Məhkəmə qərarları › İş №2(001)-2435/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2435/2024

29.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2435/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə 29 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh ASC tərəfindən təmiz suyun verilməsi və çirkli suyun axıdılması xidmətləri ilə təmin edilmişdir. Cavabdeh ASC tərəfindən iddiaçının yaşadığı evə aid **********000 saylı abonent kodu verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********000) Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 2905 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən ünvanda oğlu və qızı ilə birlikdə yaşayır, hər bir vətəndaş kimi həmişə sudan qənaətlə istifadə etmiş, bu xidmətlərə görə cavabdehə aylıq ortalama 24-45 manat borcu yaranmış, bütün ödənişləri vaxtında icra etmişdir. Lakin, 27 oktyabr 2023-cü il tarixli hesab-faktura məlumatlarında müəmmalı şəkildə borcun məbləği 2818 manat göstərilmiş, növbəti aydan isə borc məbləği yenidən əvvəlki kimi az miqdarda göstərilmişdir. 19 fevral 2024-cü il tarixə iddiaçının cavabdehə borcu 2905 manat təşkil edir. İddiaçı borcun əsassız olaraq hesablandığını, silinməsi xahişi ilə cavabdehə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi borcun 1 ay üzrə 2818 manat göstərilməsinə əsas olan halların araşdırılması ilə bağlı aidiyyəti şöbədən hər hansı məlumatın əldə edilmədiyini, hansı səbəbdən bu miqdarda borcun hesablandığını bilmədiyini qeyd etdi. İş materiallarında olan: - Hesab fakturadan görünür ki, iddiaçıya məxsus ünvan üzrə cavabdeh tərəfindən **********000 abonent kodu verilmişdir. - Habelə, hesab fakturalardan görünür ki, 2023-cü ilin yanvar ayından 22 dekabr tarixinədək iddiaçıya aylar üzrə müvafiq olaraq 24 manat, 4 manat, 24 manat, 29 manat, 14 manat, 23 manat, 20 manat, 37 manat, 27 oktyabr 2023-cü il tarixə 2781 manat, 04 noyabr 2023-cü il tarixə 153 manat, 22 dekabr 2023-cü il tarixə isə 19 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1 və 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüquqlarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır:

1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır;

2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır;

3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;

4. Bu sübutlar birlikdə dəyərləndirilməldir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni Cavabdeh ASC-nin üzərinə düşür. İş materiallarında olan hesab fakturalardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü il üzrə hesablanmış aylıq borc məbləğləri ilə müqayisədə 27 oktyabr 2023-cü il tarixə və 04 noyabr 2023-cü il tarixə hesablabmış borc məbləğləri nəzərə çarpacaq dərəcədə fərqlidir. Buna baxmayaraq, hazırki halda cavabdeh tərəfindən 27 oktyabr 2023-cü il tarixə iddiaçıya 2781 manat, 04 noyabr 2023-cü il tarixə isə 153 manat borcun hansı əsasla hesablanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yaranma səbəbləri müəyyən edilməyən borc məbləği ümumilikdə 2934 manat təşkil etsə də, iddiaçı öz tələbində hesablanmış 2905 manat borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 2905 manat borc məlbəği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (kod: **********000) hesablanmış 2905 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar