Məhkəmə qərarları › İş №2(001)-2416/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2416/2023

08.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2416/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Quba rayonu Küsnətqazma kəndində yerləşən fərdi yaşayış evimdə olan 51079310 saylı qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən akt tərtib olunaraq, qanunsuz olaraq 578,40 manat cərimə yazılmışdır. Bu cərimə əsassızdır. Belə ki, idarənin əməkdaşları iddiaçınən məlumatı olmadan həmin ünvanda yerləşən fərdi yaşayış evində olan qaz sayğacına baxış keçirmiş və tərtib etdikləri aktda göstərmişlər ki, sayğaca qanunsuz müdaxilə olunmuş, sayğacın möhürü sındırılmış, sayğac yararsız vəziyyətə salınmışdır. İddiaçı və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamış, əksinə abonent saldosundan da göründüyü kimi iddiaçı hər ay istehlak etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı onun tərəfindən müdaxilə olunmadığını mübahisələndirdiyi Elster tipli G-4 markalı ******* №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” İddiaçı qeyd edilmişdir. Həmin aktı X1 heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəçilik götürmüşdür. Yuxarıda qeyd edilən sayğac abonentin həyətində qapalı yerdə quraşdırılmış, buna görə də kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyildir. Həmin sayğaca abonent İddiaçı iştirakı ilə Xaçmaz RQİİ-nin Quba rayonu üzrə qaz sayğaclarının qəbulu və istismarı xidmətinin işçiləri tərəfindən baxış keçirilmiş və sayğacın ekranının sol tərəfi müdaxiləyə şübhəli olduğu üçün xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. ******* №-li sayğac 24 yanvar 2022-ci il tarixdə Azərbaycan Metrologiya İnstitutunda Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilmiş, yoxlamanın nəticələrinə əsasən “5107931 saylı qaz sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var” və sayğac istismara yararsızdır rəyi verilmişdir. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasına əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Bu rəy əsasında abonent İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Sayğaca müdaxilə olunması qazdan istifadə qaydalarının pozulması kimi qiymətləndirilir. Qazpaylayıcı ilə məişət qaz qurğularından istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilənin 3.3 bəndinə uyğun olaraq istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı müdaxilə və ya digər qanunsuz istehlak hallarında, müvafiq normativ hüquqi akt qəbul edilənədək qazdan istifadə qaydalarının pozulmasına görə qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qazpaylayıcıya dəymiş ziyan ARDNŞ-nin Şurasının xx.xx.2011-ci il tarixli Qərarına uyğun hesablanaraq istehlakçı tərəfindən ödənilir. İddiaçı barədə həmin akta uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılanıq 4320 m3 və ya 518,40 manat məbləğində itirilmiş qazın bərpası üçün ziyan məbləği onun abonent koduna işlənilmişdir. Əyər qazpaylayıcı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Çünki, qaz sayğacına müdaxilə nəticəsində itirilmiş təbii qaz, yəni, sayğacdan keçmiş, lakin sayğac tərəfindən qeydə alınmamış təbii qaz abonentin evində, onun qaz işlədici cihazlarında sərf edilmişdir. Buna görə də, əgər qaz paylayıcısı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, müdaxilə nəticəsində qazpaylayıcıya dəymiş ziyan abonentdən tələb olunmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00010 olan İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzikcızıq izləri var. İş materiallarında olan Cavabdeh Xaçmaz X4 Departamentinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olmasına görə cəmi 4320 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonent kodu **********00010 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2021-ci il tarixdə Zenner G4T mexaniki qaz sayğacı quraşdırılmış və onun “qalıq və aktlar” üzrə 518,40 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində 578,40 manat borcun silinməsini xahiş etsə də, özünün məhkəməyə təqdim etdiyi abonentin saldosundan görünür ki, ona 578,40 manat deyil, 518,40 manat borc hesablanmışdır. Eyni zamanda iddiaçı iddia ərizəsində aktın etibarsız hesab edilməsini xahiş etsə də, ərizəni bu hissədə ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsiüçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Cavabdeh etirazda bir sıra xüsusatlara istinad etsə də, ərizəsinə hər hansı sübut əlavə etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00010) əsassız hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00010) əsassız hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar