Məhkəmə qərarları › İş №2(001)-28/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-28/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-28/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, LİZ-1352 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh lizinq obektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 3040,34 manat əsas, 511,76 manat mükafat, 1102,76 manat dəbbə pulu, cəmi 4654,86 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli LİZ-1352 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 14800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh illik 12% hesablanmaqla 48 ay müddətinə hər ay sabit məbləğ olmaqla 389,74 manat, ümumilikdə 18708 manat məbləğində pulu iddiaçının xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə Ş.Quliyev, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx.xx.2018-ci il tarixli, LİZ-1352 saylı “Daxili Lizinq müqaviləsi” üzrə bütün öhdəlikləri Cavabdeh öz öhdəsinə götürmüşdür. Cavabdehin lizinq şirkətinə sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə 250 manat məbləğində olmuşdur. Cavabdehin lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 3040,34 manat gecikdirilmiş əsas, 511,76 manat gecikdirilmiş mükafat və 1102,76 manat dəbbə pulu olmaqla, ümumilikdə 4654,86 manat gecikmə borcu yaranmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçının nümayəndəsi C.Hüseynov məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2021-ci il tarixə 6698,31 manat gecikdirilmiş əsas borcun, 1140,94 manat gecikdirilmiş mükafat borcunun, 6241,19 manat dəbbə pulunun, həmçinin “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 9485 manat pulun, cəmi 23565,44 manat borcun və 30,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Hüseynov iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli, LİZ-1352 saylı “Daxili Lizinq müqaviləsi” ilə müəyyən olunmuşdur ki, bu müqavilə İddiaçı MMC ilə X5 arasında bağlanmış, müqavilənin predmetini isə 14800 manat məbləğində olan “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil etmişdir. - xx.xx.2019-cu il tarixli, LİZ-1352 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, Cavabdeh X2 xx.xx.2018-ci il tarixli “Daxili Lizinq müqaviləsi” üzrə bütün öhdəliklərini öz üzərinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, LİZ-1352 saylı “Daxili Lizinq müqaviləsi”nə 3 saylı Əlavədən görünür ki, Cavabdeh müqavilə üzrə illik 12% hesablanmaqla 48 ay müddətinə hər ay 389,74 manat sabit məbləği iddiaçının xeyrinə ödəməlidir. - xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan görünür ki, “Daewoo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilərkən, avtonəqliyyat vasitəsi tam yararsız vəziyyətdə olmuş, arxa sol qapı, ön və arxa bufer, faralar, şüşələr, oturacaqlar, arxa baqaj (kapot) olmamış, mühərrik sökülmüş, avtomobilin arxa qapılardan dəyişilmiş vəziyyətdə olması qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli, 9/117 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə banka olan borcu əsas borc üzrə 3676 manat, mükafat borcu üzrə 655,59 manat, cərimə borcu üzrə isə 1864,47 manat təşkil etmişdir. - xx.xx.2021-ci il tarixli, "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi üçün xidmət haqqı da daxil olmaqla ümumilikdə 9485 manat pul ödənilmişdir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə 0060 saylı hesabatdan görünür ki, buraxılış ili 2013-cü il olan “Daewoo Gentra” minik markalı avtomobillərin hazırkı orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 10500 manat müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli, İddiaçı MMC tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə olan borcu əsas borc üzrə 6698,31 manat, mükafat borcu üzrə 1140,94 manat, cərimə borcu üzrə 6241,19 manat, zərər isə 9485 manat olmaqla, ümumilikdə 23565,44 manat təşkil etmişdir. - xx.xx.2022-ci il tarixli, 9/8049 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə (arayış tarixinə) İddiaçı MMC-yə olan borcu əsas borc üzrə 6698,31 manat, mükafat borcu üzrə 1140,94 manat müəyyən olunmuş, xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə olan borcu isə əsas borc üzrə 10389,68 manat, mükafat borcu üzrə 1347 manat müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli, 9/3729 - 9-9771 nömrəli ekspert rəyindən görünür ki, 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7920 manat müəyyən olunmuş, həmçinin Cavabdeh xx.xx.2020-ci il tarixinə olan borcu əsas borc üzrə 2252,5 manat, mükafat borcu üzrə 661,48 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -449-cü maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasmda tutulduqda məhkəmə kreditorun tələbini qərarı çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. -449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. -522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əasən öhdəlik üçün şəxsə verilə bilər; bunun nəticəsində o, əvəlki borclunu əvəz edir. -522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alanadakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Adı çəkilən Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – lizinq alan öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən lizinq verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cərimə borcu iddiaçı tərəfindən birtərəfli şəkildə təyin olunmuş məbləğdə deyil, 200 manat məbləğində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan pul məbləği xx.xx.2021-ci il tarixə qədər hesablanmış, yəni xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Akt tərtib olunan tarixə hesablanmış 6698,31 manat əsas, 1140,94 manat mükafat borcu olmalıdır. Belə ki, həmin tarixə qədər “Daewoo Gentra” markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadə və sahibliyində olmuşdur. Məhkəmə qeyd edir ki, həmçinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə “Daewoo Gentra” markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 7920 manat pul məbləği tutulmalıdır(xx.xx.2023-cü il tarixli, 9/3729 9-9771 nömrəli ekspert rəyinə əsasən). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6698,31 manat əsas, 1140,94 manat mükafat borcu, 200 manat dəbbə pulu, “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün isə 7920 manat pul məbləği olmaqla, cəmi 15959,25 manat pul məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6698,31 manat əsas, 1140,94 manat mükafat borcu, 200 manat dəbbə pulu, Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün isə 7920 manat pul məbləği olmaqla, cəmi 15959,25 manat (on beş min doqquz yüz əlli doqquz manat iyirmi beş qəpik) borc və ödənilmiş 30,40 manat (otuz manat qırx qəpik) dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları tədqiqatının ümumi dəyərini təşkil edən 395 (üç yüz doxsan beş) manat ekspertiza xərcinin 50%-i yəni 197,50 (bir yüz doxsan yeddi manat əlli qəpik) manatı İddiaçı MMC-dən, qalan 50%-i yəni yəni 197,50 (bir yüz doxsan yeddi manat əlli qəpik) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. İş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat xidmət haqqının 50%-i yəni 125 (bir yüz iyirmi beş) manatı İddiaçı MMC-dən, qalan 50%-i yəni 125 (bir yüz iyirmi beş) manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar