Məhkəmə qərarları › İş №2(001)-268/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-268/2025

06.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-268/2025 06.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin sudan istifadəyə görə hesabladığı 1492,11 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə hesab fakturası ilə onlara qanunsuz olaraq 2019,39 borc yazmışdır. Bildirir ki, yaşadığı evi 2007ci ildə inşa etmişlər. Su sayğacı 2013-cü il tarixdə quraşdırılmışdır. Suyun istifadəsi smart kart tipli su sayğacının balans yükləmələrinə əsasən aparılmışdır. İldə bir dəfə Sukanalı İdarəsinin mütəxəssisləri su təchizatı xəttinə baxış keçirirlər. Hər hansı bir nasazlıq olusa onlar həmin nasazlığı aradan qaldırmağa borcludurlar. Smart kart tipli sayğac olduğu üçün suyun istifadəsi balansdan asılı olub. Hər ay su sərfiyyatlarını nəzərə alıb balansa pul yükləmişlər. Buna baxmayaraq, cavabdeh xx.xx.2024-cü il tarixdə hesab fakturası ilə hüquqlarını pozub onlara qanunsuz olaraq 2019,39 manat borc yazmışdır. Bunun bağlı cavabdehə müraciət etmişdir. Cavabında isə cavabdeh ona sayğacın mexaniki hissəsində 2424 m³ su sərfiyyatı müəyyən edilmiş, onlar tərəfindən smart karta 404 m³ su yüklənmiş əlavə istifadə etməmiş 2020 m³ su sərfiyyatı borc olaraq qaldığınıbildirir. Əlavə olaraq bildirir ki, müraciətindən sonra cavabdeh guya borcun düzgün hesablanmadığına görə düzəliş etmiş və hazırki borcu 1492,11 manat hesablamışdır. Hesab edir ki, bu absurddur. Bununla da cavabdeh onun hüquqlarını kobud dərəcədə pozur. O da, hüquqlarından istifadə edərək, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli müraciətə baxılması haqqında məktubunun surətindən görünür ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı xx.xx.2023-cü il tarixinədək 50087317 nömrəli smart kart tipli su sayğacının balans yükləmələrinə əsasən aparılmışdır. Qeyd olunan tarixdə Binəqədi rayon Sukanal İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacın elektron hissəsinin su sərfiyyatını qeydə almadığı müəyyən edilmiş və hesabat sayğacın mexaniki hissəsinin göstəricisinə əsasən aparılmışdır. Qeyd olunan sayğacın mexaniki hissəsində 2424 m³ su sərfiyyatı müəyyən edilmişdir. İddiaçı tərəfindən smart karta 404 m³ su yüklənmiş, əlavə istifadə edilmiş 2020 m³ su sərfiyyatı balansında borc olaraq qalmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən Cəmiyyətin elektron abonent bazasında (kod: **********000) 600,28 manat məbləğində müvafiq düzəliş edilmişdir. Hazırda sayğacın son göstəricisi 2497 m³ olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda yaranmış borc 1492,11 manat təşkil edir. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. xx.xx.2024-cü il tarixli hesab fakturanın surətindən görünür ki, İddiaçı adına olan **********000 nömrəli abonent kodu olan Binəqədi, ünvan 2 ünvanına 2019,39 manat məbləğində borc hesablanmışdır. **********000 nömrəli abonent kodu olan abonent kartından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı yolu, döngə 3, 77 nömrəli evə 1426,11 manat borc hesablanmışdır. Sayğacın dəyişmə və ya mexaniki hissəyə çevrilmə aktına əsasəngöstərici 2424 göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan abonentin saldo cədvəlinə əsasən, “Abonent haqqında məlumat”dan göründüyü kimi 04 yanvar 2023-cü il tarixədək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış su sayğacı (abonent kodu-**********000) üzrə istifadə edilmiş su təchizatı 1492,11 manat qalıq borc məbləği abonentin saldo cədvəli məlumatlarında öz əksini tapır. Qeyd edilir ki, iş materiallarında abonentin saldo cədvəlindəki məlumatlara əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə 04 yanvar 2023-cü il tarixədək olan borcu 1492,11 manat məbləğində müəyyən olunur. Həmin borc xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında yerləşən evin (abonent kodu-**********000) su sərfiyyatına görə yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı, həmçinin tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları ilə və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə əvvəlcə 2019,39 manat məbləğində borc hesablanmış, daha sonra isə cavabdeh tərəfindən hesablanmış borca müvafiq düzəliş edilmiş və hazırda iddiaçıya məxsus fərdi yaşayış evinə olan borc 1492,11 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həmin borcun əsassız olduğunu qeyd etsə də, məhkəmədə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmiş və hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən də görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında yerləşən evin (abonent kodu- **********000) su sərfiyyatına görə yaranmışdır. Göründüyü kimi, iddiaçının ünvanındakı su sayğacına hesablanmış borc su sərfiyyatına görə olduğundan, yəni əsassız hesablanmadığından, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait cavabdeh Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar