Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2716/2022 31.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi “soyadın eyni şəxsə məxsus olma” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anasına məxsus AZ-İİ 223642 saylı ölüm haqqında şəhadətnamədə göstərilmiş “Şıxməmmədova” soyadının eyni şəxsə yəni “Musayeva” Sevda Rövşən qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X1 Mehdi Bayram oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olandan sonra anası Şıxməmmədova soyadına keçmişdir. Sonralar anasının xasiyyətləri uyğun gəlmədiyindən nikahları rəsmi şəkildə pozulmuşdur. Nikah pozulandan sonra anası öz qızlıq soyadı olan Musayeva soyadına keçmişdir. Anası 19 avqust 2021-ci il tarixdə “Covid-19” xəstəliyindən vəfat etmişdir. Lakin anasına məxsus AZ-İİ 223642 saylı ölüm haqqında şəhadətnamədə anasının soyadı Şıxməmmədova kimi göstərilmişdir. Lakin anası ayrılandan sonra rəsmi olaraq qızlıq soyadına keçsə də, yenə Şıxməmmədova kimi göstərilmişdir. Hazırda anasına məxsus AZE06809360 saylı şəxsiyyət vəsiqəsində anasının soyadı düzgün olaraq “Musayeva” kimi göstərilmişdir. Ölüm haqqında şəhadətnamədə anasının soyadı “Şıxməmmədova” kimi göstərildiyindən o, anasına vərəsə ola bilmir. Sənədləşdirmə işlər aparılmır. Həmçinin elektron bazada anasının sağ olduğu göstərilir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona məlumat verilmişdir ki, sənədlərin eyni şəxsə məxsus olma faktı ilə bağlı məhkəməyə müraciət edə bilər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Bundan başqa həmin qərarda göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan başqa “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin mərhum anasının qızlıq soyadı X5 olmuşdur, o, nikaha daxil olduqdan sonra(ehtimal olunur ki ərizəçinin atası ilə deyil digər nikahdan söhbət gedir) Şıxməmmədova soyadını seçmişdir. Sonradan anasının nikahı pozulmuş və ərizəçi hesab edir ki, anası qızlıq soyadına, yəni Musayeva soyadını saxlamışdır. Ərizəçinin doğum haqqında şəhadətnaməsində ana qrafasında X2 qeyd edilmişdir. Yəni ərizəçinin doğum şəhadətnaməsində anasının soyadı Şıxməmmədova, anasının şəxsiyyət vəsiqəsində soyadı Musayeva, anasının ölüm haqqında şəhadətnaməsində isə soyadı Şıxməmmədova kimi qeyd edilmişdir. Beləliklə, ərizəçi anasının ölüm haqqında şəhadətnaməsində qeydin düzgün aparılmadığından narazıdır və bu barədə düzəliş aparılması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən düzəliş edilməsindən imtina edilmişdir. Bu isə vərəsəliklə bağlı hüquqlarını həyata keçirməyə imkan vermir. Lakin ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə düzəliş edilməsi barədə inzibati orqanların üzərinə öhdəlik qoyulması barədə inzibati məhkəməyə müraciət etmək əvəzinə, sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki sənədin eyni şəxsə məxsus olması faktı yalnız hüquqmüəyyənedici sənədlərə münasibətdə müəyyən edilə bilər. Hansıki ölüm haqqında şəhadətnamə hüquqmüəyyənedici sənəd olmamaqla, vətəndaşlıq vəziyyəti haqqında aktı qeydi əsasında verilən qeydiyyat sənədidir. Orada edilən yalnışlıq isə akt qeydinə düzəliş edilməklə mümkündür. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların vətəndaşlıq vəziyyəti aktlarında yol verdikləri səhvlərin düzəliş edilməsindən əsassız olaraq imtina edildikdə isə müvafiq tələblə inzibati məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Odur ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Ərizənin icraata qəbulundan imtina edildiyindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi “soyadın eyni şəxsə məxsus olma” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada təqdim edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2716/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2716/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver