Məhkəmə qərarları › İş №2(001)-2780/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2780/2023

04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2780/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə 04 iyul 2023-cü il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********30000) hesablanmış 864 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdehin əməkdaşları tərəfindən onun evinə quraşdırılmış sayğac çıxarılaraq yenisi ilə əvəzlənmiş, sonradan onun məlumatı olmadan akt tərtib edilmiş və ona 864 manat borc hesablanmışdır. Aktda göstərilmişdir ki, köhnə sayğacın qoruyucu plastmas qapağı sınıq olmaqla, sayğac istifadəyə yararsızdır. Sayğac evin çöl divarına quraşdırılmışdır. Onun sayğaca daim nəzarət etmək imkanı yoxdur. Sayğacda nasazlığın yaranma səbəbi ona məlum deyil. Belə olan halda ona əlavə borc hesablanması qanunsuzdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, əlavə olaraq izahatında göstərdi ki, onun evinə quraşdırılmış sayğac 12 dekabr 2022-ci il tarixdə, axşam saat 8-9 arası cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmiş, ona bu barədə məlumat verilməmiş, yalnız cavabdehin əməkdaşı qapını döyərək ona yeni kartı təqdim etmişdir. Onun köhnə sayğacın ekspertizaya təqdim edilməsindən, yoxlama aparılmasından, akt tərtib edilməsindən məlumatı olmamışdır. Sonda iddiaçı ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə istehlakçının iştirakı ilə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2022-ci il tarixli AKT tərtib olunmuş, aşkar olunmuş nöqsanlar aktda qeyd edilərək iddiaçının diqqətinə çatdırılmış və iddiaçı aktı imzalamışdır. Bunun nəticəsində cavabdeh tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün “Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə” tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 12 dekabr 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktda göstərilmişdir ki, iddiaçıya məxsus evin 00515272 nömrəli qaz sayğacı həmin tarixdə yenisi ilə əvəz edilmişdir. - Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə 30 dekabr 2022-ci il tarixli, MSK-29/1710-04972-1 nömrəli Aktda göstərilmişdir ki, 00515272 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipin maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda göstərilmişdir ki, MSK-29/1710-04972-1 saylı rəyə əsasən sayğaca baxış keçirilmiş, sayğacın sınıq olması, istismara yararsız olduğu müəyyən edilmişdir. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçı imza etməməklə, aktda onun imza etməkdən imtinası barədə qeyd mövcud deyildir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz sayğacının nominal qaz sərfi 4 kub-metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın imqdaı 8640 kub-metr müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus evə 12 dekabr 2022-ci il tarixdə “Zenner G4T Smart” tipli sayğac quraşdırılmış, 2022-ci ilin sonunadək iddiaçının sərfiyyat üzrə borcunun olmadığı halda, 2023-cü ilin yanvar ayına qazın sərfi 8640 kubmetr göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də qaz sayğacının nominal qaz sərfi 4 kub-metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən sayğaca müdaxilə faktı aşkar edilsəydi belə, itirilmiş qazın miqdarının hansı əsasla 90 günlük hesabat dövrünə uyğun hesablandığı məlum deyildir. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanı (abonent kodu: **********30000) üzrə tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 864 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar