Məhkəmə qərarları › İş №2(001)-2754/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2754/2022

25.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2754/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması barədə iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirməsinə ciddi maneə yaratdığından, “X9” şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, iş üzrə müvafiq ekspertiza keçirilmiş və tikilinin “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Keçən məhkəmə baxış iclası cavabdehin vəsatətinə əsasən təxirə salınmış, ona bələdiyyə qərarının məhkəməyə təqdim edilməsi üçün məhkəmə tərəfindən vaxt verilmişdir. Lakin hal-hazırda cavabdeh məhkəmə iclasına gəlməmiş və hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda işin əsassız olaraq uzadılmasına qəti olaraq etiraz edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5282 saylı ekspert rəyində göstərilmişdir ki, “ ... təqdim olunan koordinatlara əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir”. Cavabdeh mübahisəli torpaq sahəsinə dair müvafiq sənəd olmasına istinad etsə də, həmin sənədlər onun tərəfindən məhkəməyə təqdim edilməmiş, “Elektron məhkəmə” informasiya sistemindən isə onun mülkiyyətində Qusar rayonu, Bala Qusar kəndi ərazisində torpaq sahələrinin olması görünsə də, Bakı şəhərinin Binəqədi rayonunun ərazisində hər hansı daşınmaz əmlakın adına qeydiyyatdan keçəməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat, yaşamaq yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır. “X5rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X2rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və İddiaçı şirkətinin saziş ərazi hüdudları (1. 397586.412 4478508.362; 2.397593.506 4478501.784; 3. 397587.960 4478495.335; 4. 397579.963 4478501.913 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və İddiaçı şirkətinin saziş ərazi hüdudları (1. 397586.412 4478508.362; 2.397593.506 4478501.784; 3. 397587.960 4478495.335; 4. 397579.963 4478501.913 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Şirkətinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar