Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-271/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160265 saylı quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X8 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160265 saylı neft quyularının mühafizə zolağı və şirkətin saziş ərazisi hüdudları (1. 394355.391 4475555.778; 2. 394356.064 4475570.571; 3. 394379.396 4475567.747; 4. 394378.657 4475555.106 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Şirkətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbi üçün müəyyən edilmiş müddətin ötürülmüş hesab edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X8 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neftqaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("xxxx") ilə X8 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır. Həmin Qanunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. İş materiallarında olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 10/1857 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, vizual baxış zamanı müəyyən edilmişdir ki, sahə neft şirkəti tərəfindən hasara alınmış və üzərində neft quyuları olan ərazi ilə həmsərhəddir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahənin yaxınlığında işlək və işlək olmayan neft quyusu məlumatı mövcuddur. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Tədqiq olunan tikilinin “Kontakt sahəsinin hüdudları daxilində yerləşdiyini (Binəqədi Oil) nəzərə alaraq, həmin tikilinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, o, iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçı tərəfindən qeyd olunan saziş 15 may 2005-ci il tarixdə qüvvəyə minmişdir. O, hesab edir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə tamamilə əsasızdır və qanunsuzdur. İlkin olaraq qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsinin içində yarımçıq tikili ilə birgə o və əmlak sahibi X4 tərəfindən 2011-ci ildə Xocəsən Bələdiyyəsində dəyərləndirilmiş, onun tərəfindən pul vəsaiti ödənilərək X2 almışdır. Bu fakt 2008-2011-ci illər üçün əhalidən torpaq və əmlak vergisi qəbulu üçün X4 tərəfindən ödənilmiş 009200 nömrəli qəbz, seriya DUT, VÖEN:********** olan sənədlərlə öz təsdiqini tapmışdır, eləcə də xx.xx.2011-ci il 308500 qəbz nömrəli VÖEN ********** olan əmlakın qiymətləndirilməsi qəbzi mövcuddur və əldə olunandan sonra qeyd olunan yarımçıq tikilini o, təmir edərək qeyd olunan torpaq sahəsinin üzərində yenidən tikintini tamamlayaraq ev tikmişdir. Bu faktları sübut edən fotoşəkilləri və sübutları etirazına əlavə etmişdir. O, heç bir torpaq sahəsini zəbt etməmiş, hazır yarımçıq ev və torpaq almışdır. Tikili ilə bağlı gördüyü işlər və xərci hesabat cədvəlində dəqiq göstərilmişdir. Hesabat cədvəllərini etirazına əlavə etmişdir. O, tikintini 2013-cü ildə bitirmiş və evə köçmüşdür. Qeyd olunan evə köçəndən sonra bütün kommunal xətləri öz adına keçirtmişdir. Xocasən Bələdiyyəsi tərəfindən onun adına yerli (bələdiyyə) vergi ödəyicisi kimi hesab açılmışdır və 2013-cü ildən bu günə qədər hər il onun tərəfindən vergi (torpaq və əmlak vergisi) ödənişləri, kommunal ödənişlər, qaz, işıq, su, internet ödənişləri, məişət tullantıları ödənişləri həyata keçirilir. Bunu təsdiq edən sənədləri etiraz ərizəsinə əlavə etmişdir. Qeyd olunan evdə o, öz ailəsilə birgə yaşayır. Evdə onunla birgə atası, anası (2-ci qrup əlil), həyat yoldaşı yaşayır. Həmin evdə faktiki olaraq 2013-cü ildən etibarən ailəsilə birgə yaşadığını Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının Xocəsən qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışı ilə təsdiq edir. Baxmayaraq ki, 2011-ci ildə qeyd olunan torpaq sahəsində təmirtikinti işlərini aparmış və 2013-cü ildən qeyd olunan evdə daimi olaraq yaşamış, bu günə kimi qeyd olunan torpaq sahəsinin zəbt edilməsi ilə bağlı və ya digər şəxsə məxsus olması ilə bağlı iddiaçı tərəfindən ona heç bir bildiriş və ya məlumat gəlməmişdir və mübahisə olmamışdır. O, hesab edir ki, onun tərəfindən etirazına əlavə edilən fotoşəkillərdən görünür ki, mübahisəli ərazi ona məxsus evlə yanaşı fərdi yaşayış evləri ilə doludur (bütün coğrafi cəhətlərdən evinin ətrafında yüzlərlə, minlərlə evlər vardır) və nə ona, nə də qonşularına bu günədək qeyd olunan torpaq sahəsinin neft şirkətinin istifadəsində olması ilə bağlı heç bir bildiriş gəlməmişdir. İddiaçı öz iddia ərizəsində faktiki olaraq qeyd etmişdir ki, 15 may 2005-ci il tarixdə qüvvəyə minmiş sazişə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları müəyyən edilmişdir və iddiaçıya qeyd olunan torpaq sahəsi verilmişdir. Burda bir sual yaranır ki, əgər xx.xx.2005-ci il tarixdən iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin koordinatları müəyyən olmuşdursa, niyə görə bu günə kimi iddiaçı qeyd olunan torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürərək tikililərin sökülməsi barədə mübahisə açmamışdır. Uzun illərdir qeyd olunan torpaq sahələrində vətəndaşlar yaşayaraq, evlərində təmir-tikinti işlərini aparmışlar və bununla bağlı iddiaçı heç bir etirazını bildirməmişdir və beləliklə vətəndaşların qeyd olunan torpaq sahəsindən istifadə hüquqlarını tanımışdır. O, qeyd etmişdir ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. İddiaçıya faktiki olaraq xx.xx.2005-ci il tarixdən məlum olmuşdur ki, sazişə əsasən hansı koordinatlarda torpaq sahələri onun istifadəsinə verilmişdir, lakin bu günə qədər heç bir iddia tələbi irəli sürməmiş və qeyd olunan tikililərin sökülməsini tələb etməmişdir. Sazişin bağlanmasından artıq 19 il keçib və 19 il ərzində iddiaçı tərəfindən iddia ərizəsi ilə tikililərin sökülməsi ilə bağlı tələb olmamışdır. Görünür ki, qanunla müəyyən edilmiş iddia müddətini iddiaçı ötürmüşdür və iddia müddətini tətbiq edərək iddia tələbi təmin olmamalıdır. İddiaçı iddia ərizəsində Ali Məhkəmənin qərarına istinad edərək preyudisiallıqla bağlı qeydlər edir, lakin burda bir sual yaranır, hal-hazırda mübahisəli torpaq sahəsi ilə bağlı və cavabdehlərlə bağlı iddiaçının qeyd etdiyi qərarda hansı qeydlər var? Görünür ki, yoxdur və bununla da, o, hesab edir ki, mövcüd mülki iş üzrə qeyd olunan qərarlar preyudisial xarakter daşımamalıdır. Qeyd olunan məhkəmə qərarları başqa torpaq sahələri ilə bağlı olan mübahisələr üzrə qərarlardır və bu qərarları iddiaçı iddia tələbində qeyd edərək dolayı yolla yenə də göstərir ki, zamanında iddia tələbi ilə məhkəməyə müraciət edilməsində heç kim heç bir maneə iddiaçıya törətməmişdir və belə bir müraciətin olmaması dolayı yolla onun torpaq sahəsindən istifadə edilməsi hüququnun tanınması deməkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq o, hesab edir ki, iddiaçının iddia tələbi əsasız və qanunsuzdur, faktiki olaraq göz qabağında uzun illər vətəndaşlar torpaq sahəsindən istifadə edərək, torpaq sahəsinin üzərində ev və digər tikililəri tikirlər, yaşayırlar və bununla bağlı iddiaçı heç bir etirazını bildirmir. O, qeyd etmişdir ki, onun qeyd olunan evdə yaşamağı, qaz, su, işiq, internet, telefon xətlərinin qoşulması, bələdiyyə vergisini ödəməsi faktiki olaraq dövlət tərəfindən onun qeyd olunan evdən istifadə hüququnu tanınmasını sübut edir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iddia tələbinin qanunsuz və əsassız hesab edilərək təmin edilməməsi, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, məhkəmədən iddia tələbi üçün müəyyən edilmiş müddətin ötürülmüş hesab edilərək, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, hazırki tələbə iddia müddəti şamil edilmədiyindən iddia tələbinə mahiyyəti üzrə baxılaraq həll edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı şirkətinə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsünün aparması üçün 2004-cü il tarixli sazişlə istifadəsinə torpaq sahəsi ayrılmışdır. Həmin saziş ərazisində fəaliyyət göstərən və ya göstərməyən neft quyuları vardır. 1 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 394355.391 4475555.778;
2. 394356.064 4475570.571; 3. 394379.396 4475567.747; 4. 394378.657 4475555.106 koordinatlar) daxilində cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətinə və ya istifadəsinə verildiyini təsdiq edən hüquqmüəyyənedici sənəd yoxdur. Bu aspektdən yanaşdıqda həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilir. 1 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 394355.391 4475555.778; 2. 394356.064 4475570.571; 3. 394379.396 4475567.747; 4. 394378.657 4475555.106 koordinatlar) daxilində torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən və cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə özbaşına tikilidir və iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikinti aparıldığından onun tələbi əsaslıdır. Bununla belə məhkəmə o qənaətə gəlir ki, özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Məhkəmənin bu qənaəti “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı mövqedən formalaşmışdır. Həmin qərarın məzmunundan görünür ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökümət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökümət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bu səbəbdən də, ilk növbədə tikililərin sökülməsi və cavabdehin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qətnamənin icrası müddəti müəyyənləşdirilməlidir. Bu məqam məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmişdir. Odur ki, həmin fərdi yaşayış evinin sökülməsinin təcililiyi ilə bağlı hal-hazırda mübahisə yoxdur. Bu səbəbdən də, hazırki qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan cavabdeh aztəminatlı əhali kateqoriyasına aiddirsə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 394355.391 4475555.778; 2. 394356.064 4475570.571; 3. 394379.396 4475567.747; 4. 394378.657 4475555.106 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 394355.391 4475555.778; 2. 394356.064 4475570.571; 3. 394379.396 4475567.747; 4. 394378.657 4475555.106 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. Qətnamə özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin alınması üçün sərf edilmiş 95 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov