Məhkəmə qərarları › İş №2(001)-2450/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2450/2023

23.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2450/2023 23.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədova, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və çıxarışın qismən ləğv edilməsi, miras əmlak üzərində 1/2 hissədə pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədov tərəfindən təsdiq edilmiş 19 mart 2022-ci il tarixli “Bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbini dəqiqləşdirərək, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədov tərəfindən təsdiq edilmiş 19 mart 2022-ci il tarixli “Bağışlama müqaviləsi”nin qismən ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın qismən ləğv edilməsi, xx.xx.2022-ci ildə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə dair iddiaçının vərəsə olaraq pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın, ona etirazın əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 08 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 övladıdır. X5 2 övladı olmuşdur – İddiaçı və Cavabdeh2. X5 mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzil olmuşdur. Həmin mənzildə iddiaçı və cavabdeh, eləcə də onların uşaqları qeydiyyatdadır. İddiaçı anasının ölümündən sonra vərəsəlik işinin açılması məqsədilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət etmiş, lakin məlum olmuşdur ki, sözügedən mənzil hazırda Cavabdeh2 mülkiyyətindədir. Məsələnin aydınlaşdırılması üçün həmin notariat ofisinə sorğu verilmiş, müəyyən edilmişdir ki, Mirvari Xalıqova və Cavabdeh2 arasında 19 mart 2022-ci il tarixdə bağışlama müqaviləsi bağlanmışdır. Müqavilə notarius Natiq Səmədov tərəfindən təsdiq edilmiş, buna səbəb mənzildə olan ünvan fərqliliyi olmuşdur. Belə ki, bağışlama müqaviləsi bağlanan vaxt təqdim edilən 26 oktyabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsində, DİN tərəfindən təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda mənzilin ünvanı ünvan 2 Cavabdeh2 mənzildə bacısı İddiaçı və uşaqlarının qeydiyyatda olduğunu bildiyi halda arayışın bu şəkildə verilməsi onun işini asanlaşdırmışdır və məqsədli şəkildə iddiaçı və uşaqları barədə notariat ofisinə məlumat verməmişdir. Bağışlama müqaviləsi təsdiq edildikdən sonra Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış əldə etmişdir. Məlum olduğu kimi, əgər əmlak bağışlanmamış olsaydı, miras əmlak olacaqdı və X5 övladları vərəsə olacaqdı. Hər birinin miras əmlakdan 1/2 hissədə pay hüququ var. Hazırki halda isə iddiaçı ona düşən paydan məhrum olur. Bundan başqa, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən, yaşayış sahəsinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Təlimatın tələbi pozularaq müqavilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçının hüquqi tələbini əsaslandırmaq üçün 2 ayrı əsas mövcuddur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində və ona dəqiqləşmə barədə ərizədə göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, mərhum Mirvari Xalıqova dəfələrlə iddiaçıya evdən qeydiyyatdan çıxmağı təklif etmiş, lakin iddiaçı anasına məhəl qoymamışdır. Münasibətləri pis olmuşdur. İddiaçı anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda iddiaçının sözügedən mənzildə qeydiyyatda olması bağışlama müqaviləsinin etibarsızlığına əsas ola bilməz. İddiaçı 27 ildir ki, anası ilə ümumiyyətlə maraqlanmamışdır. Mirvari Xalıqova da haqlı olaraq mənzili oğluna bağışlamışdır. Sonda Nümayəndə2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsinin izahatında göstərdiklərini təsdiq etdiyini bildirib, əlavə olaraq göstərdi ki, iddiaçının anasına münasibəti elə olmuşdur ki, hətta o, anası vəfat edəndə belə dəfndə iştirak etməmiş, məzarına getməmişdir. Sonda Cavabdeh2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədov məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Tədqiq edilən sübutlar: - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh2, eləcə də digər şəxslər ünvan 3 ünvanında qeydiyyatdadırlar. - “Doğum haqqında şəhadətnamə”dən görünür ki, iddiaçının anası Xalıqova (Muradova) Mirvari Həsən qızıdır. - “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 26 oktyabr 1994-cü il tarixdə X3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - 19 mart 2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X4 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 69,93 kv.metr, yaşayış sahəsi 46,73 kv.metr olan 3 otaqlı mənzili oğlu Cavabdeh2 bağışlamışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69,63 kv.metr olan mənzil 01 aprel 2022-ci il tarixdə Cavabdeh2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - 02 mart 2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 08 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 424.1-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. - 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. - 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. - 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. - 673.2, 673.2.1 və 673.2.2-ci maddələrinə əsasən, hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə ləğv edə və onun icrasından imtina edə bilər. - 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. - 673.4-cü maddəsinə əsasən, bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. - 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. - 1170.1-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. - 1176.1-ci maddəsinə əsasən, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. - 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. - 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. - 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. - 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. - 1201-ci maddəsinə əsasən, əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. - 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. - 1203.2-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş iddia ərizəsindən (həmçinin dəqiqləşmə) göründüyü kimi, iddia tələbi aşağıdakılardan ibarətdir: - xx.xx.2022-ci ildə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə dair iddiaçının vərəsə olaraq pay hüququnun tanınması; - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədov tərəfindən təsdiq edilmiş 19 mart 2022-ci il tarixli “Bağışlama müqaviləsi”nin qismən ləğv edilməsi; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın qismən ləğv edilməsi. Məhkəmə iddia ərizəsində göstərilənləri nəzərdən keçirib, iddiaçı və cavabdeh tərəfin mövqeyini müəyyənləşdirib, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəbhər tutmaqla, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Tələbin əsasını ilk növbədə “məcburi payın müəyyən edilməsi” təşkil etdiyindən məhkəmə bu hissəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından və tərəflərin izahatlarından belə müəyyən olunur ki, miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir, mənzili 19 mart 2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən X4 öz oğlu Cavabdeh2 bağışlamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, bağışlama əsas etibari ilə qarşılıqsız olaraq və çox zaman da yaxın qohumluq əlaqələri olan şəxslərə edilir. Təcrübədə də ən çox rast gəlinən bağışlama halları ailə daxili şəxslər arasında mövcud olanlardır ki, bunun səbəbi də bağışlama fakatlarının tərəflər arasındakı mənəvi bağlar və qarşılıqlı doğmalıq və yaxınlıq hissələrinə söykənməsidir. Qeyd edilən mənəvi əlaqələrin mövcud olması bağışlama faktının gerçəkləşməsinə rəvac verir. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə əvvəlcə bu normada nəzərdə tutulan məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab edir. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir. Məhkəmənin qənaətinə görə məcburi pay - şəxsin ölümündən sonra ən yaxın ailə üzvlərinin onun əmlakı hesabına əldə etməli olduqları və həcmi qanunla nəzərdə tutulan formada müəyyənləşdirilən minimum vərəsəlik paydır. Bu minimum payı almaq hüququnu miras qoyanın iradəsindən və ya hər hansı hüquqi hərəkətindən asılı olmayaraq qanun müəyyən edir. Başqa sözlə, məcburi pay almaq hüququnu vərəsəyə miras qoyan deyil, yuxarıda qeyd olunan əsaslara görə qanun təmin edir. Bu hüququn (minimum payın) mənbəyi qanun olduğuna görə “məcburi” adlandırılmış və onun pozulmasının qarşısının alınması üçün müxtəlif hüquqi mexanizmlər müəyyən edilmişdir. Aydın məsələdir ki, məcburi payın pozulması (bu minimum həcmə müdaxilə edilməsi) yalnız miras qoyanın ölümə bağlı sərəncamları ilə deyil, öz sağlığında verdiyi sərəncamlarla da ola bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi , əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür . Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür. Hazırkı halda tərəflər iddia ərizəsində göstərilən mənzilin yeganə miras əmlak olduğunu mübahisələnirmirlər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, miras kütləsinə daxil olan yeganə sözügedən mənzilə dair birinci növbə vərəsə olan iddiaçının pay hüququ mövcuddur və bununla bağlı cavabdehin gətirdiyi dəlillər əsassızdır. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan da göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Göründüyü kimi qeyd olunan şərtlərin hamısının mövcudluğu işin halları ilə təsdiq olunur. Məcburi payın həcmi ilə bağlı məhkəmə iddiaçının dəlilləri ilə tam razılaşmayaraq qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 66-cı fəsli mirasda məcburi pay hüququna həsr olunmuşdur. Mülki Məcəllənin “mirasda məcburi pay anlayışı” adlanan 1193-cü maddəsinə görə, “vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olar. Məhkəmə onuda qeyd edir ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir. Mövcud vəziyyətdə miras əmlakın tam mülkiyyət hüququ ilə cavabdehə bağışlandığını, iddiaçının isə ümumiyyətlə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivə də malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının məcburi payı 1/2 hissədə deyil, ona çatası payın yarısında, yəni 1/4 hissədə müəyyən olunmalıdır. İddia tələbinin bağışlamanın və çıxarışın qismən ləğv edilməsi hissəsinə münasibətdə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir: İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə “ləğvetmə” etibarlı əqdlər üzrə əmələ gələn hüquqi münasibətlərə, müqavilə baxımından isə öhdəliklərə birtərəfli qaydada xitam verilməsi hallarını ifadə edir. “Ləğvetmə” analayışı yalnız bir tərəfin birtətəfli qaydada əqdlə bağlı münasibətin və ya bu münasibətdən irəli gələn hansısa konkret haqq və öhdəliyin aradan qaldırılması hallarını bildirir. Ləğvetmə, ləğvetmənin baş verdiyi andan sonrası üçün hüquqi nəticə əmələ gətirir. Yəni ləğvetmə, əqd üzrə əmələ haqq və öhdəliklərə əqdin bağlandığı andan deyil, ləğvetmə hadisəsinin baş verdiyi andan sonrakı zaman üçün xitam verir. Həmçinin əgər müqavilə üzrə ödəliklər icra olunubsa və bununla da tərəflər arasında müqavilə münasibətləri aradan qalxıbsa, məntiqi zərurət olaraq artıq ləğvetmədən söhbət gedə bilməz. Çünki bu kimi hallarda ləğvetmənin predmeti mövcud olmur: olmayan bir şeyin ləğv edilməsindən bəhs olunması isə ağlasığmazdır(MM 421-424-cü maddələri). Mövcud mübahisə üzrə 19 mart 2022-ci il tarixli bağışlama müqaviləsi üzrə artıq hədiyyə alan cavabdeh-Cavabdeh2 hədiyyəni qəbul etmiş, müqavilə bağlanmış sayılaraq tərəflər arasında müqavilə münasibətləri aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, icra olunmuş müqavilənin qismən ləğv edilməsi tələbi yuxarıda qeyd olunan mövqeyə görə əsassızdır və təmin oluna bilməz. 01 aprel 2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın qismən ləğvinə də onun verilməsi üçün əsas olmuş 19 mart 2022-ci il tarixli bağışlama müqaviləsi ləğv edilmədiyindən əsas yoxdur. Odur ki,tələbin bu hissəsi də əsassız olduğundan təmin edilə bilməz. Şərh olunanları, habelə iş üçün əhəmiyyətli olan faktları və digər sübutları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, 08 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Fərman Məlikov küçəsi, 1b saylı evin 52 saylı mənzili üzərində vərəsə kimi İddiaçı 1/4 hissədə pay hüququ tanınmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 08 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Fərman Məlikov küçəsi, 1b saylı evin 52 saylı mənzili üzərində vərəsə kimi İddiaçı 1/4 hissədə pay hüququ tanısın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar