Məhkəmə qərarları › İş №2(001)-242/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-242/2025

13.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-242/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən çıxarılma və digər hüquqlara xitam verilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən çıxarılma və digər hüquqlara xitam verilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində kompensasiya verilməsi yolu ilə ünvan 1 ünvanına olan hüquqlarına xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. X2 23 iyun 2007-ci il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuş və gəlin olaraq başqa bir evdə yaşamışlar və o ev satılmışdır. Lakin qeydiyyatları həmin evdə qalmışdır. 28 oktyabr 2009cu il tarixdə o, ünvan 1 ünvanını almışdır. Sonra fikirləşmişdir ki, yaşlı adamdır, gəlini evinə gətirsin və az da olsa ona da qulluq etsin. Əfsuslar olsun ki, nə onunla, nə də oğlu ilə yol getməmişdir. Belə ki, oğlu Namiq Səttar oğlu ilə yola getməmiş və nəticədə xx.xx.2024-cü il tarixdə 2(001)-244/2024 saylı qətnamə ilə nikah pozulmuşdur. Keçmiş gəlini nikah pozulduqdan sonra da onu öz evində rahat yaşamağa imkan və şərait yaratmadı. Tez-tez yersiz və əsassız mübahisələr yaratmaqla dava-dalaş salır. Yaşlı adamdır, gəlini öz evinə gətirmişdir ki, oğluna və ona qulluq edər, bir ailə kimi yaşayarlar. Amma Cavabdeh tam əksinə evdən onları qovmaq istəyir, hətta evi sataraq yarı pulunun ona çatacağını söyləyir. Hazırki vəziyyətdə və mövcud şəraitdə Cavabdeh ilə birlikdə fərdi yaşayış evində yaşamaları qeyri-mümkündür. Bununla yanaşı qeyd edir ki, belə olan halda hesab edir ki, cavabdehin fərdi yaşayış evinə köçürdüyü üçün kompensasiya verilməsi yolu ilə analogiya tətbiq evdən hüquqları itirilməklə çıxarılmalıdır. Daha sonra iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Möhvət qızına 40000 manat məbləğində kompensasiya verilməsi yolu ilə ünvan 1 ünvanından çıxarılması və hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir və təmin olunmasına etiraz etmir. O, bununla bağlı məhkəməyə ərizə də təqdim etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 500 kv.m torpaq saəsi Binəqədi RİH-nin memarlıq xdiməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X6 mülkiyyətinə verilmişdir (hər kv.m. üçün 2 manat, 24 qəpik ödəmək şərtilə). ƏN-İ seriyalı 132601 nömrəli xx.xx.2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, X1 Nanə Əli qızına Binəqədi rayon bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 155 №li qərarına əsasən ona məxsus olan Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 500 kv.m. torpaq sahəsindən 300 kv.m. torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2039-cu ilədək qüvvədədir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-244/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X10 arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsində bağlanmış, 675 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları – xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında saxlanılmaları, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023cü il tarixdən başlayaraq, cavabdeh X4 hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzili X5 48120 manata satmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə uyğun həmin ərazidə yerləşən analoji fərdi yaşayış evlərinə dair birja məlumatları, internet saytı məlumatları olmadığından, həmin fərdi yaşayış evinin qiymıtləndirilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən,yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Tre Traktöreer AB İsveçə qarşı (xx.xx.1989, A seriyası, c59, s21, .59) və Van Marle və başqaları Niderlanda qarşı (xx.xx.1986, A seriyası,c.101, s13,b.40) işlər üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsi ilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüququn sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın "hüquq" kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin "mülkiyyət hüququ" hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bu Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İş materiallarında olan ƏN-İ seriyalı 132601 nömrəli xx.xx.2009-cu il tarixli etibarnamənin surətindən də göründüyü kimi, X1 Nanə Əli qızına Binəqədi rayon bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 155 №li qərarına əsasən ona məxsus olan Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 500 kv.m. torpaq sahəsindən 300 kv.m. torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətləri etməyi etibar etmişdir. İddiaçının oğlu ilə cavabdeh xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və cavabdeh daha sonra qeyd olunan ünvanda iddiaçı ilə birlikdə yaşamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-244/2024 saylı qətnaməsi ilə cavabdeh ilə iddiaçının oğlu arasında olan nikah pozulmuş, lakin cavabdeh həmin vaxtdan iddiaçıya məxsus evdə yaşamağa davam etmişdir. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan yaşayış sahəsini zəbt etməklə iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneə yaradır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasları zamanı yalnız kompensasiya veriləcəyi halda evdən çıxmağa və həmin evdə istifadə hüquqlarına xitam verilməsinə razı olduğunu bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı tərəfindən 40000 manat məbləğində kompensasiya verilməklə, onun ünvan 1 ünvanına olan hüquqlarına xitam verilməli və evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 40000 (qırx min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh ünvan 1 ünvanına olan hüquqlarına xitam verilsin və evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar