Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2516/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı 10.08.2018-ci il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı 10.08.2018-ci il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 10.08.2018-ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən Cavabdeh İddiaçı ilə 26.03.2014-cü il tarixdən 19.05.2015-ci il tarixədək borc verən və borc alan arasında aparılmış mal-material alqı-satqısı nəticəsində yaranmış 171700,20 manat məbləğində vəsaiti cavabdehə qaytarmağı üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış 10.08.2018-ci il tarixli borcun etirafı müqaviləsi tamamilə uydurmadır, əhəmiyyətsizdir və etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh 2018-ci ilin avqust ayında iddiaçı ilə əlaqə saxlayaraq iddiaçıya işi düşdüyünü bildirmiş, tərəflər görüşdükdə cavabdeh iddiaçıdan kömək etməsini xahiş etmişdir. Cavabdeh heç bir müqavilə və qaimə olmadan kimlərəsə mal-material verdiyini, lakin indi həmin mal-materialların dəyərini ala bilmədiyini bildirmişdir. Daha sonra cavabdeh biznes ortaqlarının həmin vəsaitlərin onun tərəfindən mənimsəndiyinə şübhə etdikləri üçün iddiaçıdan ona kömək etməsini xahiş etmişdir. Cavabdeh iddiaçıdan notariusda borcun etirafı müqaviləsi bağlanılmasını xahiş etmişdir ki, guya həmin mal-materialları iddiaçıya vermiş, özünün həcc ziyarətində olduğunu, iddiaçının ona tam güvənə biləcəyini vurğulamışdır. Cavabdeh bunun sadəcə biznes ortaqları üçün formal xarakter daşımasını vurğulamış, iddiaçı da cavabdehə kömək etmişdir. Göründüyü kimi tərəflər arasında hər hansı bir mal-material alqı-satqı müqaviləsi mövcud olmamışdır. Ümumiyyətlə iddiaçı cavabdehdən hər hansı bir mal-material almadığından tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşıyır. İddiaçı cavabdeh bunun əksini sübut etsə, müqavilədə qeyd olunan məbləği ödəməyə hazırdır. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Əgər cavabdeh iddiaçıya mal-material vermişdirsə, deməli bu malların alqı-satqısı müqaviləsi olmalı, həmin malların təhvil-təslim aktı olmalı, həmin mallara görə məcburi dövlət ödənişləri (vergi və s.) edilməlidir. Bunlardan hər hansı biri olarsa iddiaçı müqavilə üzrə qeyd olunan məbləği tam ödəməyi öhdəsinə götürür. Əks halda tərəflər arasında bağlanmış 10.08.2018-ci il tarixli borcun etirafı müqaviləsi etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.11.2018-ci il tarixli qərarında vurğulanır ki, “Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər halda posessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanmalıdır”. Aşağıdakı hallar aşkar edilərsə etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Bu iş üzrə aldatma bir faktdır. Ona görə də İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.08.2018-ci il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ali təhsilli omaqla uzun müddətdir biznes fəaliyyəti ilə məşğuldur. Cavabdeh ona müraciət edərək onunla formal olaraq borcun etirafı müqaviləsi bağlamasını təklif etmiş, o, da N.S. İskəndərova inanaraq onunla birlikdə notariat kontoruna getmiş, notariusda ona bağlanılan müqavilənin formal olmasını bildirmiş, bundan sonra o, tərtib olunan borcun etirafı müqaviləsini imzalamışdır. N.S. İsgəndərov ona qarşı borc tələbi ilə məhkəməyə müraciət edərkən o, cavabdehdən hansı səbəbdən mövcud olmayan borcu ondan tələb etməsini soruşmamışdır. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər uzun müddətdir bir-birilərini tanıyır və aralarında etibarlı münasibətlər olmuşdur. Bu səbəbdən Cavabdeh İddiaçıla inşaat materiallarının nisyə alqı-satqısına dair şifahi razılaşma bağlamış, bu razılaşmaya əsasən iddiaçıya 300000 manat dəyərində mal-material vermişdir. İddiaçı mal-materialın dəyərinin bir hissəsini ödəmiş, 171700 manat hissəsini ödəməmişdir. Bundan sonra tərəflər qarşılıqlı razılığa əsasən notarial qaydada təsdiq olunan borcun etirafı barədə müqavilə bağlamışlar. Cavabdehla İddiaçı arasında notarial qaydada bağlanmış 10.08.2018-ci il tarixli reyestrdə 3M-341 nömrə ilə qeyd edilmiş borcun etirafı müqaviləsinə əsasən 26.03.2014-19.05.2015-ci il tarixlərdə tərəflər arasında aparılmış mal-materialın alqısatqısı nəticəsində yaranmış 171700,20 manat borcunu iddiaçı etiraf etdiyindən cavabdeh həmin borcun yaranmasını sübut etmək vəzifəsindən azaddır. 2020-ci ildə Sobsan fabrikində baş vermiş yanğın nəticəsində həmin mal-materialların verilməsi ilə bağlı qaimələr və sair sənədlər məhv olduğundan cavabdeh tərəfindən həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. N.S.İsgəndərov borc tələbi ilə məhkəməyə müraciət etdiyindən, onun iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2(001)-4533/2020 saylı qətnaməsi ilə təmin edildiyindən iddiaçı vaxt uzatmaq məqsədi ilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1.-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2.-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3.-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4.-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənini 882.5.-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında notarial qaydada bağlanmış 10.08.2018-ci il tarixli reyestrdə 3M-341 nömrə ilə qeyd edilmiş borcun etirafı müqaviləsinin surətindən müəyyən olunur ki, 26.03.2014-19.05.2015-ci il tarixlərdə borc verən və borc alan arasında aparılmış mal-material alqı-satqısı nəticəsində yaranmış 171700,20 manat məbləğində pul vəsaitini borc alan müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndindən müəyyən olunur ki, borc verənin öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş öhdəliklər, borc alanın öhdəlikləri borc məbləğini 10.04.2019-cu il tarixədək tam həcmdə geri qaytarmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər öhdəliklərdir. Müqavilədən daha sonra müəyyən olunur ki, müqavilə tərəflərinə hüquq və vəzifələrinin izah edilməsini, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə tərəflər xəbərdar edilmələrini öz imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2(001)-4533\2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək İddiaçı 171700 manatın, dövlət rüsumuna görə 30,40 manatın Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə borcunun olmasını etiraf etmiş, sonuncunun etirafı tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş 10.08.2018-ci il tarixli 3M-341 reyestr nömrəli əqdlə təsdiq olunmuş, tərəflərin qarşılıqlı razılığına əsasən öhdəliyin icrası üçün borcalana borcu tam qaytarması üçün 10.04.2019-cu il tarixədək möhlət verilmişdir. İddiaçı 10.08.2018-ci il tarixli 3M-341 reyestr nömrəli əqdin onun aldadılması nəticəsində bağlanıldığından etibarsız olmasını iddia etsə də, bu fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM –nin 389.1,390.1,390.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1.-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2.-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3.-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidirlər. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ali təhsilli olmaqla uzun müddət biznes fəaliyyəti ilə məşğul olur, tərəflər bir-birilərini yaxından tanımaqla etibarlı münasibətləri olmuşdur. İddiaçı mövcud borcun etirafı haqqında müqaviləni imzalamaqla başlıca əqddən irəli gələn öhdəliklərinin qalmasını etiraf edərək həmin öhdəliyin icrası üçün vaxt istəmiş, yalnız öhdəliyinin icrası ondan tələb olunduqdan sonra əqdi mübahisələndirmək üçün məhkəməyə müraciə etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, 10.08.2018-ci il tarixli 3M-341 reyestr nömrəli borcun etirafı müqaviləsi ilə öz öhdəliyini etiraf edən iddiaçının başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürmək hüququ olmadığından, etiraf etdiyi borcun mövcud olmamasını sübut etmək vəzifəsi iddiaçının özünə aid olduğu halda iddiaçı məhkəmə araşdırması zamanı mübahisələndirdiyi əqdin etibarsız olmasını təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı 10.08.2018-ci il tarixli 3M-341 reyestr nömrəli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2516/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2516/2021
29.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver