Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2695/2023 25.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2023-cü il tarixli Cavabdeh Binəqədi Rayon X2 əməkdaşları tərəfindən tərtib edilmiş AKT-ın etibarsız hesab edilərək hesablanmış 2592 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə uzun müddətdir yaşayır. 2010-cu ildən etibarən həmin ünvana mexaniki qaz sayğacı quraşdırılmışdır. 22 fevral 2023-cü il tarixdə Binəqədi rayon X2 əməkdaşları tərəfindən ******* nömrəli AKT tərtib edilmişdir. Həmin akta əsasən sayğaca baxış keçirilib, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib və rəqəmli dişli çarxların üzərində əzik-cızıq izləri olması Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi və sayğacın istismara yararsız olması barədə əsassız akt tərtib edilmişdir. Sayğacda problem yaşandığından akt tərtib edilmiş və cərimə kimi 1555 manat cərimə tərtib edilmişdir. Daha sonra Qaz istismar sahəsinə şikayətini bildirdikdən sonra, onun borcunun 2592 manat olduğuna dair abonentin saldosunu təqdim etmişlər. X2 əməkdaşlarının öz diqqətsizliyi ucbatından yaranmış zərərin əvəzinin ondan tələb edilməsi ədalətsizdir. Plastmas qapağının alt hissəsinin deşilib əzilməsi isə onun xətası deyil, buna səbəb uzun müddətdir istifadə olunan sayğacın keyfiyyətinin düşməsidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun evinin ümumi sahəsi 16 kv.m-dir, o faktiki olaraq başqa ünvanda yaşayır, ev çox vaxt boş olur. Evdə hazırda kirayəçi yaşayır. Evdə 4 gözlü qaz piltəsi və ceyran peçi var. Kombi işlətmir, suyun qızdırılması üçün isə elektriklə işləyən Aristondan istifadə edirlər. 2019-2020-ci illərdə pandemiya dövrünə düşdüyündən evdə yaşayış ümumiyyətlə az olmuşdur. Onda mexaniki sayğac olmuş və Azəriqazın əməkdaşları hər ay gəlib qaz sərfiyyatına görə ödəniş almışlar. Sayğaca hər hansı müdaxilə edilmiş olsaydı, sayğacın çarxı fırlanmasaydı ən azından cavabdehin əməkdaşları bunu görər və müvafiq tədbir edərdilər. Halbuki sayğac açıq yerdə olmuş və çöldən də hər hansı şəxs sayğaca baxış keçirə bilərdi. Sayğacın özü 13 ilin sayğacı idi, dəfələrlə Azəriqaza sayğacının dəyişdirilməsini bildirmiş və cavabında sayğacın çətin yerdə olduğu bildirilməklə yubatmışlar. Hansı ki, qonşuluqda olan evlərin sayğacları 2015-ci ildə smart tipli qaz sayğacı ilə dəyişdirilmişdir. 2023-cü ilin yanvar ayında onun köhnə sayğacını söküb, yenisi ilə dərhal əvəz etmişlər. Daha sonra ona 1555 manat cərimə yazıldığını bildirmişlər və bu barədə AKT vermişlər. O həmin məsələ isə bağlı Azəriqaza müraciət etdiyi zaman bildirmişlər ki, borc 1555 manat deyil, 2592 manatdır. Onlara 1555 manat cərimənin yazıldığı saldonu göstərən zaman həmin saldonu ondan alıb cırmaq istəmişlər, lakin o verməmişdir. Yekun olaraq o qaz sayğacına hər hansı müdaxilə etməmiş, qaza dair ödənişləri vaxtı-vaxtında ödəmişdir, qaz sayğacı çıxarılan vaxta qədər işləmişdir.
4. Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixində elektron qaydada iddiaya daxil olmuş və etirazda bildirilmişdir ki, iddiaçı X1 "Azəriqaz" İB-yə qarşı iddiasını qəbul etmirik və hesab edirik ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacına əməkdaşlarımız tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə istehlakçının iştirakı ilə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2023-cü il tarixli AKT tərtib olunmuş və iddiaçı aktı imzalamışdır. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək 2592 manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qazdan istifadə ilə bağlı Cavabdeh ilə İddiaçı arasında müqavilə münasibətləri vardır. İddiaçı Cavabdeh İB tərəfindən **********00000 abonent kodu verilməklə qazaın alqı-satqısı həyata keçirilmişdir. Evdə yerləşən 4 gözlü qaz piltəsi nəzərə alınmaqla Zenner G6T tipli mexaniki qaz sayğacı sözügedən ünvana 2010-cu il tarixdə quraşdırılmışdır. Həmin tarixdən abonent qazdan istifadə etmiş və tərəflər arasında hər hansı mübahisə yaranmamışdır.
6. xx.xx.2023-cü il tarixdə Azəriqazın əməkdaşları AKT- tərtib etmişlər ki, **********00000 abonent kodlu qeyd edilən ünvanda itron tipli G-6 markalı sayğacı çıxarılmış yerinə Zenner tipli, G-6 markalı sayğac quraşdırılmışdır. Həmin vaxt istismarda olan cihaz PQ-4 və kombi olmuşdur. Çıxarılan sayğacın da dövlət yoxlamasına göndərilməsi nəzərdə tutulmuşdur.
7. Bundan başqa xx.xx.2023-cü il tarixdə də Azəriqazın əməkdaşları tərəfindən ******* nömrəli AKT tərtib edilmiş və həmin AKT-da qeyd edilmişdir ki, 14-2-2/3-5-1169-1 nömrəli akta əsasən sayğaca baxış keçirildi. Sayğacın hesablanmış mexanizminin plastmas qapağının üzərində əzik cızıq izləri var, dəymiş ziyan hesablansın.
8. 16 fevral 2023-cü il tarixdə Azəriqaz İB-nin qaz sayğacının yoxlanılması barədə 14- 2-2/3-5-1169-1 nömrəli AkT-ından görünür ki, ******* zavod seriyalı G-6 tipli sayğac dövlət yoxlamasından keçirildi və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin kənar təsir nəticəsində əzilməsi və rəqəmli dişli çarxların üzərində əzik-cızıq izləri var. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilib. Sayğac istismara yararsızdır. Mexaniki göstəricisi 32913 kub.m.
9. Bundan başqa abonentin xx.xx.2023-cü il tarixli saldosundan görünür ki, 2023-cü ilin fevral ayında abonentə akta əsasən 1555.2 manat borc hesablanmışdır. Eyni zamanda həmin saldodan görünür ki, 12.2022-ci ildə mexaniki sayğacın göstəricisi 32810, ondan əvvəlki aylarda müvafiq olaraq 32590, 32515, 32504,32483,32476,32469,32461,32451,32438,32327,32179 kub.m olmuşdur. Daha əvvəlki illərdə isə 2021-ci il üçün ümumi 492 kub, 2020-ci il üçün 806 kub,2019-cu il üçün 814 kub,, 2018-ci il üçün 1077 kub, 2017-ci il üçün 1838 kub metr həcmində qazdan istifadə edilmişdir.
10. Bundan başqa Azəriqaz tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 10 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 21600 kub.m qazın əvəzinə dair borc hesablanmalıdır. Həmin tələbnamənin tərtib edilməsi üçün əsas isə xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT çıxış etmişdir.
11. Nəticə olaraq abonentin xx.xx.2023-cü il tarixli saldosundan müəyyən edilir ki, abonentə fevral ayında akta əsasən 2592 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
15. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
16. 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
17. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
20. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
21. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
23. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
25. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
26. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
27. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
28. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
29. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
30. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
31. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, 2592 manat məbləğində hesablanmış cərimə borcu əsassızdır və bu səbəbdən iddiaçının tələbi təmin edilməlidir.
32. Belə ki, cavabdeh etirazında bildirmişdir ki, qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə istehlakçının iştirakı ilə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2023-cü il tarixli AKT tərtib olunmuş və iddiaçı aktı imzalamışdır. Halbuki həmin xx.xx.2023-cü il tarixli akt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında olmuş və həmin akt-da hər hansı müdaxilənin olduğu öz əksini tapmamışdır. Belə ki, həmin akt tərtib edilən zaman köhnə mexaniki sayğac çıxarılmış və yeni smart tipli sayğacla əvəzlənmişdir. Eyni zamanda həmin sayğacın istismara yararlı olub-olmamasının yoxlanılması üçün dövlət yoxlamasına göndərilmişdir. Yəni sayğacın həmin vaxt dəyişməsi hər hansı qanunsuz müdaxilənin aşkar olunması ilə bağlı yox, ümumiyyətlə 10 ildən artıq istismar olunmuş sayğacın yoxlanılması və əhaliyə keyfiyyətli xidmət göstərmək zərurətindən irəli gəlmişdir. Bununla yanaşı sayğac çıxarılan zaman onun mexaniki göstəricisi əvvəlki aylar, illərlə müqayisədə sərfiyyata müvafiq olmuşdur.
33. Bundan başqa sayğac dövlət yoxlamasından keçirilən zaman onun qaz sərfini qeydə almadığı barədə hər hansı qeyd olmamışdır, bununla belə ümumi olaraq “qaz itkisi müdaxilə” nəticəsinə gəlinmişdir. Hansı ki, cavabdeh tərəfindən təqdim edilən həmin dövlət yoxlaması barədə AKT-da başqa şəxslərin sayğaclarını yoxlayarkən “hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir”, “sayğacın membranı işləmir, qaz keçmir”, “sayğac nominal və minimal sərfiyyatda-100% nisbi xətayla işləyir” kimi qeydlər aparılmışdır.
34. Bundan əlavə sayğac mexaniki olmuş və hər ay cavabdehin əməkdaşları tərəfindən sayğacın göstəricisinə baxış keçirilməklə bildiriş verilmişdir. Hansı ki, əgər sayğacın qaz sərfiyyatını qeydə almadığı keçən 10 il ərzində müəyyən edilmiş olsaydı, ən azından məsələnin araşdırılması üçün tədbir görərdilər.
35. Eyni zamanda tərtib edilən aktlarda gah 4 gözlü qaz piltəsinin, gah həmçinin kombinin qeyd edilməsi cavabdehin əməkdaşlarının məsələyə qeyri-obyektiv yanaşdıqlarını və onların AKT-larının mötəbərliyini şübhə altına alır. Bununla yanaşı xx.xx.2023-cü ildə köhnə qaz sayğacı dəyişdirilmiş idisə, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşlarının hansı və harada yerləşən sayğaca baxış keçirmələri, üstəlik xx.xx.2023-cü il tarixli mövcudluğu şübhə doğuran AKT-a istinad etməklə dəymiş ziyan hesablamaları anlaşılan olmamışdır.
36. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, cavabdeh 13 il əvvəl quraşdırılan və istismar edilən qurğusunu həmin müddət ərzində 1 dəfə də olsun dövlət yoxlanışından keçirməyərək, daha sonra qurğunun yararsız hala gəlməsində iddiaçını günahlandırması hüquqdan sui-istifadədir. Bundan başqa iddia olunduğu kimi istifadə olunan, lakin qeydə alınmayan qaz sərfiyyatı ilə bağlı hər hansı fakt müəyyən edilmir. Eyni zamanda 13 il istismar olunan və hamıya əlçatımlı olan qaz sayğacında əzikcızıq olması qaçılmaz olduğu kimi qanunsuz müdaxiləni də şərtləndirmir.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə hesablanmış 2592 manat məbləğində borc məbləği əsassızdır.
38. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin tərtib elədiyi AKT-lar qeyri-normativ xarakterli akt hesab edilmədiyindən və onlar hər hansı hüquqi nəticə doğurmadığından AKT-ın etibarsız hesab olunması məzmunlu ifadələr iddia tələbi kimi qiymətləndirilməli deyildir. Bu səbəbdən də məhkəmə iddia tələbinə əsassız hesablanmış borcun silinməsi kimi qiymət vermişdir. Tətbiq edilən prosessual normalar
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
42. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
43. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
45. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
46. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
48. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 2592 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinməli və istehlakçının ödəməkdən azad olduğu 45.92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2592 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinsin. Cavabdehndən 45.92 (qırx beş manat doxsan iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev