Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2442/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən faktiki olaraq ona məxsus fərdi yaşayış evində istifadədə olmuş smart itron tioli G-4 markalı, 140AZ**********02 nömrəli qaz sayğacı ilə bağlı əsassız hesablanmış 486 manat məbləğin silinməsi və vurulmuş mənəvi zərərə görə 150 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi şossesində yerləşən və faktiki olaraq iddiaçıya məxsus fərdi yaşayış evində istifadədə olmuş smart itron tipli G-4 markalı, 1402AZ**********02 nömrəli qaz sayğacının dəyişdirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Yeni smart itron tipli G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Metrologiya Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib edilmiş və aktda “sayğacın element yuvasının qapağı alt hissəsindən və hesablama mexanizminin qoruyucu örtüyü alt və üst hissəsindən sınıqdır, sayğac ALARM 1 rejimindədir. Kart yuvasının qapağı aşkar olunmadı. Elektron hissəsində keçən qazın həcmi qeyd olunmayıb. Xətalar normadan artıqdır” qeyd edilmişdir . Həmin akta əsasən xx.xx.2019-cu il tarixdə ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx xxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və dəymiş ziyanın həcmi 4860 metr kub hesablanmış və 486 manat dəymiş ziyan hesablanmışdır. Bu tamamilə əsassızdır, belə ki, qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır, yəni qaz sayğacına onun tərəfindən müdaxilə olmamışdır, qaz sayğacı küçədə, hasarın divarında yerləşmişdir və təbii ki daima nəzarətdə saxlanılması mümkün deyildir. Halbuki cavabdeh tərəf sayğac quraşdırıldıqdan sonra bir dəfə də olsun sayğaca texniki baxış keçirməmişdir, qüsurlar olduğu təqdirdə aradan qaldırılması üçün təşəbbüs göstərməmişdir. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, qazpaylayıcı tərəfindən sayğaca baxış keçirilməmişdir. Həmçinin həmin ərəfələrdə fərdi yaşayış evində heç kim yaşamamışdır və onun sayğacın çıxarılması və quraşdırılmasından məlumatı olmamış, həmçinin akt tərtib edilməsindən də xəbəri olmamışdır. Qeyd olunmalıdır ki, qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır. Belə ki, onlar təfindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxilə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənəşdirmək mümkündür. Sayğaca vaxtında baxış keçirilməməsi birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş halların da aradan qaldırılması birbaşa cavabdehin borcudur. Həmçinin abonentin saldosundan da görünür ki, heç bir sərfiyyat olmamışdır . Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də, cavabdeh tərəfindən sayğacla bağlı hesablanmış əsassız borc məbləği silinməlidir. Göstərilənləri nəzərə alaraq tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Cavabdeh” İB məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları İmamverdiyev Elşad və Baxşıyev Ariz tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı abonent kodu **********00110 olan qaz sayğacı İTRİ-nin rəyinə görə sayğacın element yuvasının qapağının alt hissədən və hesablama mexanizminin qoruyucu örtüyünün alt və üst hissədən sınıq olması, kart yuvasının qapağının aşkar olunmadığı müəyyən olunmuş və akta əsasən dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. İş materiallarında olan abonent İddiaçı məxsus №**********00110 saylı Abonent saldosundan görünür ki, 2019-cu il üçün qazdan istifadə etməklə yaranmış sərfin məbləği 0 manat, qalıq və akta görə hesablanmış borc 486 manat təşkil edir. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən istehlakçı İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilən zaman saygaca müdaxilə edildiyi aşkar edilmiş, yoxlanılması üçün sayğac çıxarılaraq ekspertizaya göndərilmişdir. Müvafiq qurumun verdiyi rəyə əsasən sayğacın element yuvasının qapağının alt hissədən və hesablama mexanizminin qoruyucu örtüyünün alt və üst hissədən sınıq olması, kart yuvasının qapağının aşkar olunmadığı müəyyən edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilərək, istehlakçı İddiaçı itirilmiş qaza görə 486 manat borc hesablanmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı evin daxilində deyil, hasarın çöl tərəfində, yəni ümumi istifadə olunan yolda quraşdırılmışdır. İddiaçı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Çünki, qaz sayğacı kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Cavabdeh isə qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini qənaətindədir (hesablanmış cəriməyə əsasən), bununla belə məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın .... 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Aktla bağlı məhkəmə qeyd edir ki, həmin sübut özlüyündə texniki baxış nəticəsində aşkar edilmiş halları əks etdirməklə mübahisə predmetinə aid olmayan sübutdur. Belə ki, iddiaçı sözügedən sayğacda yoxlama zamanı aşkar edilmiş hallar barədə mübahisə etmir. Tərəflər arasındakı mübahisənin predmetini iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış sayğaca kim tərəfindən müdaxilə olunması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Bundan başqa, həmin saygac çıxarılan zaman iddiaçının iştirakı təmin edilməmiş, sayğacın hansı şəkildə çıxarılması, çıxarılan zaman zədələnməyə məruz qalıbqalmaması, bundan sonra hansı şəraitdə saxlanılması da bəlli deyil. Odur ki, iddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alan məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Cavabdeh” İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında istehlakçı İddiaçı itirilmiş qaza görə hesablanmış 486 manat məbləğində borc silinməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı (abonent №**********00110, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi) itirilmiş qaza görə hesablanmış borcdan 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2442/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2442/2021
01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver