Məhkəmə qərarları › İş №2(001)-279/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-279/2023

19.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-279/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqavilələrindən imtina edilmiş hesab olunması, çıxarışların ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin cavabdehə bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş 09 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02-11301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması;

2. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilə dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında 13 aprel 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması;

3. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilə dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması;

4. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilə dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması;

5. ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qaraja dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083049 reyestr nömrəli, 20 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi; cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması;

6. ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qaraja dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083048 reyestr nömrəli, 21 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi; cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması;

7. İddiaçının vəsaiti hesabına "xxxx" ASC-də cavabdehin adına açılmış əmanət hesabına yatırılan 242938 manat pul məbləğinin cavabdehə bağışlanmasından imtina edilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın, ona etirazın əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğludur. Son zamanlaradək münasibətləri yaxşı olmuşdur. Təxminən 2008-ci ildən cavabdeh iddiaçıdan bütün əmlakını ona bağışlamağı xahiş etmişdir. İddiaçı ilk vaxtlar oğlunun məqsədini anlamamış, lakin səmimiyyətinə inanaraq iddia tələbində göstərilən əmlaklarla bağlı hüquqlarını bağışlama müqavilələri əsasında görünüş üçün cavabdehə vermişdir. İddiaçı əmlakları deyil, əmlaklara dair hüquqlarını razılaşdırılmış şərtlər daxilində cavabdehə bağışlamışdır. Şərtə görə, əmlaklara dair bağışlama müqavilələri bağlansa da, çıxarışlar alınmamalı, əmlaklara mülkiyyət hüquqları iddiaçı da qalmalı idi. Lakin, 2022-ci ilin iyun ayının sonlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, bağışlama müqavilələri əsasında daşınmaz əmlaklara dair çıxarışlar almışdır. Həmin əmlaklar cavabdehə bağışlansa da, həmçinin, cavabdehin adına çıxarışlar verilsə də, faktiki olaraq cavabdehin yaşadığı mənzil istisna olmaqla, qalan bütün əmlaklar iddiaçının sahibliyində və istifadəsindədir. Yəni, bağışlama haqqında sənədləşmə aparılsa da, əmlaklar cavabdehə verilməmiş, hədiyyə alan, yəni cavabdeh bağışlanan əmlakları qəbul etməmişdir. Eyni zamanda, bağışlama öhdəliklərlə şərtləndirilmişdir. Daha sonra 2022-ci ilin iyun ayının 20-sində iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, hətta 2019cu ildə iddiaçı tərəfindən cavabdehin bank hesabına qoyduğu 257000 manat pulu ələ keçirmək məqsədi ilə adına 10 il müddətinə verdiyi etibarnaməni iddiaçını məlumatlandırmadan ləğv etdirmiş, bank vasitəsilə iddiaçını məhkəməyə verdirmiş, pulun ona məxsus olmasında iddiaçıdır. Halbuki, iddiaçı 15 il öndə 257000 manat pul vəsaitini ilkin olaraq "xxxx" ASC-də öz hesabına qoymuşdur. Bu zaman cavabdeh 20 yaşında olmaqla tələbə olmuş, heç bir gəlir mənbəyi olmamışdır. Sonralar isə polisdə işləmiş, aylıq gəliri maaşdan artıq olmadığından, onun 257000 manat pul əldə edib banka qoyması mümkünsüzdür. Beləliklə, cavabdeh iddiaçının ağır xəstə və yaşlı olmasından və vəfat etdikdə digər vərəsələrini mirasdan məhrum etmək məqsədi ilə iddiaçının ona olan etibarından sui-istifadə edərək, iddiaçını aldadaraq pul vəsaitinin başqa banka qoyulmasına və bütün daşınmaz əmlaklarının ona bağışlanmasına nail olmuşdur. Daha sonra cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək, ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq, iddiaçının xəstə bacısına və 91 yaşlı anasına qayğı göstərməkdən, onları saxlamaqdan imtina etmişdir. Göründüyü kimi, iddiaçının xeyirxah hərəkətlərinin müqabilində cavabdeh ona qarşı bədxah hərəkətlər etmişdir. Cavabdehin nümayəndəsi Vəkil3 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlamış, ərizədə göstərilmişdir ki, cavabdehin iddiası əsassız olduğu üçün iddianı qəbul etmir. Bağışlama müqavilələrində iddia ərizəsində göstərilən heç bir şərt əks olunmamışdır. Üstəlik, 11 aprel 2017-ci il tarixli bağışlama müqaviləsində birbaşa göstərilir ki, iddiaçı daşınmaz əmlakı cavabdehin mülkiyyətinə verir. Bundan başqa, iddiaçı ümumi qaydada göstərir ki, guya cavabdeh ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozaraq onun xəstə bacısına və 91 yaşlı anasına baxmamışdır. Lakin, bununla əlaqədar heç bir dəqiqləşdirici faktı və həmin faktı təsdiq edən heç bir sübutu iddia ərizəsində göstərməmişdir. Bu isə iddianın formallığının və əsassız olmasının göstəricisidir. Əslində iddiaçının bu iddia ərizəsini verməkdə niyyəti oğlundan qisas almaqdır. Belə ki, iddiaçı özü qanunsuzluğa yol verərək oğlunun bankda olan pulunu mənimsəmişdir. İddiaçı atası barədə dələduzluq faktı ilə hüquq-mühafizə orqanlarına şikayət etməmiş, sadəcə, iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir. Törətdiyi qanunsuzluğa görə oğlunun ona qarşı hər hansı tələb irəli sürməməsi üçün iddiaçı belə iddia qaldırmışdır. Hazırda sual yaranır ki, əgər iddiaçını oğlu tərəfindən daşınmaz əmlaklara çıxarış alınması və ya xəstə bacısına, 91 yaşlı anasına baxılmaması narahat edirdisə, niyə həmin vaxt iddia qaldırmamış, saxta yolla bankdan oğlunun pulunu çıxararaq mənimsədikdən sonra oğlu ona qarşı iddia ərizəsi verdikdə belə iddia qaldırmışdır?! İddiaçı iddia ərizəsində göstərir ki, bu hallar ona 2022-ci ilin iyun ayına məlum olmuşdur. Lakin, niyə məhz həmin tarixdə məlum olmasını açıqlamır. İddia ərizəsində cavabdhein guya bağışlama şərtlərini pozduğunu iddia edir. Lakin, iddiaçı ərizəsində qəsdən heç bir müddət göstərmir və iddiasının dəlillərini açıqlamır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlaklarla bağlı dövlət reyestrindən çıxarışlar 2008-ci ildə, 2017ci ildə və 2019-cu ildə verilmişdir. Bundan başqa, iddia ərizəsində cəmi bir bağışlama müqaviləsinin bağlanma müddəti göstərilir – xx.xx.2012-ci il. Bu müddət ərzində iddiaçının qeyd olunan çıxarışların alınmasından məlumatı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasını hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Bağışlama müqaviləsi bağlandıqdan və daşınmaz əmlaka çıxarış alınmasından artıq uzun müddət keçsə də, iddiaçı Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş müddətlərə riayət etməklə imtina haqqında bildirişi cavabdehə verməmişdir. Göründüyü kimi, iddiaçı bağışlamadan imtina müddətlərini çoxdan ötürmüşdür. Sonda əsassız olduğu üçün iddianın rədd edilməsi, məhkəmə iddianı əsaslı hesab edərsə, bağışlamdan imtina ilə bağlı iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilməsi xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi Vəkil3 məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənlərdən əlavə olaraq göstərmişdir ki, Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus 255938 manat pul vəsaitli bank əmanətinin cavabdehlər "xxxx" ASC və İddiaçı tərəfindən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, bank tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli “hesabdan çıxarış”a əsasən, 14 iyun 2022-ci il tarixə Cavabdeh bank əmanətində 242938 manat pul olmuşdur.Lakin, 14 iyun 2022-ci il tarixdə həmin pul vəsaiti bank hesabından çıxarılmış və həmçinin buna görə də aylıq hesablanmalı olan əlavə 13000 manat məbləğ pul da bank əmanəti hesabında görünməmişdir. Yəni, hazırda 255938 manat pul Cavabdeh bank əmanətindən əsassız olaraq silinmişdir. Cavabdeh banka qeyd olunan halın səbəbləri barədə məlumat verilməsi üçün müraciət etdikdə, ona bildirilmişdir ki, pul vəsaiti etibarnamə əsasında onun atası İddiaçı ödənilmişdir. Nəzərə alınmalıdır ki, Toğrul atasına müvafiq etibarnamə versə də, pul vəsaiti bank əmanətindən silindiyi zaman həmin etibarnamənin hüquqi qüvvəsi olmamışdır. İddiaçı qüvvədə olmayan etibarnamədən istifadə etməklə, həmçinin ona verilmiş etibarnamədən sui-istifadə etməklə Cavabdeh pulunu qanunsuz və əsassız olaraq, onun razılığı olmadan çıxararaq ələ keçirmiş, ona maddi ziyan vurmuşdur. Hazırda da İddiaçı öz qanunsuzluqları ilə bağlı cavabdehə təsir etmək üçün mülki hüquqlarından sui-istifadə edərək, Cavabdeh qarşı əsassız iddia qaldırmışdır. Bundan başqa, iddiaçı ərizədə göstərir ki, bağışlama müqaviləsi bağlansa da, daşınmaz əmlaklar faktiki olaraq iddiaçıda qalmışdır. İddiaçının bu mövqeyi də tamamilə əsassızdır və heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qeyd olunan hüquq normasına əsasən, əmlak bağışlama müqaviləsi bağlandığı andan cavabdeh tərəfindən qəbul edilmişdir. Bundan başqa, iddiaçı ərizəsində göstərir ki, guya cavabdehin maaşı bankda o qədər pulu olmasına kifayət etməz. Lakin, nəzərə alınmalıdır ki, bu məsələ digər məhkəmə araşdırmasının predmetidir. Həmin məsələnin hazırki iddia ilə heç bir aidiyyəti yoxdur. Çünki, iddiaçı və cavabdeh arasında bağışlama müqaviləsi tam qanuni formada bağlanmışdır və bağışlama zamanı hansı pulun ödənilməsi qanunvericiliklə tələb olunmur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddianı qəbul etmədiklərini bildirmişdir. Tədqiq edilən sübutlar: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh iddiaçının oğludur. - Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli müqavilədən görünür ki, İddiaçı özünə məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 58 nömrəli mənzilini oğlu Cavabdeh bağışlamışdır. - Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli müqavilədən görünür ki, İddiaçı özünə məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 60 nömrəli mənzilini oğlu Cavabdeh bağışlamışdır. - Bakı şəhəri notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evini oğlu Cavabdeh bağışlamışdır. - Bakı şəhəri 19 saylı notariat ofisində (kontorunda) bağlanmış 11 aprel 2017ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzili Cavabdeh (hədiyyə alanın) mülkiyyətinə vermişdir. - Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan qeyri-yaşayış sahəsini oğlu Cavabdeh mülkiyyətinə vermişdir. - Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 21 kv.metr olan qeyri-yaşayış sahəsini oğlu Cavabdeh mülkiyyətinə vermişdir. - MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada yerləşən, 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 08 yanvar 2008-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. - MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada yerləşən, 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 08 yanvar 2008-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzil 13 aprel 2017-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 950B saylı bağ evi 09 yanvar 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2, 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qaraj 20 fevral 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2, 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qaraj 21 fevral 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 24 fevral 2023-cü il tarixli arayışda göstərilmişdir ki:

1. İddiaçı adına ilk dəfə 17 fevral 2012-ci il tarixdə cari hesab açılmışdır.

2. Cavabdeh adına ilk dəfə 05 fevral 2013-cü il tarixdə cari hesab açılmışdır.

3. İddiaçı ilə Cavabdeh "xxxx" ASC-də birgə/ortaq hesabları yoxdur.

4. Cavabdeh "xxxx" ASC ilə bağlanmış hər hansı əmanət müqaviləsi aşkar edilməmişdir.

5. İddiaçı məxsus əmanət müqavilələri 2015-ci ildə bağlandığı üçün sənədlər ləğv olunmuşdur.

6. İddiaçı xx.xx.2012-ci ildə 10000 manat əmanət yerləşdirmiş, 07 yanvar 2013cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 07 fevral 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012ci ildə 10000 manat əmanət yerləşdirmiş, 18 mart 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 25 aprel 2014-cü il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmışdır. - Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicidi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki:

1. Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-2 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır.

2. Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-4 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 4511,04 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.

3. Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-5 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 100000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır.

4. Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-7 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 9022,2 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.

5. Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603-8 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 100000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.

6. Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603-9 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək həmin hesaba ümumilikdə 6037,5 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.

7. Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603-10 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır.

8. Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603-11 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 500,09 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.

9. Cavabdeh adına 26 dekabr 2016-cı il tarixdə 12-218603-13 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2017-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.

10. Cavabdeh adına 26 dekabr 2016-cı il tarixdə 12-218603-14 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək həmin hesaba ümumilikdə 1500 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2017-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.

11. Cavabdeh adına 26 dekabr 2017-ci il tarixdə 12-218603-15 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2017-ci il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.

12. Cavabdeh adına 26 dekabr 2017-ci il tarixdə 12-218603-16 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həmin hesaba ümumilikdə 1500 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.

13. Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603-17 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 60000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.

14. Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603-18 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 2685 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.

15. Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603-19 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 30000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə həmin məbləğ çıxarılmışdır.

16. Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603-20 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 1342,5 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır.

17. Cavabdeh adına 26 dekabr 2018-ci il tarixdə 12-218603-21 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 60000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə 59999,94 ABŞ dolları məbləğ çıxarılmışdır.

18. Cavabdeh adına 26 dekabr 2018-ci il tarixdə 12-218603-22 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 2410 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır. - İddiaçının iddia ərizəsində göstərilən daşınmaz əmlaklarla bağlı, habelə "xxxx" ASC-də cavabdehin adına açılmış əmanət hesabında olan 242938 manat pul vəsaitinin cavabdehə bağışlanmasından imtina etməsinə dair bildiriş (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş qaydada) 03 oktyabr 2022-ci il tarixdə cavabdehə ünvanlandırılmış, 18 oktyabr 2022-ci il tarixdə çatdırılmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Dövlət Universitetində İnsan resursları və hüquq şöbəsinin Hüquq sektorunun müdiri vəzifəsində işləyir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 24 sentyabr 2022-ci il tarixli arayışında göstərilmişdir ki, Bakı şəhər BPİ Binəqədi RPİ 4PBnin məsul növbətçisi, polis mayoru Cavabdeh 2012-ci il üzrə əmək haqqı 947 manat, 2013-cü il üzrə 6034,8 manat, 2014-cü il üzrə 9338,4 manat, 2015-ci il üzrə 11327,65 manat, 2016-cı il üzrə 6917,05 manat, 2017-ci il üzrə 6950,4 manat, 2018-ci il üzrə 7392 manat, 2019-cu il üzrə 8269,45 manat, 2020-ci il üzrə 9499,2 manat, 2021-ci il üzrə 9523,2 manat, 2022-ci il üzrə 7966,8 manat olmaqla, 2012-ci ildən 2022-ci ilədək cəmi məbləğ 84165,95 manat təşkil edir. - İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ş.Məmmədova küçəsindəki 68 nömrəli 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 77,36 kv.metr yaşayış sahəsi olan 60 saylı mənzildə 1932-ci il təvəllüdlü anası Zenfira Sadıxova ilə birlikdə yaşayır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(001)-4742/2022 saylı qərardadından görünür ki:

1. iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı pulun hesaba daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, cavabdehdən 242938 manat pul vəsaitinin tutularaq Cavabdeh adına açılmış ******************** nömrəli hesaba ("xxxx" ASC tərəfindən əmanətin qəbul edilməsi üçün açılmış hesaba) mədaxil edilməsi... barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Həmin mülki işlə bağlı məhkəmənin 15 sentyabr 2022-ci il tarixli, MTT(001)- 177/2022 saylı qərardadına əsasən, X5 Azərbaycan” QSC-nin Nərimanov Metropark filialında cavabdeh İddiaçı depozit qutusunda (bank hesabında) olan 242938 manat vəsaitin üzərinə həbs qoyulmuşdur.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli BPM**********57, BMP**********47 və BPM**********54 nömrəli “Bank əmanəti müqavilə”ləri bağlanılmışdır. Hər üç müqaviləyə əsasən müvafiq olaraq Cavabdeh tərəfindən 100.000 manat, 100.000 manat və 57.000 manat pul vəsaitini cəmi 257.000 manat Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesaba yerləşdirilmişdir. Bank əmanəti müqavilələrinin şərtlərinə əsasən qeyd edilən vəsaitlərə 12 ay müddətinə illik 8% hesablanmalıdır. Bank isə müvafiq müqavilələrdə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Müvafiq müqavilələrin 8.1-ci maddələrində qeyd edilən şərtə əsasən bu müqavilələr müddət bitdikdən sonra hər dəfə 12 ay müddətinə uzadılmışdır. Cavabdeh tərəfindən (etibar edən) verilmiş “AR-İ №891359” blank nömrəli, barkod nömrəsi **********535 olan 25 sentyabr 2019-cu il tarixli etibarnamə əsasında onun atası İddiaçı (etibar edilən) 14 iyun 2022-ci il tarixində Bankın müvafiq müştəri xidməti strukturuna (Müştəri xidməti departamentinə) yaxınlaşmış, bu etibarnamə əsasında adları yuxarıda qeyd edilən hər 3 müqavilə üzrə vəsaitləri Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesabdan vaxtından əvvəl məxaric etməklə müqavilələrin 4.2-ci bəndinə əsasən müqavilələrə vaxtından əvvəl xitam vermiş və 242.938 manat vəsaiti məxaric etmişdir. İddiaçı tərəfindən müvafiq vəsaitlər məxaric edildikdən sonra oğlu – etibar edən Cavabdeh Bankın çağrı mərkəzinə müraciət etmiş və pul vəsaitinin məxaric edilməsi məsələsinin araşdırılıb ona cavab verilməsini xahiş etmişdir. Bank tərəfindən ona məlumat verilmişdir ki, müvafiq vəsait etibarnamə əsasında hərəkət edən şəxs tərəfindən məxaric edilib. O isə banka bildirmişdir ki, onun tərəfindən verilmiş etibarnaməyə xitam verilib. Bundan sonra bank tərəfindən aparılmış araşdırmalar nəticəsində müvafiq yoxlama aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən (etibarən edən) atası İddiaçı (etibar edilən) verilmiş “AR-İ №891359” blank nömrəli, barkod nömrəsi **********535 olan 25 sentyabr 2019-cu il tarixli etibarnaməyə 02 mart 2021-ci il tarixində xitam verilib. Bundan sonra Cavabdeh Banka həmçinin yazılı şəkildə 22 iyun 2022-ci il tarixli ərizə ilə müraciət etmiş, ona məxsus olan məbləğin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, müvafiq etibarnaməyə 02 mart 2021-ci il tarixində xitam verildiyi üçün İddiaçı 14 iyun 2022-ci il tarixində Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesabdan müvafiq vəsaiti məxaric etməyə, müqavilələri ləğv etməyə hüququ olmamışdır.

4. Cavabdeh isə məhkəməyə yazılı etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini, 257.000 manat vəsaitin həqiqi sahibinin məhz onun olduğunu bildirmişdir. Eyni zamanda cavabdeh məhkəməyə yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, iddiaçı Cavabdeh da ona və "xxxx" ASC-yə qarşı “bank əmanətinin bərpa olunması” tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda həmin iş hakim Natavan Tağıyevanın icraatındadır. Hər iki iddia eyni pul məbləği və eyni hesabla bağlıdır. Hər iki iddia tələbi təmin olunacağı təqdirdə İddiaçı eyni pul məbləği iki dəfə alınmış olacaqdır. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisəli pul məbləği üzrə əsas tələb sahibi də bank deyil, olsa-olsa Cavabdeh ola bilər (hərçənd həqiqətdə həmin pul ona məxsus olmuşdur). Eyni zamanda bank həmin pulu özü bərpa etdikdən sonra hazırkı iddia tələbi ilə çıxış edə bilərdi. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh ona və "xxxx" ASCyə qarşı “bank əmanətinin bərpa olunması” tələbinə dair mülki iş həll edilib yekun məhkəmə aktı çıxarılana qədər 2(001)-4742/2022 saylı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir.

5. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan və habelə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-3746/2022 saylı qətnamədən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh məxsus 255.938 manat məbləğində pul vəsaitli bank əmanətinin cavabdeh "xxxx" ASC tərəfindən depozit hesaba bərpa edilməsi qət edilmiş, iddia tələbi digər cavabdeh İddiaçı münasibətdə rədd edilmişdir.

6. Habelə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(103)1700/2023 saylı qətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-3746/2022 saylı qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iddia tələbi rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. - 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. - 673.2, 673.2.1 və 673.2.2-ci maddələrinə əsasən, hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə ləğv edə və onun icrasından imtina edə bilər. - 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. - 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsində, ona etirazda göstərilənləri nəzərdən keçirib, iddiaçı və cavabdeh tərəfin mövqeyini müəyyənləşdirib, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəbhər tutmaqla, hesab edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə ilk öncə qeyd edir ki, bağışlama əsas etibari ilə qarşılıqsız olaraq və çox zaman da yaxın qohumluq əlaqələri olan şəxslərə edilir. Təcrübədə də ən çox rast gəlinən bağışlama halları ailə daxili şəxslər arasında mövcud olanlardır ki, bunun səbəbi də bağışlama fakatlarının tərəflər arasındakı mənəvi bağlar və qarşılıqlı doğmalıq və yaxınlıq hissələrinə söykənməsidir. Qeyd edilən mənəvi əlaqələrin mövcud olması bağışlama faktının gerçəkləşməsinə rəvac verdiyi kimi həmin bağların zəifləməsi və habelə qopması halı da bağışlamadan imtinaya əsas ola bilər. Məhz bu səbəblə də Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda” hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İndiki halda iş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 58 nömrəli mənzili 01 dekabr 2007-ci ildə; Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 60 nömrəli mənzili 01 dekabr 2007-ci ildə; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evini 03 avqust 2012-ci ildə; Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzili 11 aprel 2017-ci ildə; ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan qeyri-yaşayış sahəsini 13 fevral 2019-cu ildə; ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 21 kv.metr olan qeyri-yaşayış sahəsini 13 fevral 2019cu ildə cavabdehə bağışlama yolu ilə hədiyyə etmişdir. Məhkəmədə belə təsəvvür yaranır ki, ən azı sonuncu müqavilənin bağlandığı 13 fevral 2019-cu il tarixədək iddiaçı ilə cavabdeh arasında ailə hüquq münasibətlərinə xələl gətirən hal olmamışdır. Çünki, əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Məhz həmin dövrdə (daha dəqiq xx.xx.2012-ci il tarixdən 27 yanvar 2015-ci il tarixədək) iddiaçıya məxsus "xxxx" ASC-dəki bank hesablarına ən azı 200000 manat məbləğində pul vəsaiti yerləşdirilmiş (əmanət hesablarının bağlandığı tarixdən sonrakı dövr üzrə yeni hesablana mədaxil edilmiş məbləğlərin təkrar olaraq yerləşdirilməsi ehtimalı olduğu üçün nəzərə alınmadan), 27 yanvar 2015-ci il tarixədək həmin bankdakı iddiaçının hesablarından pullar çıxarılmış, 01 iyun 2016-cı il tarixdən başlayaraq cavabdehin adına "xxxx" ASC-də depozit hesabları açılmış və həmin hesablara 26 dekabr 2018-ci il tarixədək 50000, 100000 və s. ABŞ dolları kimi iri məbləğlərdə mədaxillər edilmişdir. Cavabdehin hesablarından məxaric son olaraq 10 iyul 2020-ci il tarixdə edilmiş, 14 iyul 2020-ci il tarixdə "xxxx" ASC və Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli BPM**********57, BMP**********47 və BPM**********54 nömrəli “Bank əmanəti müqavilə”ləri bağlanılmışdır. Hər üç müqaviləyə əsasən müvafiq olaraq Cavabdeh tərəfindən 100.000 manat, 100.000 manat və 57.000 manat pul vəsaitini cəmi 257.000 manat Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesaba yerləşdirilmişdir. Cavabdeh tərəf iddia tələbində göstərilən, cavabdehin adına "xxxx" ASC-dəki əmanət hesabına yerləşdirilmiş 242938 manat pul vəsaitinin iddiaçının pulu olmadığını iddia etsə də, mülki iş materialları ilə iri məbləğli pul vəsaitlərinin cavabdehdən əvvəl iddiaçıya məxsus bank hesablarında mövcud olduğu öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh tərəfindən həmin pulla bağlı istənilən əməliyyatın aparılması səlahiyyəti ilə bağlı iddiaçıya etibarnamə verilməsi də pulun həqiqətən də iddiaçıya aid olması fikrini möhkəmlədir. Habelə ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən elektron sistemə daxil edilmiş iddia ərizəsinə etirazda da qeyd edilmişdir ki, bağışlanma hər hansı müqavilə ilə və pulun verilməsi ilə şərtləndirilmir. Bu fikir etiraf etmək niyyəti qeyd edilməsə də tərəfin bununla bağlı iradəsi ifadəsi və ümumilikdə iddia ərizəsinə etiraz ərizəsi etiraf mahiyyətində olduğu üçün bu mövqe məhkəmə tərəfindən etiraf xarekterli dəyərləndirilməkdədir. Həmçinin cavabdeh tərəf həmin pul məbləğinin bağışlanma olmadığını qeyd etməklə kifayətlənmiş, məhkəmə tərəfindən kifayət qədər uzun və hər tərəfli məhkəmə araşdırması aparılmasına baxmayaraq iddiaçının bu mövqeyinə əks arqument xarakterli heç bir sübutu məhkəmə təqdim etməmişdir. Həmçinin cavabdehin özü heç bir məhkəmə iclasında iştirak etmədiyinə və cavabdehin nümayəndəsi və vəkilinin isə sonrakı məhkəmə hazırlıq iclaslarının və həmçinin heç bir məhkəmə baxış iclaslarında iştirak etmədiyinə görə iddia tələbinin ayrı-ayrı hissələrinə dair cavabdeh tərəfindən şifahi münasibətini öyrənmək və habelə mübahisə ilə bağlı cavabdeh tərəfə suallar ünvanlamaq mümkün olmamışdır. Bu məqamda məhkəmə cavabehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək, qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərilən daşınmaz əmlaklarla bağlı, habelə "xxxx" ASC-də cavabdehin adına açılmış əmanət hesabında olan 242938 manat pul vəsaitinin cavabdehə bağışlanmasından imtina etməsinə dair bildiriş (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş qaydada) 03 oktyabr 2022-ci il tarixdə cavabdehə ünvanlandırılmış, 18 oktyabr 2022-ci il tarixdə çatdırılmışdır. Bundan başqa, cavabdehin "xxxx" ASC-yə əmanət hesabındakı pulun atası tərəfindən çıxarılmasının qanunsuz olması ilə bağlı müraciətindən sonra bank tərəfindən İddiaçı qarşı iddia ərizəsi 08 iyul 2022-ci il tarixdə imzalanmış,məhkəməyə göndərilmişdir. Yəni, tərəflər arasında ailə hüquq münasibətlərinin pozulması fonunda bu mübahisənin yaranma tarixi məhkəmə üçün 08 iyul 2022-ci il qəbul edilir, çünki, əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə, iddia müddətinin ötürülməmiş sayılır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilənlərə uyğun olaraq, cavabdehin iddiaçının anasına, səhhətində problemlər olan bacısına qayğı göstərməməsi və s. ilə bağlı sübut mövcud olmasa da, cavabdehin iddiaçıya məxsus pul vəsaitini mənimsəməyə çalışması bəllidir və belə olan halda Mülki Məcəllənin 673.2.2-ci maddəsinin hazırki iddiaya təmin edilməsi üçün əsaslar yaranmış olur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, -Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin cavabdehə bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı; həmin müqavilə əsasında cavabdehin adına verilmiş 09 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02-11301 reyestr nömrəli çıxarış ləğv edilməli və cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılmalı; -Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilə dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı; həmin müqavilə əsasında 13 aprel 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarış ləğv edilməli və cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılmalı; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilə dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı; həmin müqavilə əsasında cavabdehin adına MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarış ləğv edilməli və cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılmalı; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilə dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı; həmin müqavilə əsasında cavabdehin adına MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarış ləğv edilməli və cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılmalı; -ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qaraja dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı; həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083049 reyestr nömrəli, 20 fevral 2019-cu il tarixli çıxarış ləğv edilməli; cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılmalı; -ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qaraja dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı; həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083048 reyestr nömrəli, 21 fevral 2019-cu il tarixli çıxarış ləğv edilməli; cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılmalı; - iddiaçının vəsaiti hesabına "xxxx" ASC-də cavabdehin adına açılmış əmanət hesabına yatırılan 242938 manat pul məbləğinin cavabdehə bağışlanmasından imtina edilmiş hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “bağışlama müqavilələrindən imtina edilmiş hesab olunması, çıxarışların ləğvi və s.” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 09 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02-11301 reyestr nömrəli çıxarış ləğv edilsin və Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılsın; Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilin Cavabdeh bağışlanmasına dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 13 aprel 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarış ləğv edilsin və Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılsın; Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarış ləğv edilsin və Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılsın; Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarış ləğv edilsin və Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılsın; ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083049 reyestr nömrəli, 20 fevral 2019-cu il tarixli çıxarış ləğv edilsin; Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılsın; ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083048 reyestr nömrəli, 21 fevral 2019-cu il tarixli çıxarış ləğv edilsin; Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılsın; İddiaçı vəsaiti hesabına "xxxx" ASC-də Cavabdeh adına açılmış əmanət hesabına yatırılan 242938 manat pul məbləğinin Cavabdeh bağışlanmasından imtina edilmiş hesab olunsun. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar