Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-272/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldiməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” ASCnin “Promo” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DEN-00037- 05/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 12.470,60 manat əsas, 1.392,48 manat faiz, 2.779,47 manat dəbbə, ümumilikdə 16.642,55 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının Cavabdeh “xxxx” ASCin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2018-ci il tarixli, DENG-00037-05/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0.14 ha torpaq sahəsinə və onun üzərində yerləşən Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 223.8 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, yaranmış borcun ödənilməsi qaydası ilə bağlı iddiaçı ilə danışıqlar aparılması və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün ona vaxt verilməsini və bu əsasla məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı tərəfin də vəsatətin təmin edilməsinə etiraz etməməsi nəzərə alınaraq, vəsatət təmin edilmiş və məhkəmə iclası təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, cavabdehin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 22% faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği iddiaçıdan qəbul etmiş və kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada qaytarmağı, kredit məbləğinə hesablanmış faiz məbləğini, habelə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada ödənişlər etməmiş, nəticədə banka borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək, xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi, nəticədə borcun yarandığı bildirilmiş və borcun ödənilməsi ondan tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəliklər bundan sonra da cavabdeh tərəfindən lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və cavabdehin xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 12.470,60 manat məbləğində əsas, 1.392,48 manat məbləğində faiz, 2.779,47 manat məbləğində cərimə, cəmi 16.642,55 manat məbləğində borcunun yarandığını iddia edərək, bu məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin ondan tutulmasını tələb edir. Mülki iş çərçivəsində məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3428 nömrəli ekspert rəyində xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 11.878,13 manat məbləğində əsas, 1.284,82 manat məbləğində faiz borcunun yarandığı göstərilmişdir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2021-ci il tarixdə bitəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəiyi barədə ona məlumat verilmişdir. Lakin cavabdeh bu məsələyə münasibət bildirməmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini, o cümlədən aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini təklif etdiyini nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3428 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə məhz ekspert rəyi ilə müəyyən edilmiş 11.878,13 manat məbləğində əsas, 1.284,82 manat məbləğində faiz borcu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyaninödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən kredit müqaviləsi üzrə hesablanmış 2.779,47 manat məbləğində dəbbə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış əsas borcun məbləğini nəzərə alıb, iddia tələbinin dəbbə pulunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək məbləğdə dəbbə pulu hesablanmışdır. Bu səbəbdən tələb edilən dəbbə pulu məbləği azaldılmalı və 1.000 manat məbləğində müəyyən edilməli, məhz həmin məbləğdə dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinigecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvvəlki redaksiyada). İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq, Cavabdeh mülkiyyətində olmaqla Abşeron rayonu, Qobu qəsəbəsində olan 0.14 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsində verilməsi nəzərdə tutulmuş kreditin ümumi məbləği, qaytarılma müddəti, maksimal illik faiz dərəcəsi və ipoteka predmetinin 102.000 manat məbləğində qiymətləndirildiyi göstərilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakın yerləşdiyi yer əsas götürülməklə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi İdarəsində qeydə alınmışdır. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində ipoteka predmetinin ilkin (likvid) satış qiyməti 90.000 manat məbləğində göstərilmiş, tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehə məxsus əmlaka yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə ipoteka qoyana, yəni cavabdehə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsaitin kredit borcunun ödənilməsinə kifayət etməsə qalan məbləğin cavabdehdən tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin boşaldılması” tələbi ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlak hərraca çıxarılan zaman onun ilkin satış qiyməti müəyyən edilərkən ipoteka müqaviləsində göstərilmiş qiymət deyil, məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda göstərilmiş qiymət əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edilən hesabatı əsas götürüb hesab edir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 90.000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi də tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, DEN-00037-05/18A nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx xxxx 2018-ci il tarixli, DEN-00037-05/18A nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə yaranmış 11.878,13 manat məbləğində əsas, 1.284,82 manat məbləğində faiz, 1.000 manat məbləğində cərimə, cəmi 14.162,95 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməli, tutma xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Qobu qəsəbəsində olan 0.14 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh qaytarılmalı, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 95 manat hissəsi Cavabdeh, 5 manat hissəsi isə iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, DEN- 00037-05/18A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxx 2018-ci il tarixli, DEN-00037-05/18A nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə yaranmış 11.878,13 (on bir min səkkiz yüz yetmiş səkkiz manat, on üç qəpik) manat məbləğində əsas, 1.284,82 (bir min iki yüz səksən dörd manat, səksən iki qəpik) manat məbləğində faiz, 1.000 (bir min) manat məbləğində cərimə, cəmi 14.162,95 (on dörd min bir yüz altmış iki manat, doxsan beş qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Tutma xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Qobu qəsəbəsində olan 0.14 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh qaytarılsın. Satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 95 (doxsan beş) manat hissəsi Cavabdeh, 5 (beş) manat hissəsi isə iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-272/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-272/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver