neft Kəmərləri” İdarəsinin balansında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km-də mühafizə zonasında kəmərdən 24 metr aralıda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Cavabdeh məxsus tikintini cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km-də, kəmərdən 24 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Cavabdeh tərəfindən kəmərin mühafizə zonasında qanunsuz tikinti inşa edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. SOCARın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km-də, kəmərdən 24 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Cavabdeh məxsus tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatlarında 1999-cu ildən həmin ünvanda ev inşa edərək oraya köçdüyünü, son dövrlərdə həyətdə oğlu üçün ikinci ev inşa etməyə başladığını, bundan sonra iddiaçının nümayəndələri tərəfindən tikintiyə icaz verilmədiyini, həmin evin artıq tam hazır olduğunu, evdə gəlini və nəvələrinin yaşadığını, oğlunun hazırda Qarabağ bölgəsində hərbi xidmətdə olduğunu bildirmişdir. Bundan başqa cavabdeh iddiaçının hansı səbəbdən birinci tikilən evə qarşı deyil, sonradan tikintiyə başladığım eyni həyətin içində olan evin söküntüsünə dair iddia qaldırmalarının ona aydın olmadığını bildirmişdir. Halbuki ikinci tikilən ev, əvvəl tikilən evə münasibətdə qeyd edilən qaz xəttinə daha uzaqdır. Qeyd edilən qaz xətti birinci tikilən evin sağ tərəfində onun hasarının çöldən yaxınında yerləşir. Qaz xətti yerin altından keçir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş SOCAR NKİ-nin X3 nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, əraziyə 17.07.2018-ci il tarixdə baxış keçirilərkən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Binəqədi-Bakı Dş- 200 magistral neft kəmərinin 4.5-ci km-də, kəmərdən 24 metr aralı məsafədə yeni tikilmiş yaşayış evinin dam örtüyünün vurulması işlərinin aparılması aşkar olunmuşdur. Ev sahibinə yazılı xəbərdarlıq olunmasına baxmayaraq tikinti işləri davam etdirilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km-də, kəmərdən 24 metr aralı məsafədə Cavabdeh tərəfindən tikili inşa edilmişdir. İddiaçı həmin tikilinin mühafizə zolağına düşdüyünə görə sökülməsini tələb edir. Cavabdeh tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində aparılan tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Mübahisəli evi özbaşına tikilidir və eyni zamanda Binəqədi-Bakı DŞ-200 magistral neft kəmərinin mühafizə zonasında yerləşir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Torpaq Məcəlləsinin 22.2-ci, 111-ci maddələrinə, AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” qaydalarına, Azərbaycan Respublikasının Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanına və Mülki Məcəllənin 180-ci maddəsinə istinad edir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə ilk öncə iddiaçının belə bir tələblə cavabdehə qarşı iddia qaldırmaq barədə subyektiv hüququnun olub-olmadığını müəyyən etməlidir. İddiaçı isə cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olduğunu Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından əsaslandırır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 03.01.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndində qeyd olunmuşdur ki, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1.-ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi- Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 1.2. İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. 4.1.İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2. "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinin məzmununa görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; bu Məcəllənin 92.4.2, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə sökülür. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə, bu Məcəllənin 95.1.1 və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektlərinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiq haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.10-cu bəndinə görə, həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində 80.5-ci, 82.1-ci (ikinci halda) 82.2-ci (ikinci halda) 92.1-ci maddəsində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində 92.8-ci maddəsinin birinci (hər iki halda) ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində, 94.2-ci maddəsinin birinci cümləsində 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qeyd edilən maddi hüquq normalarının məzmununa görə 1 yanvar 2013-cü ildən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, başa çatmamış tikinti obyektlərinin sökülməsi barədə müstəqil qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəməyə müraciət edilməsi kimi səlahiyyətlərin icrası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir ki, dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə iddiaların qaldırılmasına dair iddialar dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı kimi məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, müvafiq iddia tələbi ilə verilmiş səlahiyyətləri icrası həvalə edilmiş Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuş, o, həmin hüququn realizəsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və həmin hüququn realizəsinin bilavasitə təmin edilməsi üçün hazırki iddiaçıya həvalə etməmişdir. Məhkəmə iddiaçıdan müvafiq mühafizə zolağında tikinti işlərinin aparılması barədə razılığın tələb edilməli olması barədə mövqeyi ilə razılaşmasına baxmayaraq, hesab edir ki, iddiaçının artıq tikintisi başa çatmış evin sökülməsini Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tələb etməsi üçün subyektiv hüququ yoxdur, bu hüquq müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Belə ki, iddiaçı müvafiq icazə alınmadan mühafizə zolağında tikinti işlərinin aparılmasını müəyyən etdiyi zaman bununla bağlı müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və sonuncu öz səlahiyyətləri çərçivəsində tədbir görməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-24/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-24/2021
31.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver