Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2577/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı müqavilənin ləğvi, borcun və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə 16 may 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli, MAS- 5494 saylı Daxili maliyyə lizinqi müqaviləsinə əsasən, 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF632729 ban nömrəli, ağ rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X2”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19 faiz hesablanmaqla 26 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 422,05 manat, ümumilikdə isə 10973 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 10973 manatın 8938 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə heç bir ödəniş edilməmişdir. İddiaçının mülkiyyətində olan həmin avtomobil 18 dekabr 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Avtomobilin təmir-bərpa xərci 1205,87 manat təşkil edir. Eyni zamanda, cavabdehin lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 dekabr 2022-ci il tarixə ümumilikdə 1182,93 manat gecikmə borcu yaranmışdır. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 11 oktyabr 2022-ci il tarixli, MAS-5494 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 dekabr 2022-ci il tarixə 565,51 manat gecikdirilmiş əsas, 278,6 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 338,82 manat dəbbə pulu, avtomobilə dəymiş zərərə görə 1205,87 manat, ümumilikdə 2388,8 manat borc və ödənilməmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini göstərib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh 11 oktyabr 2022-ci il tarixli, MAS-5494 saylı lizinq müqaviləsinə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Buna görə də, tərəflər arasında bağlanmış həmin müqavilə ləğv edilməli, ödənilməmiş lizinq ödənişləri üzrə 565,51 manat əsas borc, 278,6 manat mükafat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 565,51 manat məbləğində əsas borca 338,82 manat məbləğində dəbbə borcunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 338,82 məbləğində dəbbə pulunun məbləği azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. Habelə, qüsur aktı ilə müəyyən edilir ki, avtomobilin təmir-bərpa xərci 1205,87 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli, MAS-5494 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 565,51 manat əsas, 278,6 manat gecikdirilmiş mükafat və 40 manat cərimə borcu, dəymiş zərərin əvəzi kimi 1205,87 manat olmaqla ümumilikdə 2089,98 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaitinin 75 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli, MAS- 5494 saylı “X2” ləğv edilsin. Cavabdeh 565,51 manat əsas, 278,6 manat gecikdirilmiş mükafat və 40 manat cərimə borcu, habelə zərərin əvəzi kimi 1205,87 manat olmaqla ümumilikdə 2089,98 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 75 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2577/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2577/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver