Məhkəmə qərarları › İş №2(001)-2610/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2610/2021

26.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2610/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh Azərsu ASC-yə qarşı Binəqədi rayonu 7-ci mkr, 3126 məhəllə ünvanında su hesabına 01.02.2016-cı il tarixə hesablanan 2174,94 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərsu ASC-yə qarşı Binəqədi rayonu 7-ci mkr, 3126 məhəllə ünvanında su hesabına 01.02.2016-cı il tarixə hesablanan 2174,94 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Binəqədi rayonu 7 mikrorayon 3126 məhəllə ünvanında ət satışı ilə məşğul olur. Azərsu ASC Binəqədi rayon Sukanalı idarəsi tərəfindən onun barəsində 01.02.2016-cı il tarixdə akt tərtib olunaraq güya onun sayğacdan kənar qoşulması aşkar olunduğu üçün ona 2174,94 manat əsassız olaraq cərimə borcu yazılmışdır. Lakin həmin ərazidə işləyən şəxslərə məlumdur ki, həmin əlavə xətt ona aid deyildir. Su xətti onun işlədiyi yerin yan tərəfində yerləşən ərzaq mağazasına aiddir. Cərimənin yazılması barədə o, yalnız 2021-ci ilin yanvar ayında aktın surətini alarkən məlumatı olmuş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Azərsu ASC tərəfindən qanunsuz olaraq onun Binəqədi rayonu 7 mikrorayon 3126 məhəllə ünvanında su hesabına (102635) 01.02.2016-cı il tarixə hesablanmış 2174,94 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Azərsu ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Azərsu ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərsu ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərsu ASC-nin MXD-07426 saylı inventar aktının surətindən müəyyən olunur ki, istehlakçı fiziki şəxs İddiaçı 7 mkr, E.Məlikov küçəsi 2A ünvanında sayğacdan kənar d=15 mm-lik rezin boru ilə sudan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. İddiaçı aktı imza etməkdən imtina etmişdir. Azərsu ASC-nin 01.02.2016-cı il tarixli aktının surətindən müəyyən olunur ki, istehlakçı fiziki şəxs İddiaçı 7 mkr, E.Məlikov küçəsi 2A ünvanında istifadə etdiyi su sayğacının işlək vəziyyətdə olması, sayğacdan kənar d=15 mm-lik rezin boru ilə sudan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı aktı imza etməkdən imtina etmişdir. Azərsu ASC-nin istehlakçı fiziki şəxs İddiaçı təqdim etdiyi hesabatdan müəyyən olunur ki, ünvan 4 ünvanında qanunsuz qoşulma nəticəsində sudan qeyri-qanuni istifadəyə görə vurulan 1098 m3 miqdarında su itkisinə görə İddiaçı 2174,94 manat ziyan hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10\3699 saylı 20.09.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, baxış zamanı ət mağazasına daxil olan giriş xəttinin yerüstü hissəsində kənar xətt aşkar edilməmişdir. Azərsu ASC-yə məxsus ümumi paylayıcı su xətti və sayğacın giriş xətti yeraltı çəkildiyinə görə xətlərin üzərində kənar qoşulmanın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ət mağazasının su sayğacına daxil olan giriş xəttinin üzərində kənar qoşulma aşkar edilmədiyinə, həmçinin Azərsu ASC-yə məxsus ümumi paylayıcı su xətti və sayğacın giriş xətti yeraltı çəkildiyinə görə xətlərin üzərində kənar qoşulmanın olubolmamasını müəyyən etmək mümkün olmadığına görə Azərsu ASC-yə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, keçirilmiş ekspertiza tədqiqatın dəyəri olan 102 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərsu ASC-nin əməkdaşları fiziki şəxs İddiaçı Binəqədi rayonu 7-ci mkr, 3126 məhəllə ünvanında sudan qeyri-qanuni istifadə etməsinə dair akt tərtib edib 01.02.2016-cı il tarixə vurulan ziyana görə 2174,94 manat hesablayaraq istehlakçıdan tələb etsələr də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddiaçının istifadəsində olan ət mağazasının su sayğacına daxil olan giriş xəttinin üzərində kənar qoşulmanın aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh tərtib etdiyi aktda qeyd olunan faktın baş verməsini sübuta yetirə bilmədiyindən, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus su xəttinə qeyri-qanuni qoşulması öz təsdiqini tapmadığından iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərsu ASC-nin İddiaçı su sərfiyyatına görə tələb etdiyi 2174,94 manat borc silinsin. Azərsu ASC-dən dövlət rüsumuna görə 30 manat və ekspertiza tədqiqatının dəyərinə görə 102 manat olmaqla cəmi 132 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar