Məhkəmə qərarları › İş №2(001)-2752/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2752/2023

31.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2752/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X3 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə 31 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı ünvan üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 803 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayənəsi iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. 2014-cü ildən onun yaşadığı ünvan üzrə cavabdeh tərəfindən sayğac quraşdırılmışdır. Sayğac binanın girəcəyinə, yəni mənzildən kənarda yerləşdir. İddiaçı sudan smart karta yükləmiş olduğu məbləğ qədərində istifadə edə bilir, balans bitdikdə suyun verilməsi sayğac tərəfindən avtomatik olaraq dayandırılır. 09 noyabr 2021-ci il tarixdə cavabdehin əməkdaşları sayğacın elektron göstəricisinin nasaz olduğunu bildirib, onu mexaniki sayğacla əvəzləmişlər, əvvəlki sayğacı isə yoxlamaya apardıqdan sonra iddiaçıya 803 manat borc hesablamışlar. Abonentin saldosundan da görünür ki, iddiaçının orta aylıq ödədiyi su pulu 15-20 manat təşkil edir. Belə olan halda 803 manat borcun yığılması üçün iddiaçının illərlə supulundan yayınması lazımdır. Halbuki, saldodan görünür ki, iddiaçı hər ay sudan istifadəyə görə ödənişlər etmişdir. Bundan başqa, sayğac iddiaçının evində deyil, binanın kənarına quraşdırılmışdır. Hər ay cavabdehin əməkdaşları həm su pulunun hesablanması, həm də sayğaclara nəzarət üçün əraziyə gəlirlər. Əgər iddiaçının sayğacı ilə bağlı belə bir problem yaranmış olsaydı, cavabdehin əməkdaşları dərhal müdaxilə etməli, sayğacın əvəzlənməsi ilə bağlı tədbirlər görməli idilər. Belə bir hal baş verməmiş, sonradan isə cavabdeh müəssisə əsassız olaraq iddiaçıya 803 manat borc hesablamışlar. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiklərini bildirmişdir. Mülki iş materiallarında olan Cavabdeh ASC tərəfindən Zərnigar Əliyevaya ünvanlandırılmış 07 iyun 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “sözügedən ünvanda yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı xx.xx.2021-ci il tarixinədək 49841878 nömrəli smart kart tipli su sayğacının balans yükləmələrinə əsasən aparılmışdır. Qeyd olunan tarixdə Binəqədi rayonu Sukanal İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacın elektron hissəsinin su sərfiyyatını qeydə almadığı müəyyən edilmiş və hesabat sayğacın mexaniki hissəsinin göstəricisinə əsasən aparılmışdır. Qeyd olunan sayğacın mexaniki hissəsində 2373 kub-metr su sərfiyyatı müəyyən edilmişdir. Sizin tərəfinizdən smart karta 1539 kub-metr su yüklənmiş, əlavə istifadə edilmiş 834 kub-metr su sərfiyyatı balansınızda borc olaraq qalmışdır. Sözügedən sayğac təmir olunaraq mexaniki hissənin göstəricisi 2373 kub-metr olmaqla yenidən istifadəyə verilmişdir. Qeyd olunan sayğac xx.xx.2022-ci il tarixdə son göstəricisi 2504 kub-metr olmaqla sökülmüş və yerində 22009564 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. İstismardan çıxarılmış sayğac X5 İdarəsi “X2 Laboratoriyası”nda yoxlanılması üçün göndərilmişdir. Laboratoriyanın 24 may 2022-ci il tarixdə verdiyi 41878/0181236 saylı rəyə əsasən sayğacın elektron hissəsinin işləmədiyi, mexaniki hissəsində göstərici düzgün qeydə alınmaqla təmirə yararlı olduğu müəyyən edilmişdir. Hazırda istismarda olan sayğacın son göstəricisi 20 kub-metr olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabınızda (kod: **********280) yaranmış borc 833,29 manat təşkil edir. Qeyd edilən borc istismardan çıxarılmış və istismarda olan sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir...” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 6.4-cü bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni Cavabdeh ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən borcun hansı əsasla 803 manat müəyyən olunmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, sayğacda baş verən nasazlığın məhz iddiaçının, yəni istehlakçının təsiri nəticəsində əmələ gəlməsi ilə bağlı da cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi ev üzrə hesablanmış 345,88 manat borc məlbəği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 üzrə (kod: **********280) hesablanmış 803 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar