Məhkəmə qərarları › İş №2(001)-2402/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2402/2021

18.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2402/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə iddiaçı heç bir problem olmadan qazdan istifadə etmiş, xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Qaz İdarəsi tərəfindən sözügedən mənzilin sayğacı vaxtının bitməsi və tablonun sönməsi ilə əlaqədar dəyişdirilmişdir. Qeyd olunan nasazlıq iddiaçı tərəfindən təxminən 13-xx.xx.2018-ci il tarixində sayğaca qaz yükləyən zaman müəyyən edilmiş və dərhal axşam saatı olmasına baxmayaraq “185” çağrı mərkəzinə zəng olunaraq məlumat verilmişdir. İddiaçı yeni sayğacla təmin edilməsi ilə bağlı dəfələrlə "185’’ çağrı mərkəzinə müraciət etmiş, lakin balansda yeni sayğac olmadığından gecikmə olduğu bildirilmişdir. xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçı üç dəfə yeni qaz sayğacının kartına qaz yüklənməsi zamanı əldə etdiyi qəbzdə borca görə çıxılma müşahidə etmiş və birbaşa “185” çağrı mərkəzi ilə əlaqə yaratmışdır. Çağrı mərkəzinin vermiş olduğu məlumata əsasən xx.xx.2018-ci il tarixində yenilənmiş olan “köhnə sayğaca müdaxilə” adlı rəyə əsasən iddiaçıya 399.96 manat borc təyin edildiyi bildirilmişdir. Qeyd olunan borc barədə iddiaçıya iki il ərzində heç bir məlumat verilməmiş və əlavə olaraq sayğacın sazlığına Binəqədi rayon Qaz İdarəsinin əməkdaşları nəzərət etmiş və müvafiq səlahiyyətli nümayəndələr tərəfindən çıxarılmışdır. İddiaçı Binəqədi rayon qaz idarəsinə müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, laborotoriya rəyinə əsasən “Sayğaca müdaxilə” qeyd edilmişdir. Buna görə də, borc tutulması tapşırığı verilib. Sayğac mənzilin daxilində yox, binanın blokunda yerləşirdi və plombu yerində idi. Bundan əlavə laborotoriya rəyi 2019-cu ilin mart ayında tərtib edilmiş, o, isə yalnız 2020-ci ilin sonunda qaz yükləməsi zamanı borcun tutulmasını müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, ev 11, mənzil 13 xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, həmin aktla İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacda klapan işlək deyildir, qoruyucu hissənin gövdəyə kip bərkidilməməsi aktlaşdırılmışdır. İş materiallarında olan “Cavabdeh” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, abonent kodu **********00130 olan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yaranmış qaz itkisinin həcmi 3996 m3 təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan yerdə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunsa da, 20 manat məbləğində dövlət rüsumu ödəmiş və iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********00130) hesablanmış 399,96 (üç yüz doxsan doqquz manat doxsan altı qəpik) manat cərimə borcu silinsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar