Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-250/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı şirkətinin Nəbiyeva (Ziyadova) Zümrüd Umud qızına qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması barədə iddia ərizəsinə dair mülki işə 12 may 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və onun əsaslandırılması: İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəbiyeva (Ziyadova) Zümrüd Umud qızının 2 saylı mədənin 1-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1.403209.667 4482063.775; 2. 403227.977 4482063.703; 3. 403227.977 4482047.347; 4. 403209.739 4482047.202 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının Saziş üzrə istifadəsinə verilmiş Kotrakt sahəsinin ərazisində, 2 saylı mədənin 1-ci sahəsində və iddiaçının saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Bu tikili iddiaçının həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, iddiaçının qanunla qoyunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("ARDNŞ”), X8 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar”) arasında Saziş ("Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Nəbiyeva (Ziyadova) Zümrüd Umud qızının ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, onun məhkəmədə iştirakın təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması:
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır;
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X8 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X8 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin; Maddə 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.07-ci il tarixli Qərarı: "Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.” "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir;
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021 -ci il tarixli Qərarı: Məhkəmə bir daha qeyd etmişdir ki, 8-ci maddənin mənasında "ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən "ev” olub- olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (X3rşı, № 66610/10, § 30, 14 mart 2017). Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq - Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri- qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər; siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, §
50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamışdırlar və çəlişən maraqları qarşılaşdıra bilməmişdirlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Məhkəmənin mövqeyi: xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X8 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən həmin Saziş Qanun statusunu almışdır. Sözügedən Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilmişdir. İddiaçı cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilmiş ərazi hüdudları daxilində qanunsuz tikili inşa etməklə yaşamasını Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirilməsinə ciddi maneə kimi qiymətləndirməklə həmin qanunsuz tikilinin sökülməsini tələb edir. Cavabdeh tərəfindən həmin ərazidə fərdi yaşayış evi, hasar və s. inşa edilmişdir (fotoşəkillə müəyyən edilir). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq qeyd edilməlidir ki, sökülməsi tələb edilən tikili hazırkı iş üzrə cavabdehin yaşayış yeri olduğundan, ona mövcud yaşayış yerinə və həyat şəraitinə ekvivalent təminat verilmədən yaşayış yerlərindən məhrum edilməsi yolverilməzdir. Mübahisəli tikilinin mövcud qanunvericiliyə əsasən qanunsuz tikili sayılması işin mübahisəsiz halı olsa da, bu fakt özlüyündə hazırkı iddianın təmin olunması üçün kifayət deyil. Belə bir yetərlilik ancaq iddia cavabdehə müvafiq kompensasiya təklif etməklə qaldırılsa mövcud ola bilərdi. Sazişdə kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı müddəa olmasa da, bu öhdəlik Saziş əsasında yox, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında göstərdiyi mövqeyə əsasən və şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatı üçün qanuni əsaslarla yaranmış öhdəlikdir. Beləliklə, hazırki halda iddiaçı tərəfindən cavabdehə kompensasiya təklif edilmədiyindən, iddia rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı şirkətinin Nəbiyeva (Ziyadova) Zümrüd Umud qızına qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması barədə iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev