Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2716/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2016-cı il tarixli AL-1079 saylı X1 əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020-ci il tarixə 8894,24 manat gecikdirilmiş əsas, 1588,87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 8491,62 manat dəbbə pulu, cəmi 18974,73 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli AL-1079 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA564509 ban, 0532 mühərrik nömrəli, ağ rəngli avtomobil 15800 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455,75 manat, ümumilikdə isə 21875,96 manat məbləğində pulu “İddiaçı" ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21875.96 manatın 15800 manatı əsas məbləğ təşkil edir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Belə ki, Cavabdeh xx xxxxxxxx 2016-cı il tarixli AL-1079 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020-ci il tarixə 8894,24 manat əsas, 1588,87 manat mükafat və həmin günə hesablanmış 8491,62 manat dəbbə pulu, cəmi 18974,73 manat borc yaranmışdır. Lizinq obyekti olan avtomobil isə xx xxxxxxxx 2020-ci il tarixdə şirkətə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, o, ilkin ödəniş etmiş, 27 ay pul ödəmişdir. Lizinq obyekti olan avtomobil qəzaya düşmüş və əzilmişdir. Odur ki, ödənişləri edə bilməmişdir. Hazırda isə iddiaçı tərəfindən əsas borca bərabər faiz borcu hesablanmışdır. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli AL-1079 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən İddiaçı ASC lizinq alan Cavabdeh sifariş etdiyi və Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı-lizimq pbyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq Alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən Lizinq Müqaviləsinin ümumi məbləği 15800 manat təşkil edir. Müqavilənin 1.8-ci bəndinə əsasən lizinq obyekti lizinq alana 48 ay müddətinə verilir. 4.1-ci və 4.3-cü bəndlərə görə, Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişlərinin cədvəlində (Əlavə № 3) müəyyən edilir; Lizinq ödənişlərinə Lizinq obyektinin dəyəri, Lizinq verənin mükafatı və tərəflər arasında razılaşdırılan əlavə məsrəflər daxildir. 13.9-cu bəndə görə isə, gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3% hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Lizinq ödənişləri cədvəlindən (Əlavə №3) aydın olur ki, Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455,75 manat, ümumilikdə isə 21875,96 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür; ümumi ödənişin 15800 manatı əsas məbləğə, 6075,96 manatı isə mükafat məbləğinə aiddir. İşdə olan xx xxxxxxxx 2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı ASC lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobili lizinq alan Cavabdeh təhvil vermişdir. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli 2599 saylı bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdeh xx xxxxxxxx 2016-cı il tarixli, AL-1079 saylı X1 əsasən götürülmüş öhdəliklərin icra edilməməsi və onun nəticələri barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş 637 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxxxxxxx 2016-cı il tarixli AL-1079 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 8894,24 manat əsas, 1588,87 manat mükafat və 8495,8 manat cərimə olmaqla cəmi 18978,91 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İşin materiallarından göründüyü kimi, Cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə işin müəyyən edilən hallarını və yuxarıda istinad edilən normaları nəzərdən keçirərək hesab edir ki, iddiaçı xx xxxxxxxx 2016-cı il tarixli AL-1079 saylı X1 əsasən xx.xx.2020-ci il tarixə əsas üzrə 8894,24 manat və mükafat məbləği üzrə isə 1588,87 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə, iddiaçının “dəbbə pulunun tutulması” tələbini qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, iddiaçı cavabdehdən 8491,62 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmənin qənaətinə görə, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 200 (iki yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.-ci maddəsinə müvafiq olaraq isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2016-cı il tarixli, AL-1079 saylı X1 əsasən xx xxxxxxxx 2020ci il tarixə hesablanmış 8894,24 manat əsas, 1588,87 manat mükafat və 200 manat cərimə borcu olmaqla, cəmi 10683,11 (on min altı yüz səksən üç manat 11 qəpik) manat və ödənilmiş dövlət rüsumuna 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2716/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2716/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver