Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2627/2024 05.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs2 və Azərbaycan Respublikasının Baş Prokurorluğu cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi(maraqlı şəxslər qismində Maraqlı şəxs2 və Azərbaycan Respublikasının Baş Prokurorluğu cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1988-ci il fevral ayından 1991-ci ilin noyabr ayınadək olan dövrdə Goranboy yerli özünümüdafiə dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2-ci maddəsində məhkəmə müəyyən edilməsi barədə baxdığı işlərin siyahısı göstərilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. -114.1. və 114.1.2-ci maddələrə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə təsvir edilənlərə əsasən hesab edirəm ki, ərizəçinin onun 1988-ci il fevral ayından 1991-ci ilin noyabr ayınadək olan dövrdə Goranboy yerli özünümüdafiə dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə ümumi məhkəmə qaydasında baxılması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Ona görə də ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalı, həmçinin müvafiq inzibati orqanların hərəkəti və ya hərəkətsizliyi ilə bağlı ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs2 və Azərbaycan Respublikasının Baş Prokurorluğu cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, müvafiq inzibati orqanların hərəkəti və ya hərəkətsizliyi ilə bağlı ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024cü il tarixdə ********** nömrəli qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2627/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2627/2024
05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver