Məhkəmə qərarları › İş №2(001)-2441/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2441/2021

08.02.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2441/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müqavilənin ləğv edilməsi və vurulan ziyanının ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müqavilənin ləğv edilməsi və vurulan ziyanının ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında onun torpaq sahəsi ilə bağlı bağlanılmış müqavilənin ləğv edilməsi, vurulan 11.200 manat maddi ziyan və 30.000 manat mənəvi ziyan olmaqla, cəmi 41.200 manatın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında onun torpaq sahəsi ilə bağlı bağlanılmış müqavilənin ləğv edilməsi tələbi irəli sürülməsinə və iddia ərizəsinə qoşma kimi əlavə edilmiş sənədlər siyahısında qeyd edilən müqavilənin də göstərilməsinə baxmayaraq, həmin müqavilə iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilir. -150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin iddia ərizəsinə əlavə edilməsi zəruridir. Təsadüfi deyildir ki, qeyd olunan Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçının tələblərini əsaslandırdığı hallara dair sənədlər cavabdehə təqdim edilməklə, cavabdeh iddiaçının ona qarşı tələbini və tələbinin əsaslandığı halların konkret nədən ibarət olmasını bilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir; İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə müəyyən edilir ki, iddiaçı müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, lakin həmin müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehlərə müraciət etməsi barədə hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müqavilənin ləğv edilməsi və vurulan ziyanının ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar