Məhkəmə qərarları › İş №2(001)-2617/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2617/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2617/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evə paylı mülkiyyət hüquqlarına 15000 manat kompensasiya ödənilməklə paylarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evə mülkiyyət hüquqlarına 15000 manat kompensasiya ödənilməklə paylarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.1975-ci il tarixdə mərhum X7 ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların xx.xx.1984-cü il tarixdə Şəbnəm adlı qızları anadan olmuşdur. İddiaçı E.Cavabdeh2la rəsmi nikah bağlayaraq ailə qurduğu gündən bu günə kimi mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evdə yaşayır. Sonradan iddiaçıya məlum olmuşdur ki, mərhum həyat yoldaşı X8 ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş və bu münasibətlərdən xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. E.Cavabdeh2 A.M.Cəfərova və uşaqları üçün ayrıca ev almış, onları da mənzillə təmin etmişdir. Lakin A.M.Cəfərova bununla qane olmamış və iddiaçıya qarşı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun yaşadığı evdən də pay istəmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə A.M.Cəfərovanın iddiası təmin edilmiş və Cavabdeh1 və Cavabdeh2 hər birinin ¼ hissədə olmaqla bu əmlakda payları müəyyən edilmişdir. İddiaçının yaşadığı fərdi yaşayış evi bir girişçıxışa malik olmaqla cəmi 2 otaqdan ibarətdir. Belə bir vəziyyətdə cavabdehlərin bu evə köçərək iddiaçı ilə birlikdə yaşaması qeyri-mümkündür. Lakin cavabdehlərin anası yenidən məhkəməyə iddia ərizəsi verərək bu mənzilə köçürülmələrini tələb etmişdir. Hal-hazırda şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evin naturada paylara münasib bölünməsi qeyrimümkündür. Yəni bu əmlakın paylara münasib real surətdə bölünməsi həm texniki cəhətdən mümükün deyil, həm də bu evin yaşayış üçün yararsız hala gətirib çıxarılmasına səbəb ola bilər. Cavabdehlərin başqa ünvanda yaşayış sahələri vardır, iddiaçının isə yeganə yaşayış sahəsi bu evdir. Yəni cavabdehlərin bu evdən istifadə edilməsində mühüm mənafeləri yoxdur. Ona görə də Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 15 000 manat məbləğində kompensasiya verməklə, onların Bakı şəhəri Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evindəki paylarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X9 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum E.Cavabdeh2 övladları olmaqla birinci dərəcəli vərəsələri sırasına daxildirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli 2(001)-9371/2014 saylı qətnaməsinə əsasən X4 miras qalmış Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evində Cavabdeh1 və Cavabdeh2 hər birinin ¼ hissə olmaqla payları müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evində tərəflərin payları müəyyən edilsə də, həmin evin paylı mülkiyyətçilərin paylarına uyğun real bölgüsü aparılmamışdır. Cavabdehlər həmin evin paylarına uyğun naturada bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar. Bundan başqa iddiaçı cavabdehlərin paylarına konpensasiya verilməklə xitam verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, ayrılmaq istəyən mülkiyyətçi kimi iddiaçı öz payının alınmasını cavabdehlərə təklif edə bilər. İddiaçı cavabdehlərə qarşı müxtəlif əsassız iddia tələbləri ilə məhkəməyə müraciət etsə də, məhkəmə iclaslarına gəlmir. Ona görə də İddiaçı məhkəmə iclasına gəlmədiyindən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxıb iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də İddiaçı və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X9 İddiaçı məhkəmə iclasına gəlmədiyindən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxıb iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini, cavabdeh D.E. Məmmədovun nümayəndəsi və vəkili V.O.Şamilovun işin mahiyyəti üzrə həll olunmasını tələb etməsini nəzərə alıb işə İddiaçı və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 395718 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.2009-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 355 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli 2(001)-9371/2014 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X5 İddiaçı, X3 və Bakı şəhəri 27 saylı notariat kontoruna qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi barədə ilkin iddiası qismən təmin edilərək X4 miras qalmış Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evinin ½ hissəsindən İddiaçı və X1 bərabər hissələrlə irs alması barədə Bakı şəhəri 27 saylı Notariat kontorunda 2V-83 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X4 miras qalmış Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evinin ½ hissəsindən İddiaçı, X1, Cavabdeh1 və Cavabdeh2 hər birinin ¼ hissə olmaqla paylarının müəyyən edilməsi, İddiaçı və X1 X6 qarşı əqdin və əqd əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, yaşayış evinin miras kütləsinə daxil edilərək vərəsələr arasında payların müəyyən edilməklə bölünməsi barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı ev ½ hissədə X2, ¼ hissədə İddiaçı, ¼ hissədə X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 2239 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Məhkəmə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisi İddiaçı həmin evin hər birinə ¼ hissə olmaqla paylı mülkiyyətlərində olan Cavabdeh1 və Cavabdeh2 paylarının dəyəri olaraq cəmi 15000 manat kompensasiya ödəməklə həmin evə olan mülkiyyət hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. İstinad olunan normadan müəyyən olunur ki, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əsasən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılmaq istəyən mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evin paylı mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü müəyyən edilmədiyindən, ayrılmaq istəyən mülkiyyətçi kimi iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmək hüququna malik olduğundan iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə iddiaçının ödədiyi dövlət rüsumunu özünə aid edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evdə paylı mülkiyyət hüquqlarına 15000 manat kompensasiya ödənilməklə paylarına xitam verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar