Məhkəmə qərarları › İş №2(001)-2823/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2823/2022

23.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2823/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilinə əsassız hesablanmış 850 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Mənzildə istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtlı-vaxtında ödəyir. Buna baxmayaraq, cavabdeh "xxxx" ASC tərəfindən yaşadığı mənzilə 850 manat məbləğində borc yazılmışdır. Halbuki, o, bu məbləğdə elektrik enerjisindən istifadə etməmişdir. O, insult keçirmiş və uzun müddətdir ağır xəstədir. Öz yaşayışını təmin etmək onun üçün olduqca çətindir. Belə bir vəziyyətdə cavabdeh orqan tərəfindən tələb edilən həmin pulu ödəməyi mümkün deyil. 27 aprel 2022-ci il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, iddiaçının elektrik enerjisindən istifadə olunmasına görə 850 manat borcu olduğunu və onların tərəfindən həmin borcun tələb olunduğunu bildirdi. Məhkəmə iclasında iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının qeyd etdiyi 850 manat məbləğində pul iddiaçının əvvəlki illərdə elektrik enerjisindən istifadəyə görə yaranmış borcdur. Həmin borc qanuni olaraq hesablanmışdır. Ona görə də iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, həmin borc evə sayğac quraşdırılmadan öncə hesablanmış borcdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Abunə kodu **********20081 olan Abunə haqqında sənəddən və abonentin hərəkət cədvəlindən görünür ki, X1 yaşadığı ünvan 2 ünvanına 19.09.2011-ci il tarixdə sayğac quraşdırlmışdır və elektrik enerjisindən istifadəyə görə 2015-ci il üzrə sərfiyyat+akt 2448 kvth, dəyər 146,88 manat, ödəniş 125 manat və borc məbləği 1240,98 manat, 2016-cı il üzrə sərfiyyat+akt 1620.8 kvth, dəyər 103,2, ödəniş 210 manat, borc məbləği 1134,18 manat, 2017-ci il üzrə sərfiyyat+akt 1196 kvth, dəyər 90,23 manat, ödəniş 250 manat, borcdan ödəniş 250 manat, borc məbləği 974,41 manat, 2018-ci il üzrə sərfiyyat+akt 1039 kvth, dəyər 72,73 manat, ödəniş 150 manat, borcdan ödəniş 150 manat, borc məbləği 897,14 manat, 2019-cu il üzrə sərfiyyat+akt 1155 kvth, dəyər 80,85 manat, ödəniş 132 manat, borcdan ödəniş 132 manat, borc məbləği 860,99 manat, 2020-ci üzrə sərfiyyat+akt 1294 kvth, dəyər 90,58 manat, ödəniş 72 manat, borcdan ödəniş 72 manat, borc məbləği 864,57 manat, 2021-ci il üzrə sərfiyyat+akt 1219 kvth, dəyər 86,45 manat, ödəniş 76 manat, borcdan ödəniş 76 manat, borc məbləği 875,02 manat və 2022-ci il üzrə sərfiyyat+akt 443 kvth, dəyər 35,44 manat, ödəniş 0 manat, borcdan ödəniş 0 manat, borc məbləği 910,46 manat təşkil edir. Eyni zamanda işığın gücünə görə orta sərfiyyat aktlar əsasında sayğac quraşdırılmamışdan öncə, yəni 28.01.2010-cu ildən 19.09.2011-ci il tarixə 848,6 manat və 07.01.2017-ci il tarixdə isə limitdən artıq sərfiyyata görə 7 manat olmaqla, cəmi 855,41 manat borc hesablanmışdır “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən elektrik enerjisindən istifadəyə görə 28.01.2010-cu il tarixdən 19.09.2011-ci il tarixə qədər 848,6 manat və 07.01 2017-ci il tarixdə 7 manat olmaqla, cəmi 855,41 manat borc hesablanmışdır. Məhz iddiaçının iddia tələbində silinməsini tələb etdiyi 850 manat borc məbləği də həmin dövrdə elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğdir. Belə olan halda isə məhkəmə bu nəticəyə gəlir ki, 19.09.2011-ci il tarixə hesablanmış 848,6 manat və 07.01 2017-ci il tarixdə hesablanmış 7 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində "xxxx" ASC tərəfindən tələb edilmədiyindən və tələb etmək hüququ mülki qanunvericiliyin tələblərinə əsasən qüvvəsini itirdiyindən, iddiaçının iddia tələbi təmin edilməli və AR MPM-nin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, 850 manat borc məbləği iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci madəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti də 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 850 (səkkiz yüz əlli) manat məbləğində borc Kanteyeva(Əliyeva) Fərzanə Abubəkirovnaya məxsus **********20081 saylı abunə hesabından silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar