Məhkəmə qərarları › İş №2(001)-2682/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2682/2023

06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2682/2023 06.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evi iddiaçı və ailə üzvlərinin istifadəsindədir. Həmin fərdi yaşayış evi abonent kodu **********10000 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. xx.xx.2023-cü il tarixdə iddiaçı qeyd olunan fərdi yaşayış evində olmadığı zaman Cavabdeh işçiləri gələrək qaz sayğacını küçədə quraşdırılmış yerindən çıxardaraq yeni sayğac quraşdırılacağını bildirərək həmin sayğacı çıxararaq götürmüşlər (akt № 6873391). Heç bir kənar xətt aşkar olunmadan, sayğacın plombu üzərində olmaqla sayğac yerindən çıxarılaraq götürülmüşdür. Bununla bağlı özləri akt tərtib edərək qurğuşun plombun əzilməsi qeyd etmişlər. Sonradan yeni sayğac gətirilərək yerinə quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə Azəriqaz işçiləri iddiaçının yaşadığı fərdi yaşayış evinə gələrək xəbərdarlıq məktubunu təqdim etməklə guya 6220 manat borcunun olduğu bildirilmiş və 3 iş günü ərzində ödəməsi tələb olunmuşdur. Xəbərdarlıq məktubuna əlavə edilən xx.xx.2023-cü il tarixində iddiaçının iştirakı və xəbəri olmadan götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixli AKT MSK-14-2-2/3-5-2118-1 saylı akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 6220 manat borc məbləği hesablanmışdır. Eyni zamanda guya iddiaçının həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Həmin akta əsas kimi X2 Metrologiya Departamentinin rəyinə istinad olunmuşdur. Səbəb isə hesablama qurğusunun plombunun əzik olması gətirilərək 6220 manat borc yazmışlar. Qaz sayğacı daima küçədə quraşdırıldığı yerdə olmuş, borcla bağlı Azəriqaz işçiləri günün istənilən vaxtı həmin sayğaca nəzarət etmək imkanına malik olmuşdur. Abonent olaraq iddiaçı sadəcə qazdan məişətdə istifadə etmişdir. Sayğacın fəaliyyəti və plombuna nəzarəti Azəriqaz işçilərinin bir başa vəzifələridir. Çünki hər ay sayğaca Azəriqaz işçiləri tərəfindən baxış keçirilib çek tərtib edilib. Yani neqativ hal müşahidə olunsaydı sayğacın son dəyişdirildiyi 3 il müddətində bununla bağlı məlumatları olardı. İstehlakçı olaraq iddiaçı qaz sayğacına heç bir müdaxilə etməmiş, plomblun əzilməsi ona məlum olmayan Azəriqaz işçilərinin özlərinin törətdiyi bir hal kimi qiymətləndirir və haqsız yerə cərimə yazılmasına qəti etiraz edir. Çünki bildiyi qədər ətrafında yaşayan 6-dan çox fərdi yaşayış evinə bu qaydada cərimələr yazılmışdır. Sayğac çıxarılan zaman X8 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan X2 Metrologiya Departamentinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da cərimə tətbiq edilmişdir. İddiaçı və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Sayğac iddiaçının faktiki mülkiyyətində olan ərazidə yox, çöl hasarda quraşdırılmış və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə X8 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə X2 Metrologiya Departamentinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Cavabdeh tərəfindən iddiaya etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş, lakin etirazın məzmunundan göründüyü kimi, etirazın hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında məhkəməyə bildirdi ki, cavabdeh iddia ərizəsini qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacın qoruyucu plombu çıxıntılı formada əzilib. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə Akt № MSK – 14-2-2/3-5-2118-1 saylı aktda aşdağıdakılar göstərilmişdir: “ ... 13445551 №-li plomb kəsilərək G-6 M/0010 saylı qutu açıldı. Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqçıqlarında əzik-çızıq izləri var. Sayğac istismara yararsızdır”. İş materiallarında olan abonent kodu **********10000 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2023-cü il tarixdə Zenner G6T mexaniki qaz sayğacı quraşdırılmış və onun “qalıq və aktlar” üzrə 6220,80 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsiüçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000) əsassız hesablanmış 6220,80 manat məbləğində borc silinməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-115/2023 saylı qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10000) qazın verilməsi bərpa edildiyindən, məhkəmə həmin hissədə iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab etmir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000) əsassız hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat məbləğində borc silinsin. 82,20 (səksən iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar