Məhkəmə qərarları › İş №2(001)-253/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-253/2024

20.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-253/2024 20.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 398554.534 4478225.213; 2. 398561.554 4478231.285; 3. 398573.698 4478219.331; 4. 398566.045 4478210.287 koordinatlar) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Hesab edilmişdir ki, cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, cavabdehin evinin yaxınlığından fəaliyyətdə olan neft quyusu yoxdur. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir mübahisəli torpaq sahəsini 2004-cü ildə Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsindən almış və 2005-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Özü müharibə veteranıdır və heç bir qanunsuz tikinti ilə məşğul olmamışdır. Onda olan məlumata görə Neft şirkəti həmin əraziləri Biləcəri Bələdiyyəsinə satmışdır. O da Biləcəri Bələdiyyəsindən alqı-satqı yolu ilə torpaq sahəsini almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X5 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. 7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1407 saylı qərarından görünür ki, X3 Cəmiyyəti Biləcəri Su Təchizatı və kanalizasiya Sistemləri İstismarı müəssisəsindən, Binəqədi rayon Qİİ-nin 2 saylı QXS-dən və "xxxx" Azərbaycan Elektrik Şəbəkəsi MMC Binəqədi rayonunun Biləcəri İS-nin razılığını nəzər alaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində cizgi əsasında 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə Bakı şəhər sakini Cavabdeh satılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12402/2023 saylı qərarından görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı (üçüncü şəxs Müzəffər Mahir əziz oğlu) “xx.xx.2004-cü il tarixli sərəncamının etibarsızlığının tanınması” barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qərarda göstərilir: Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel, 2005-ci il tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş 01 Sentyabr 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir.Azərbaycan Respublikasının 29 aprel 2005ci il Qanununu 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamların (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvələr bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar hər hansı qərar, sərəncam və ya başqa cür sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür. Bununla da, hazırki iddia ilə mübahisə edilən Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 407 saylı, 16 dekabr 2004-cü il tarixli qərarı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixindən itirmişdir. Məhkəmə qeyd edir ki, artıq qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda, Binəqədi rayon Biləcəri Bələdiyyəsinin qərarının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edilən və cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə özbaşına tikilidir və iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikinti aparıldığından onun tələbi əsaslıdır. Bununla belə məhkəmə o qənaətə gəlir ki, özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Məhkəmənin bu qənaəti “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı mövqedən formalaşmışdır. Belə ki, həmin qərarın məzmunundan görünür ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymtləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökümət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökümət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bu səbəbdən də ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qətnamənin icrası müddəti müəyyənləşdirilməlidir. Bu məqam məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmiş və müəyyən edilmişdir ki, cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi yaxınlığında fəaliyyətdə olan neft quyusu yoxdur. Sadəcə həmin evin yerləşdiyi torpaq sahəsi şirkətin saziş ərazisi hüdudlarında yerləşir. Göründüyü kimi tikilinin sökülməsi və cavabdehin çıxarılmasının təcililiyi ilə bağlı hal yoxdur. Bu səbəbdən də qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan cavabdeh aztəminatlı əhali kateqoriyasına aiddirsə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Həmiçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 398554.534 4478225.213; 2. 398561.554 4478231.285; 3. 398573.698 4478219.331;

4. 398566.045 4478210.287 koordinatlar) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. Qətnamə özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə(fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar