Məhkəmə qərarları › İş №2(001)-2659/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2659/2024

06.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2659/2024 06.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 nömrəli fərdi yaşayış evinə dair “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 fevral 2024-cü il tarixli, ******* saylı akt və alt əsasında tərtib edilmiş 26 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən əsassız olaraq hesablanmış 777.6 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2023-cü ilin noyabr ayında almışdır. Evi aldıqdan sonra sayğacları öz adına keçirmək üçün müvafiq təşkilatlara müraciət etmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilmiş, həmçinin sayğac 28 dekabr 2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. Bu barədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 fevral 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda “ AKT N 44 rəyə əsasən sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu” qeydi yazılmışdır. AKT tərtib edilərkən tərəfindən imzalanmamışdır. Bu barədə yalnız cavabdehin qaynar xəttinə müraciət etdiyi zaman məlumat almışdır. Bildirir ki, qaz sayğacı fərdi yaşayış evinin daxilində deyil, hasarın çöl hissəsində quraşdırılmışdır və ev hələ ondan öncəki sakinin istifadəsində olduğu dövrdə sayğac uzun müddət istifadəsiz qalmışdır. Qaz sayğacına edilmiş müdaxilədən məlumatı yoxdur. Sayğaca edilən hər hansı müdaxilədə və qaz sayğacının sıradan çıxmasında günahkar deyildir. Bütün bunlara baxmayaraq, ona 777.6 manat borc hesablanmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2023-cü ilin noyabr ayının axırında almışdır. O, evi alan zaman uzun müddət yaşayış olmamışdır. Ev böyük olduğundan bağ evi kimi istifadə edilmişdir. Qonşuların dediklərinə görə 1 il ərzində orada kirayəçilər yaşayıblar. O, evi alan zaman qazdan istifadəyə görə 290 manat borc olmuşdur və borca görə sayğac passivdə olmuşdur. Evi aldıqdan sonra sayğacı passivdən çıxartmaq üçün 290 manat borcu ödəmişdir və sayğac yararsız olduğu üçün Cavabdehnə müraciət etmişdir. Sayğac passivdən çıxdıqdan bir neçə gün sonra təxminən 27.28 dekabr 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən qaz sayğacı onun müraciəti əsasında yenisi ilə əvəz edilmişdir. Daha sonra ona 777.6 manat borc yazılmışdır. Bundan başqa o, 290 manat borcu ödədikdən sonra ona 346.7 manat yenidən borc hesablamışdırlar. Dəyişilən sayğac mexaniki olmuş, yeni quraşdırılan sayğac da mexanikidir. Bundan əlavə o evi alan zaman qaz xətti kəsilmiş və sayğac passivə salınmış və borc qalmışdır. Ona idarədən bildirdilər ki, əvvəlcə sayğacı passivdən çıxartmaq üçün ərizə ilə müraciət etməli, sonra borcu ödəməli, sonra da öz hesabına qaz xəttini yenidən çəkməlidir. O, isə 400 manat vəsait xərcləyərək xətti bərpa etmişdir. Sayğacı çıxaran zaman cavabdehin əməkdaşları da sayğacın modelinə təəccüb etmiş və sayğacın ən az 30 ilin sayğacı olduğunu demişlər. Onun dekabr ayında bərpa etdiyi xəttə görə sayğaca bir ay sonra müdaxilə etməsi məntiqsizdir.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, iddianı qəbul etmədikləri barədə ərizə və işlə bağlı sənədlər göndərmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. ünvan 2 ünvanına Azəriqaz İB tərəfindən **********00000 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmışdır.

6. xx.xx.2023-cü il tarixdə Cavabdeh nümayəndələri Elster tipli, G-4 markalı, ******* nömrəli sayğacı çıxarmışlar və onu Zenner tipli, G-2.3 markalı, **********3 nömrəli sayğacla əvəzləmişlər. Çıxarılan sayğacın mexaniki göstəricisi 13083 olmuş və sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olmuşdur. Bu barədə ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT tərtib edilmişdir.

7. Çıxarılan sayğac xx.xx.2024-cü il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş və xx.xx.2024-cü il tarixdə sayğaca baxış keçirilmişdir. Baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb və sayğacın istismara yararsızlığı aşkar edilmişdir. Bu barədə 0044 nömrəli akt tərtib edilmişdir.

8. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın rəis müavini tərəfindən xx.xx.2023cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir.

9. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən xx.xx.2024-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 kub.m orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 6480 kub.m olduğu ehtimal edilmişdir.

10. Abonentin hesabına 2024-cü ilin fevral ayında 777,60 manat borc yazılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:

12. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

13. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

14. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

15. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının:

17. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

19. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

20. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. İşin halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə əvvəlki abonentin adına olmuş sayğac çıxarılmış və laboratoriya yoxlamasına göndərilmişdir. Sayğacın çıxarılma səbəbi onun işlək vəziyyətdə olmaması və istismara yararsızlığı olmuşdur. Hansı ki, abonentlə istehsalçı arasında müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış və abonentə yeni sayğac quraşdırılmışdır. Yeni abonentin əvvəlki sayğaca müdaxiləsi ilə bağlı hər hansı hal müəyyən edilmədiyi kimi, onun digər şəxsin hüquqazidd hərəkətlərinə görə məsuliyyət daşıması da hüquqi cəhətdən əsassızdır. Bundan əlavə ümumiyyətlə sayğaca hər hansı müdaxilə faktı mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, çıxarılan sayğac cavabdehin tabeliyində olan qurumda yoxlanılmışdır və istismara onsuz da yararsız olan sayğacda mənşəyi məlum olmayan plombun aşkar edilməsi inandırıcı deyildir. Bundan əlavə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Eyni zamanda təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixdə AKT tərtib edilən zaman qazdan istifadə ilə bağlı artıq yeni qaydalar qüvvədə olmuş və qaz paylayıcı tərəfindən həmin qaydalara əməl edilməmişdir. Belə ki, qazdan istifadə ilə bağlı yeni qaydalara əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin qaz paylayıcının göstərilən qaydada hərəkət etmədiyi işin halları ilə müəyyən edilir.

27. Odur ki, istehsalçı tərəfindən abonentə hesablanmış 777.6 manat borc əsassız olduğundan silinməlidir. Tətbiq edilən prosessual normalar

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

31. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

32. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

34. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

35. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

37. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 777,60 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00000) silinməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 777.6(yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00000) silinsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar