Məhkəmə qərarları › İş №2(001)-2725/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2725/2021

19.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2725/2021 19.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1987-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə xx xxxxxx 1975-ci ildə nikaha daxil olaraq, ailə qurmuş və birgə nikahdan xx xxxxxx 1987-ci il təvəllüdlü X6 anadan olmuşdur. Oğlu, anadangəlmə ruhi xəstədir, psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Oğlunun fəaliyyət qabiliyyətsiz hesab edilməsi onun maraqlarının və menafeyinin müdafiə edilməsi üçün zəruridir. Oğlu hazırda onunla birlikdə yaşayır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, 2020-ci ildə o, eyni mahiyyətli ərizə ilə məhkəməyə müraciət etsə də, ərizəsi baxılmamış saxlanılmışdır. Lakin həmin iş üzrə məhkəmə-psixiatriya ekspertizası keçirilmiş və iş üzrə rəy verilmişdir. Maraqlı şəxsə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsidir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxxx 1987-ci il təvəllüdlü X4 atası X7, anası isə Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxx 2020-ci il tarixli, 933 saylı rəyindən görünür ki, X1 ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu qeyd olunur. Bunu anamnestik məlumatlar və halhazırda psixiatrik müayinənin nəticələri, uşaqlıqdan qıcolma tutmalarının və nevroloji əlamətlərinin qeyd olunması, X3 müalicə olunması, əvvəllər Bakı şəhər RƏXD-in, sonradan 9 saylı Şəhər Poliklinikasıının qeydiyyatında olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər, ünsiyyətə çətin daxil olması, ünsiyyət məsafəsi gözləməməsi, təfəkkürünün azproduktivliyi və torpidliyi, koqnitiv imkanların aşağı olması, əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanaqsızlığı, affektiv-eksploziv reaksiyalara meylliyi, davranışı üzərində nəzarətin zəifləməsi, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektin enmesi, tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarına malik deyil. X4 hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X4 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar