Məhkəmə qərarları › İş №2(001)-255/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-255/2021

30.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-255/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı Socarın “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Socarın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh oğluna qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Socarın “Neft Kəmərləri” İdarəsi Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socarın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 121-ci km-də, kəmərdən 15 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh oğlu tərəfindən həmin ünvanda aparılan qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı SOCARın “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında tikili inşa etmişdir. Həmin tikilinin mülkiyyət olaraq dövlət qeydiyyatına alınması və cavabdehin mülkiyyətində olması aşkar edilməmişdir. Hazırda iddiaçı Socarın “Neft Kəmərləri” İdarəsi cavabdehə qarşı iddia qaldıraraq, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin dövlətin müstəsna mülkiyyətində olmaqla onun istifadə və sahibliyində olan sənaye təyinatlı torpaq sahəsi olduğunu, tikilinin lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edildiyini iddia edir və həmin tikililərin cavabdehin hesabına sökülməsini tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1004 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli rəyində Cavabdeh Bakı şəhəri, Binəqəri rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi ev 0020, mənzil 0123 ünvanında inşa etdiyi tikintinin yerləşdiyi torpaq sahəsinin tam hissəsinin X6 İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin (kəmərin 121-ci km-də, kəmərdən 15 metr aralı) mühafizə zonasında yerləşən torpaq sahəsinin hüdudları daxilində olduğu, magistral neft kəmərlərinin mühafizə zonasının Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin xx xxxxxx 2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində isə xx xxxxxx 2003-cü ildə 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndində göstərilən 50 m-lik mühafizə zonası tənzimləndiyi göstərilmişdir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş tikili dövlətin müstəsna mülkiyyətində olmaqla iddiaçının istifadə və sahibliyində olan sənaye təyinatlı torpaq sahəsi üzərində yerləşir. Bu da həmin tikilinin qanunsuz tikili olması qənaətinə gəlmək üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, iddiaçı Socarın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 121-ci km-də, kəmərdən 15 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, ünvan 2 ünvanında Cavabdeh tərəfindən aparılan qanunsuz tikili cavabdehin hesabına sökülməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçı Socarın “Neft Kəmərləri” İdarəsinə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Socarın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş- 500 mm-lik magistral neft kəmərinin 121-ci km-də, kəmərdən 15 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, ünvan 2 ünvanında Cavabdeh tərəfindən aparılan qanunsuz tikili cavabdehin hesabına sökülsün. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçı Socarın “Neft Kəmərləri” İdarəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar