Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1675/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 iyul 2020-ci il tarixdə onunla Cavabdeh arasında podrat müqaviləsi bağlanmış, 07 iyul 2021-ci il tarixdə isə Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 00,04 ha torpaq sahəsində ümumi sahəsi 36 m2 fərdi yaşayış evinin təmirsiz tikintisinə dair ilkin müqaviləyə düzəlişlər edilmiş və yeni müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh tikintini müqavilə bağlandıqdan 2-4 ay sonra başlanılmasını və fərdi yaşayış evini müqavilənin 4.3-cü maddəsinə əsasən 26 noyabr 2021-ci il tarixdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ümumi ödəniləcək məbləğ 20600 manat təşkil etmiş, 13250 manat məbləğində pul vəsaiti ilkin ödəniş kimi ödənilmişdir. Geriyə qalan məbləğ isə 18 ay müddətinə aylıq 408 manat olmaqla ödənilməli idi. O, 13250 manat məbləğində pulu ilkin ödəniş olaraq ödəmiş, bundan əlavə altı ay müddətində kredit ödənişini həyata keçirmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, onu aldatmışdır. Artıq iki ildən çox müddətdir ki, ona evi tikilib təhvil verilmir, ümumiyyətlə evinin heç bünövrəsi də qoyulmamışdır. Cavabdeh onun pulunu alaraq onu aldatmışdır və bugünə qədər müqavilə şərtlərini yetirə yetirməkdən yayınır. O, cavabdehə bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh onun xəbərdarlıqlarına məhəl qoymamış, telefon zənglərinə cavab verməmişdir. Bununla da, cavabdeh ona məxsus olan 15706 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Sözügedən məsələ ilə bağlı müraciəti Suraxanı RPİ-nin 30-cu PB-də araşdırılmış və məsələ mülki xarakterli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Təhqiqatçı tərəfindən qəbul edilmiş qərardan Suraxanı rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət etmiş və Suraxanı rayon Məhkəməsinin 6(010)-22/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı ilə təhqiqatçı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-288/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərarı ilə isə Suraxanı rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında müqavilə olduğundan sözügedən mübahisə mülki xarakter daşıyır. Cavabdeh tərəfindən müqavilə şərtlərinə iki ildən artıq olan müddət ərzində riayət və icra etməməsi ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdehin müqaviləni icra etməməsi nəticəsində o öz evində yaşamaqdan məhrum olunmuşdur. Onun pulunu bir il ərzində cavabdeh özündə saxlamasına görə hesab edir ki, ona 785,3 manat məbləğində dəymiş zərər ödənilməlidir.
İddiaçının tələbi.
2. Cavabdeh tərəfindən mənimsənilmiş 15706 manat məbləğində pul vəsaiti, 785 manat məbləğində dəymiş zərər, 5000 manat məbləğində mənəvi zərər və 154,47 məbləğində dövlət rüsumu, ümumilikdə 21.645,47 məbləğində pul vəsaitinin Cavabdeh tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
7. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci ildə podrat müqaviləsində aparılan dəyişikliklər əsasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsindən müəyyən olunur ki, “Sifarişçi” Orucova X1 rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 00.04 ha torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini sifariş etmişdir.
8. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, tikinti xx.xx.2021-ci ildə təhvil veriləcək. Müqavilənin 7.1-ci bəndinə əsasən, hazırki müqaviə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Müqavilənin 7.2-ci bəndinə əsasən, müqavilədə ödəniş cədvəlində göstərilən məbləğ yekunlaşana qədər qüvvədədir.
9. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, sifarişçi İddiaçı öhdəliklərini tam yerinə yetirənə qədər X3 sifarişçi ilə birlikdə podratçının qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürüb.
10. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh hesabına ümumi sahəsi 4 sot olan torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan təmirsiz, ümumi qiyməti 20600 manat olan ev üçün 18 ay müddətinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 408 manatdan aşağı olmamaq şərti ilə aylıq ödəniş etməyi öhdəsinə götürmüş və xx.xx.2021-ci il tarixdə 13250 manat ilkin ödəniş olmaqla, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə 408 manat, xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 410 manat məbləğində ödənişlər etmişdir.
11. xx.xx.2020-ci ildə bağlanmış podrat müqaviləsində aparılan dəyişikliklərə əsasən xx.xx.2021-ci il tarixli görülən işlər siyahısından müəyyən olunur ki, evin bünövrəsinin dəmir (armatur) betonla inşası. Ölçüləri 30x50 (sm) 30x40 (sm), evin kürsünün hörgü daşı ilə (40 sm) inşası=5 daş (1 metr), kürsüdən sonra izolyasiya, evin (40 sm və 20 sm) mişar daşı ilə inşası, dam örtüyünün profinastin inşası (rəng seçimi var), daxili divarların suvaq işləri, plastik pəncərələrin montajı (ağ rəngli), (çift, nəfəslik setka, barmaqlılar daxil deyil), polun atmaları və taxta ilə inşası (ağardılması və laklanması daxil deyil) nəzərdə tutulmuşdur.
12. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı mübahisənin mülki hüquq münasibətləri çərçivəsində həlli məqsədi ilə müvafiq məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir.
13. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(010)-22/2022 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Şəhriyar Babayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin olunmamış, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Şəhriyar Babayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı qanuni hesab edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 6(103)- 288/2022 saylı qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə və Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı Şəhriyar Babayev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 iyul 2022-ci il tarixli qərarının qanuni hesab edilməsinə dair 26 avqust 2022-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılmışdır.
15. xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanan bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli podrat müqaviləyə əsasən Cavabdeh tərəfindən tikintini xx.xx.2021-ci il tarixdə təhvil verilməsi barədə öhdəlik götürülmüş, lakin o, bugünə qədər götürülən ödəliyi icra etməyərək nə tikintini təhvil vermiş, nə də ödənilmiş pulu geri qaytarmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 15706 manat məbləğində pul vəsaitinin qısa müddət ərzində (5 iş günü) İddiaçı ödənilməsi xahiş olunmuş, əks təqdirdə həmin vəsaitin tutulması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
16. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 155 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
17. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixədək Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 00.04 ha torpaq sahəsində ümumi sahəsi 36 kvadrat metr olan evin tikintisini başa çatdıraraq təhvil verməyi, İddiaçı isə Cavabdeh 13250 manat ilkin ödəniş etməklə, xx.xx.2022-ci il tarixədək 18 ay müddətinə hər ay 408 manatdan az olmamaq şərti ilə 20600 manat pulu hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər.
22. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən sifarişçi İddiaçı 13250 manat ilkin ödəniş ödəməsinə və 18 ay müddətində hissə-hissə ödəməli olduğu 20600 manat pulun bir hissəsini ödəməsinə baxmayaraq podratçı Cavabdeh tərəfindən heç bir işlər görülməmişdir. Cavabdeh tərəfindən alınmış pullardan 15706 manat hazırkı vaxta kimi iddiaçıya qaytarılmamışdır.
23. Cavabdeh tərəfindən iddiaçının dəlillərini təkzib edən hallar və ya sübutlar məhkəməyə təqdim olunmamışdır.
24. Belə olan halda məhkəmə 15706 manat məbləğində pulun qaytarılması hissədə də iddianı əsaslı hesab edir.
25. Məhkəmə həmçinin iddianın “785 manat məbləğində dəymiş zərərin ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsində ona zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində rədd edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
27. Məhkəmə həmçinin iddiaçının “5000 manat məbləğində mənəvi zərərin ödənilməsi” barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir.
28. Belə ki, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
29. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur.
30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir.
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
32. Məhkəmə həmçinin iddianın 154,47 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
34. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə cavabdehdən 15706 manat məbləğində pul vəsaiti və ödənilmiş 154,47 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə 15706 (on beş min yeddi yüz altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 154,47 (yüz əlli dörd manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.