Məhkəmə qərarları › İş №2(001)-247/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-247/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-247/2021 09.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Vania Hotel MMC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 04.08.2018-ci il tarixli icarə müaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsində iddiaçının fəaliyyətinin bərpa edilməsinə, təmir tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş 150000 manat və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının direktoruna dəymiş 120000 manat olmaqla cəmi 270000 manatın müştərək qaydada tutlmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Vania Hotel MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 04.08.2018-ci il tarixli icarə müaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyriyaşayış sahəsində iddiaçının fəaliyyətinin bərpa edilməsinə, təmir tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş 150000 manat və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının direktoruna dəymiş 120000 manat olmaqla cəmi 270000 manatın müştərək qaydada tutlmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Vania Hotel MMC-nin vəkili Vəkil3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 04.08.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə Bakı şəhəri 51 saylı notariat kontorunda icarə müqaviləsi bağlanmışdır. Müqavilə tərəfləri kimi icarəyə verən, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2, icarəçi qismində isə Vania Hotel MMC-nin direktoru X1 çıxış edərək müqaviləni imzalamışlar. Qeyri-yaşayış sahəsi 571,9 m2 olmaqla icarəyə verən tərəfindən icarəçiyə aylıq icarə haqqı 2000 manat olmaqla 3 il müddətinə, yəni 04.08.2021-ci il tarixinə kimi icarəyə verilmişdir. Qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra iddiaçı həmin ərazini abadlaşdırıb, istifadəsini səmərəli vəziyyətə gətirmək məqsədilə təmir tikinti işləri aparmış və hər bir otağa müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş elektrotexnika və digər əşyalar almışdır. Həmin təmir tikinti işlərinə və əşyaların alınmasına iddiaçı, yəni icarəçi 150000 manat xərc çəkmişdir. Bir müddət işlədikdən sonra direktorun İran İslam Respublikasına getməsindən istifadə edən Cavabdeh2 təmirli vəziyyətdə olan, iddiaçının istifadə və sahibliyinə, qüvvədə olan icarə müqaviləsinə əsasən verilmiş qeyri-yaşayış sahəsi iddiaçının xəbəri və icazəsi olmadan digər üçüncü şəxslərə daha baha qiymətə icarəyə vermişdir. Direktor yenidən Bakı şəhərinə qayıtdıqda gördüyü vəziyyət barədə Cavabdeh2 bildirdikdə o, yüksək vəzifəli şəxslərin adlarını çəkməklə ona hədə-qorxu gəlmiş və onu əraziyə buraxmamışdır. Halbuki qüvvədə olan icarə müqaviləsinin şərtlərinə əsasən həmin qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən külli miqdarda vəsait xərclənilməklə təmir tikinti işlərinin aparılmasını nəzərinə çatdırsa da Cavabdeh2 onunla razılaşmamış və hara istəsə şikayət edə biləcəyini bildirmişdir. Həmin qeyri-yaşayış sahəsinin otel kimi işlətmək məqsədilə təmir tikinti işlərinə və əşyaların alınmasına 150000 manat xərcləməkdən əlavə iddiaçının biznesinin dayanamsına və iddiaçının həmin otelə cəlb etdiyi müştərilərdən məhrum olmasına və biznes planına əsasən külli miqdarda fayda əldə etməkdən iddiaçını məhrum edərək ona 120000 manat maddi zərər də vurmuşdur. Qüvvədə olan icarə müqaviləsinin bütün şərtləri icarəyə verən tərəfindən kobud pozulmuşdur ki, bu hal da iddiaçını bir iş adamı olaraq külli miqdarda maddi ziyana uğramasına səbəb olmuşdur. Ona görə də 04.08.2018-ci il tarixli icarə müaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsində iddiaçının fəaliyyətinin bərpa edilməsinə, təmir tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş 150000 manat və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının direktoruna dəymiş 120000 manat olmaqla cəmi 270000 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Vania Hotel MMC-nin xeyrinə tutlmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 15.02.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı Vania Hotel MMC-nin direktoru X3 iddiaçının vəkili Vəkil3 izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, icarəyə götürdüyü sahədə 3-4 ay ərzində təmir işləri aparmış, ustalarla, beş işçi ilə müqavilə bağlamış, icarəyə götürülən sahədə dörd otaq inşa edərək əşyalarla təchiz etmiş, qeyri-yaşayış sahəsinin digər 17 otağına televizor, telefon aparatı, seyf qutuları, yataq dəstləri, 20 ədəd təknəfərlik yataq, 7 ədəd paltar şkafı, 15 ədəd minibar soyuducu, bütün otaqlar və dəhliz üçün pərdələr, otaqlara kovralitlər, 6 ədəd kondisioner almış, bütün otaqların zibil qabılarını və çilçıraqlarını yeniləmiş, 70 ədəd bədən dəsmalı, 70 ədəd əl-üz dəsmalı, 70 ədəd ayaq dəsmalı, 3 ədəd sənəd yığılması üçün şkaf almış, otelin restoranını yenidən təmir etmiş, bütün zəruri əşyalarla təchiz etmiş, 17 otağı təmir edərək divar kağızlarını yenilənmiş, döşəməni təmir etmiş, otelin təhlükəsizlik kameraları və wifi xətlərini çəkmiş, 5 ədəd wifi modemi almış, yeni telefon xətti çəkmiş, televizorlar üçün antenna xidməti çəkmiş, reception xidməti üçün kompüter, printer və həmin kompüterin işləməsi üçün 3500 manata İntor proqramı almış, otelin girişini qranit döşəmə ilə əvəz etmiş, yuxarı 3-cü mərtəbədə döşəmə yonulub laklanmış, bütün qeyri-yaşayış sahəsinə plintus çəkilmiş, giriş qapısı dəyişdirilmiş, otelin qazanxana və hovuz tikilisi əsaslı təmir edilmişdir. Lakin bütün bu işlərin görülməsi ilə bağlı heç bir sənədini saxlamamışdır. İcarə müqaviləsi üzrə ona icarəyə verilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Vania Hotel adı ilə fəaliyyət göstərmiş, hazırda Nine Otel adı ilə qeyri-rəsmi surətdə ayrı şəxsə icarəyə verilmişdir. Mülki iş üzrə 09.09.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Vania Hotel MMC-yə məlumat verilsə də, iddiaçı Vania Hotel MMC-nin vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı tərəfindən məhkəmə iclasının təxirə salınmasına əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə işə iddiaçının nümayəndəsi olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 04.08.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə Bakı şəhəri 51 saylı notariat kontorunda icarə müqaviləsi bağlanmışdır. Müqavilə tərəfləri kimi icarəyə verən, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2, icarəçi qismində isə Vania Hotel MMC-nin direktoru X1 çıxış edərək müqaviləni imzalamışlar. Qeyri-yaşayış sahəsi 571,9 m2 olmaqla icarəyə verən tərəfindən icarəçiyə aylıq icarə haqqı 2000 manat olmaqla 3 il müddətinə, yəni 04.08.2021-ci il tarixinə kimi icarəyə verilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri əsassızdır. Belə ki, iddiaçı həmin qeyri-yaşayış sahəsində heç bir təmir işləri aparmamış, hər hansı bir əşya almamışdır. Həmin obyektdə olan bütün əşyalar cavabdehlərə məxsusdur. Əksinə iddiaçı icarə haqqının birinci ayını ödədikdən sonra heç bir ödəniş etməmişdir. Bundan başqa təmir tikinti işlərini aparmaq üçün iddiaçı müqavilə şərtlərinə əsasən iddiaçının yazılı razılığını almalı idi. İddiaçı direktoru və vəkili hər məhkəmə iclasında sübutlarını məhkəməyə təqdim edəcəklərini bildirsələr də, bu günədək məhkəməyə iddia tələblərində istinad etdikləri hallara dair hər hansı bir sübutu təqdim etməmişlər. İddiaçının vəkili və nümayəndəsi olduğu halda məhkəmə iclasında iştirak etmir, sübutlarını məhkəməyə təqdim etmirlər. İş üzrə təyin olunan ekspertiza ilə bağlı yerli baxış zamanı iddiaçı özünün apardığı təmir işlərini, özünün aldığı əşyaları yerində göstərə bilməmişdir. Bütün bu hallar iddia tələblərinin əsassız olmasını göstərir. Artıq tərəflər arasında bağlanmış müqavilənin müddəti də bitmişdir. Cavabdehlər iddiaçı ilə bağladığları müqavilənin müddətini uzatmaq istəmirlər. İddiaçının hərəkətləri nəticəsində cavabdehlərə maddi ziyan dəymişdir. Belə ki, iddiaçı müqavilə öhdəliklərini icra etməmişdir. Ona görə də işə iddiaçının iştirakı olmadan işə baxaraq iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2.-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarəyə verən Cavabdeh1 ilə icarəçi Vania Hotel MMC arasında bağlanmış 04.08.2018-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsini 3 il müddətinə, yəni 04.08.2021-ci il tarixinədək icarəçiyə icarəyə verməyi, icarəçi hər ayın 5-dək 2000 manat icarə haqqı verməyi öhdəsinə götürmüşdür. Müqavilə icarəyə verən tərəfindən icarəyə verənin etibarnaməsi əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilənin 3.5-ci bəndindən müəyyən olunur ki, icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə haqlarını, digər kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü bəndindən müəyyən olunur ki, icarənin ilk ili ərzində icarə haqqının məbləği dəyişməz olaraq qalır. Növbəti illərdəbütün icarə müddətinə və sonradan uzadıldığı dövr ərzində infilyasiya nəzərə alınaraq icarə haqqının məbləği qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər. Müqavilənin 7.1-ci bəndindən müəyyən olunur ki, icarəçinin aşağıdakı vəzifələri vardır: 7.1.1. sahədən bu müqavilənin şərtlərinə uyğun olaraq istifadə etmək; 7.1.2. bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.5. bəndində göstərilən bütün xərcləri vaxtlı-vaxtında ödmək; 7.1.3.təbii köhnəlmə nəzərə alınmaqla, sahəni yararlı vəziyyətdə saxlamaq; 7.1.4. sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan xəbərdar etmək və onun yazılı razılığını almaq; Müqavilənin 10.1-ci bəndindən müəyyən olunur ki, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına bir ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn müddətə uzadılmış hesab edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2021-ci il tarixli 10\1347, 9\2215 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Salamzadə küçəsində yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsi üzrə tərəflərin iştirakı ilə aparılan tədqiqat zamanı tədqiq olunmuş tikililər üzrə hansı təmir-tikinti işlərinin aparılmasına, eləcə də, həmin tikililərin ilkin vəziyyətinə dair layihə-smeta sənədləri təqdim edilmədiyindən, həmçinin baxış zamanı bu tikililər üzrə konkret olaraq hansı təmir-tikinti işlərinin aparıldığı və həmin işlərin həcmi dəqiqliklə müəyyən edilmədiyindən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində əlavə 4 otağın, yuxarı mərtəbələrdə yerləşən 17 otağın, restoran, qazanxana və hovuz tikililərinin təmir tikintisinə nə qədər vəsait sərf olunduğunu müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Salamzadə küçəsində yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 2(005)-4541\2019 saylı qərardadına əsasən siyahıya alınaraq özgəninkiləşdirilməsi qadağan edilən həmin qeyri-yaşayış sahəsinin əlavə inşa edilən 4 otağında olan bütün əşyalar, qeyri-yaşayış sahəsinin digər 17 otağında olan televizorlar, telefon aparatları, seyf qutuları, yataq dəstləri, 20 ədəd tək nəfərlik yataq, 7 ədəd paltar şkafı, 15 ədəd minibar soyuducu, bütün otaqlar və dəhliz üçün pərdələr, otaqlarda kovralitlər, 6 ədəd kondisioner, zibil qabıları və çilçıraqlar, 70 ədəd bədən dəsmalı, 70 ədəd əl-üz dəsmalı, 70 ədəd ayaq dəsmalı, 3 ədəd sənəd yığılması üçün şkaf, otelin restoranıda olan stol və stullar, otelin təhlükəsizlik kameraları, wifi xətləri, 5 ədəd wifi modemi, telefon xətti, televizorlar üçün antenna xidməti, reception xidməti üçün kompüterlər, printer və həmin kompüterin işləməsi üçün İntor proqramının 05.07.2021-ci il tarixdə baxış zamanı iddiaçı və cavabdeh arasında zidiyyət yarandığı üçün qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, icarəyə verən Cavabdeh1 ilə icarəçi Vania Hotel MMC arasında bağlanmış 04.08.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsini 3 il müddətinə, yəni 04.08.2021-ci il tarixinədək icarəçiyə icarəyə verməyi, icarəçi isə hər ay 2000 manat icarə haqqı ödəməyi, sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə haqlarını, digər kommunal xərcləri ödəməyi, icarəyə götürdüyü sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan xəbərdar etməklə onun yazılı razılığını aldıqdan sonra bu işləri görməyi öhdəsinə götürmüşdür. İlk növbədə iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan iddiaçı müqavilə şərtlərinə əsasən, icarəyə götürdüyü sahədə təmir-tikinti işlərini aparması barədə icarəyə verəni xəbərdar etməsinə, onun bu barədə yazılı razılığının almasına, həmin sahədə təmir-tikinti işləri aparmasına, həmin sahəyə əşyalar alıb yerləşdirilməsinə və bu işlərə görə 150000 manat vəsait sərf etməsinə, biznes planı tərtib etməsinə, cavabdelərin hərəkətləri nəticəsində həmin biznes planı ilə müəyyən olunan gəlirdən məhrum olmasına, həmin məbləğin 120000 manat olmasına, icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Baxmayaraq ki, iddiaçıya iddia tələbində istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmir-tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş 150000 manat və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının direktoruna dəymiş ziyana görə 120000 manat olmaqla cəmi 270000 manat tələbinə dair hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının icarəyə götürdüyü sahədə fəaliyyətinin bərpa edilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanan müqavilənin müddəti 04.08.2021-ci il tarixdə bitdiyindən, iddiaçı bağladığı müqavilə üzrə öhdəliklərini icra etməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, icarəyə verən iddia tələbini qəbul etməməklə icarəçi ilə müqavilə münasibətlərinin müddətini uzadılmasına öz etirazını bildirdiyindən iddia ərizəsi bu hissədə də, təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Vania Hotel MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı 04.08.2018-ci il tarixli icarə müaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsində Vania Hotel MMC-nin fəaliyyətinin bərpa edilməsinə, təmir tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş 150000 manat və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının direktoruna dəymiş 120000 manat olmaqla cəmi 270000 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Vania Hotel MMC-nin xeyrinə tutlmasına iddia ərizəsi təmin edilməsin. Vania Hotel MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar