Məhkəmə qərarları › İş №2(005)-149/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-149/2022

13.12.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-149/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı «müqavilənin ləğvi, pulun qaytarılması və vurulan zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı «müqavilənin ləğvi, pulun qaytarılması və vurulan zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanılmış müqavilənin ləğv olunması, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 təmir üzrə 65766 manat zərər məbləğinin, təmir işlərinin uzadılmasına görə hər günü 2% olmaqla 59 gün üzrə hər günü 464 manat olmaqla 27376 manat kompensasiya məbləğinin, müqavilə şərtlərininin pozulmasına görə 1624 manat cərimə məbləğinin, 10000 manat mənəvi ziyanın, pozulmuş hüququnun bərpası üçün vəkilə ödənilmiş 200 manatın, qiymətləndirmə mərkəzinə ödənilmiş 400 manatın, tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu və məhkəmə xərcləri olmaqla, cəmi 105397 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsindəki yeni inşa edilmiş, yüksək mərtəbəli, 30A saylı evin ümumi sahəsi 69,8 kv.m-dən ibarət olan 18-ci mənzilinin rahatlığı üçün qısa müddətdə, peşəkar usta briqadası tərəfindən əsaslı təmir olunması üçün cavabdehlərlə görüşmüş, mənzilin təmir olunması ilə razılaşaraq, MMC ilə aralarında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən cavabdehlər həmin mənzili 20300 manata 3 ay müddətində təmir edilməsini, təmir işləri müəyyən edilən müddətdən artıq uzanarsa sifarişçiyə hər günə görə 2% kompensasiya ödəniləcəyini, mənzilin təmirində keyfiyyətli xarici materiallardan istifadə olunacağını, materialların smetasının təqdim ediləcəyini öhdəsinə götürmüş, təmirə 5 il zəmanət verilərək müqavilə şərtlərini pozan tərəf 7% qarşı tərəfə cərimə ödəyəcəyinə razılaşmışlar. Müəyyən təmir materiallarda dəyişiklik olunduğuna görə 23.200 manat vəsait tərəfindən cavabdehlərə ödənilmişdir. Cavabdehlər tərəfindən mənzildə tavana alçıpan vurulması, arakəsmə divarının hörülməsi, divarların ağdağla suvanması, elektrik, su və kanalizasiya xətlərinin çəkilişi işlərini natamam olaraq görülmüş, təmirin aparılmasından imtina edilərək razılaşdırılmış məbləğin tam olaraq ödənilməsinə baxmayaraq müqavilədəki müddətdə mənzildə təmir işlərini başa çatdırmayaraq öhdəliklərinin icrasını təmin etməmiş və müqavilə şərtləri pozmuşlar. Dəfələrlə öhdəliklərin icra edilərək mənzildə təmir işlərini yekunlaşdırıb mənzili təhvil verilməsi tələb olunsa da, əsaslı tələbi təmin edilməmiş, uzun süründürməçiliklərdən sonra xx.xx.2021-ci il tarixdə mənzil təmiri natamam formada ona qaytarılmışdır. Müqavilədə nəzərdə tutulmuş təmir etmə müddətindən xeyli vaxt keçməsinə baxmayaq mənzili təmir edilmədiyindən və təmir üçün ödədiyi vəsaiti çox saylı tələblərinə baxmayaraq geri qaytarılmadığından cavabdehlər tərəfindən ona maddi və mənəvi ziyan vurulmuşdur. Qiymətləndirmə mərkəzinin hesabatına əsasən mənzildə natamam və keyfiyyətsiz görülmüş təmir işlərinə görə tikinti materiallarına çəkilmiş xərclərin dəyəri və həmin işlərin görülməsi üçün xərclər ümumilikdə 4934 manat təşkil edir. Cavabdehlər müqavilə öhdəliklərini icra etməyərək görülmüş təmir işləri natamam, keyfiyyətsiz görüldüyündən, təmir işlərinin görülməsindən imtina edilərək təmir razılaşdırılmış müddətdə tamamlanmadığından “aparılmış təmir işləri” sökülmüş və yenidən tərəfindən təmir işlərinə başlanılmışdır. Mənzilin cavabdehlərlə razılaşdırılmış qaydada və formada təmir edilməsinə isə tikinti materiallarına və işlərin görülməsi üçün xərclər də daxil olmaqla tərəfindən 47500 manat vəsait sərf edilmişdir. Cavabdehlərin müqavilə üzrə öhdəliklərini icra etməyərək təmir işlərini yekunlaşdırmadıqları və onlara ödənilmiş vəsaitlərini saxlayaraq qaytarmadıqları səbəbindən ona vurulmuş maddi ziyan məbləği 65766 manat təşkil edir. Bundan başqa cavabdehlərin qanunsuz hərəkət (hərəkətsizliklər) səbəbindən mənəvi ziyanada məruz qalmışdır. Belə ki, müqavilə öhdəlikləri icra edilmədiyinə, təmir işləri görülməyərək süründürməçiliyə yol verildiyinə, onlardan vəzifə və öhdəliklərinin icrası tələb edildiyinə, lakin bütün bunlara heç bir əhəmiyyət verilməyərək qanunsuz hərəkətlər (hərəkətsizliklər) davam etdiyinə, o cümlədən, mənzilin təmir olunması üçün başqa ustaların tapılmasına, çoxsaylı mağaza və mal-material satış anbarlarını dolaşaraq yenidən təmir materialları alınmasına, xeyli vaxt sərf edib yenidən təmir işlərinin görülməsinə görə çoxlu vaxt sərf etmiş, cavabdehlər üzündən gərəksiz əsəb sarsıntıları və iztirablar çəkmişdir. Müqavilə üzrə öhdəliklər icra edilməyərək müəyyən olunmuş müddətdə mənzilim təmir edilmədiyindən, təmir üçün ödənilmiş pul məbləği könüllü olaraq qaytarılmadığından tərəfindən ödənilmiş vəsait, vurulmuş ziyan məbləğləri, çəkilən xərclər və müqavilədə və qanunda nəzərdə tutulmuş faiz dərəcəsi ilə birlikdə məhkəmə qaydasında cavabdehlərdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilədən görünür ki, sifarişçiyə məxsus 70 kv.m sahəsi olan mənzilin 1 ay müddətində təmir edilməsi (elektrik və santexnika işləri daxil olmaqla) və bunun müqabilində sifarişçi tərəfindən 20300 manat ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda həmin müqavilədə ödənişin sifarişçi tərəfindən müqavilə bağlandığı zaman ilkin 40% işlərin ortasında məbləğin 40%-ini işin sonunda 20%-nin ödənilməsi müəyyən olunmuşdur. Bundan başqa müqavilə üzrə müəyyən olunmuş müddətdən artıq işin uzanması halında icraçı sifarişçiyə hər günə 2 % kompensasiya ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan Cavabdeh2 (VÖEN **********) tərəfindən tərtib edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən ev təmiri üçün xx.xx.2020-ci il tarixli 375317 nömrəli qəbzlə 5000 manat, xx.xx.2020-ci il tarixli 375318 nömrəli qəbzlə 3100 manat, xx.xx.2020-ci il tarixli 375319 nömrəli qəbzlə 4000 manat, xx.xx.2020-ci il tarixli 375320 nömrəli qəbzlə 4100 manat və xx.xx.2020-ci il tarixli 375321 nömrəli qəbzlə 7000 manat olmaqla cəmi 23200 manat pul evin təmirin üçün ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********680800 nömrəli məktubdan görünür ki, Cavabdeh1 MMCnin xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda vergi orqanında vergi uçotuna alınması və rəhbərinin Cavabdeh2 olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş X2 Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 056 nömrəli rəydən görünür ki, ünvan 2 ünvanında yeni tikilmiş yaşayış binasının “A” blokunun, 5-ci mərtəbəsində yerləşən 18 nömrəli mənzilə çəkilmiş təmir xərcləri 4934 manat təşkil etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3736 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yeni tikilmiş yaşayış binasının “A" blokunun 5-ci mərtəbəsində yerləşən 18 saylı mənzil üzrə natamam görülmüş təmir işlərinin ümumi dəyəri (mülki iş materiallarında və baxış zamanı əldə edilən məlumatlar əsasında) 4904,0 manat məbləğində müəyyən edilmişdir. ünvan 2 ünvanında yeni tikilmiş yaşayış binasının “A” blokunun 5-ci mərtəbəsində yerləşən 18 saylı mənzil üzrə hazırki vəziyyətdə tam yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 29658,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında mənzilin təmir edilməsi üçün müqavilə bağlanmışdır. Müqavilədə icraçı olaraq Cavabdeh1 MMC göstərilsədə müqavilə Cavabdeh2 tərəfindən imzalanmış və ona məxsus möhürlə təsdiqlənmişdir. Daha sonra iddiaçı tərəfindən müqavilə üzrə müəyyən edilmiş ödənişlər edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin təmir müddəti 1 ay müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəfindən təmir işləri yekunlaşdırılmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Hazırda iddia tələbinin predmeti bağlanmış xidməti müqavilə üzrə öhdəliklərin razşılaşdırılmış qaydada yerinə yetirilməməsi təşkil edir. Odur ki, ilk olaraq tərəflər arasında bağlanmış müqavilənin hüquqi qiymətləndirməsi hazırki tələb üzrə məhkəmə araşdırması dəqiqliyini təmin edən əsas amildir. Belə ki, mübahisənin tərəflərin hüquq və vəzifələri həmin müqavilə üzrə müvafiq qaydada razılaşdırılmışdır. Belə olan halda tələbin hüquqi qiymətləndirilməsinin düzgün tətbiq edilməsi üçün əsas predmet olan müqavilənin qanuniliyinin təsdiq olunması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında bağlanmış müqavilə hüquqi qiymətləndirilməsi zamanı xx.xx.2020-ci il tarixli müqaviləni bir tərəfdən Cavabdeh1 MMC qeyd olunsa da, araşdırma zamanı Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********680800 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixdə hüquqi qeydiyyata alınması yəni hüquqi şəxs olaraq yaradılması qeyd olunmuşdur. Belə ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınması onun hüquq və vəzifələrinin yaranmasını və əqdlər üzrə götürdüyü öhdəliklərə görə məsuliyyətini müəyyən etməyi təmin edir. Hazırda Cavabdeh1 MMC-nin iddiaçı ilə bağlanmış müqavilənin bağlanmasından daha sonra hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınması cəmiyyətin həmin müqavilə üzrə öhdəlik götürməsi mümkünsüzdür. Belə olan halda məhkəmə tələbin Cavabdeh1 MMC-yə yönəldiməsi və onun hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsi qeyd olunan maddi hüquq normalarının imperativ tələblərinə ziddir. Belə olan halda hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh2 tərəfindən götürülmüş öhdəliklərə görə məsuliyyəti müəyyən olunur. Qeyd olunan müqavilənin məzmunundan göründüyü kimi, həmin müqavilədə icraçı bölməsində Cavabdeh2 imzası və onun fərdi sahibkar kimi qeydiyyata alınması zamanı təsdiq olunmuş VÖEN ********** nömrəsi qeyd olunmuşdur. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdə bağlanılmış müqavilənin ləğv olunması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Belə olan halda iddiaçının qeyd olunan müqavilənin ləğv edilməsi tələb etmək hüququ qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Bundan başqa iddia tələbindən 65766 manat zərər məbləğinin tutulması barədə hissəsinə münasibətdə məhkəmə bildirir ki, həmin zərəri təşkil edən hallar iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğ və eyni zamanda cavabdehin hərəkəti səbəbindən ona dəymiş maddi zərər təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göstərilən maddi hüquq normasının imperativ tələbləri üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə göstərilməli olan xidmətin dəyəri iddiaçı tərəfindən ödənildiyindən müqavilənin ləğv edilməsi halında həmin ödəniş iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı ünvan 2 ünvanında yeni tikilmiş yaşayış binasının “A” blokunun, 5-ci mərtəbəsində yerləşən 18 nömrəli mənzildə cavabdeh tərəfindən görülmüş təmir işlərinin dəyəri 4904 manat müəyyən edilmişdir. Qeyd olunan dəyər məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur. Belə olan halda hazırki müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş 23200 manat təmir xərclərindən cavabdeh tərəfindən görülmüş natamam təmir üzrə xərclərin dəyəri nəzərə alınmaqla iddiaçıya geri ödənilməsi təmin olunmalıdır. Odur ki, iddiaçının təmir xəclərinin geri ödənilməsi tələbi qismən 18296 (23200 manat – 4904 manat) manat müəyyən olunmalıdır. Bununla belə iddia tələbində göstərilən 65766 manat zərər məbləği qalan hissəsi iddiaçı tərəfindən hansı qaydada hesablanması habelə cavabdehin hansı hərəkəti əsasında olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə tələb üzrə göstərilən 65766 manat zərər məbləğinin yalnız 18296 manat hissəsinin nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. İddiaçı iddia tələbində təmir işlərinin uzadılmasına görə hər günü 2% olmaqla 59 gün üzrə hər günü 464 manat olmaqla 27376 manat kompensasiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, müqavilə üzrə həmin hissə tərəflər arasında rəsmiləşdirilmiş müqavilə şərtləri ilə müəyyənləşdirlmişdir. Hazırda həmin şərtin tətbiq edilməsi cavabdeh tərəfindən götürülmüş öhdəliyinin vaxtında yerinə yetirməməsinə görə iddiaçıya ödəməli olduğu kompensassiyadır. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi təsdiq edilməsi cavabdehin həmin öhdəliklərin yerinə yetirməsi üçün müddətin ötürməsini təsdiq edir. Qeyd olunan müddəti məhkəmə iddiaçının məhkəməyə müraciət etdiyi tarixdə müəyyən etməməsi tələbdə bu müddətin daha az yəni 59 gün gecikmə müəyyən edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Qeyd olunan maddi hüquq normalarının imperativ tələblərini nəzərə alan məhkəmə iddiaçı tərəfindən tələbdə göstərilən 59 gün gecikmə üzrə hər günü 464 manat olmaqla 27376 (59 gün X 464 manat) manat kompensassiya məbləği müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 1624 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 1624 manat cərimənin 162 manat miqdarına azaldaraq cavabdehdən tutulmasını ədalətli hesab edir. Bundan başqa iddiaçı hadisə zamanı və hadisədən sonrakı dövr üzrə dəymiş mənəvi zərərə görə 10000 manat mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə tələbin qismən təmin edilməsini, yəni 500 manat pulun iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı tərəf həmin hissədə iddianın təmin edilməsi əsasını təşkil edən sübutları məhkəməyə tam təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Hazırda məhkəmə ümumilikdə mübahisə predmeti üzrə apardığı araşdırmada iddiaçının yerinə yetirilməmiş təmir işləri üzrə yaranmış sarsıntı, habelə yaşayış sahəsinə iddiaçının istifadəsinin məhdudlaşması səbəbindən cavabdeh tərəfindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pulun iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 200 manat hüquqi yardım, müstəqil ekspertə ödənilmiş 400 manat və 31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdehdən ödənilmiş 200 manat qiymətləndirmə xərci cavabdehdən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış müqavilə ləğv edilərək, Cavabdeh2 təmir xərclərinə görə ödənilmiş 18296 (on səkkiz min iki yüz doxsan altı) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh2 müqavilə üzrə yerinə yetirməli öhdəliklərin 59 gün gecikdirilməsinə görə əsas məbləğinin 2% faizi günlük kompensasiya 27376 (iyirmi yeddi min üç yüz yetmiş altı) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh2 162 (yüz altmış iki) manat cərimə tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh2 mənəvi ziyana görə 500 (beş yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh2 pozulmuş hüququnun bərpası üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat, qiymətləndirmə mərkəzinə ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, habelə Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdeh "xxxx" MMC-dən tutularaq, 200 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış müqavilə ləğv edilsin. Cavabdeh2 təmir xərclərinə görə ödənilmiş 18296 (on səkkiz min iki yüz doxsan altı) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh2 müqavilə üzrə yerinə yetirməli öhdəliklərin 59 gün gecikdirilməsinə görə əsas məbləğinin 2% faizi günlük kompensasiya 27376 (iyirmi yeddi min üç yüz yetmiş altı) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh2 162 (yüz altmış iki) manat cərimə tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh2 mənəvi ziyana görə 500 (beş yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh2 pozulmuş hüququnun bərpası üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat, qiymətləndirmə mərkəzinə ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Cavabdeh2 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ0131601**********3944 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar