Məhkəmə qərarları › İş №2(001)-283/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-283/2023

30.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-283/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası və Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq, Himayəçilik və Azyaşlıların vərəsəlik hüquqlarının mühafizəsi işləri Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində anadan olmuş əri 04 mart 1975-ci il təvəllüdlü X5 və oğlanları Quba şəhərində anadan olmuş 29 yanvar 2001-ci il təvəllüdlü X6 və Bakı şəhərində anadan olmuş 29 iyul 2004-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi baədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, X12 ilə 03 yanvar 2000-ci il tarixində ailə qurmuşlar. Birgə nikahlarından 29 yanvar 2001-ci il təvəllüdlü X13 və 29 iyul 2004-cü il təvəllüdlü X11 doğulmuşdur. Ərinin və uşaqlarının əmək qabiliyyəti olmadığından onlara özü baxır. Ərinin debillik dərəcəsində oliqofreniya, davranış pozulması, böyük oğlu Qara da davranış pozuntusu, nitq və davranış pozuntusu ilə debillik dərəcəsində ağıl zəifliyi (yüngül kəmağıllılıq), balaca oğlu Nihad da isə yüngül əqli gerilik, nitq və davranış pozuntuları vardır. Onların daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacları var. Mütəmadi olaraq müalicə və müayinə olunurlar. Ərinin və oğlanlarının kənar şəxsin müdaxiləsi olmadan yaşamaları mümkün deyildir. Onlar öz fikirlərini ifadə edə bilmirlər. İdarələrdə, müəssisələrdə və təşkilatlarda sənədləşmə işləri zamanı baş verən prosesləri anlamadıqlarından çətinliklər yaranır. İllər keçdikcə ərinin və oğlanlarının vəziyyəti ağırlaşır və onları idarə etmək çətinləşir. Sənədləşmə zamanı əri və oğlanları özlərini ifadə edə bilmədiklərindən sənədləri imzalaya bilmirlər. Odur ki,onların fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələrinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və ərizəyə münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə etdiyini bildirərək, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Nikahın bağlanması haqqında Vİİ-ЖГ seriyalı, 373908 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 ilə X9 arasında 03 yanvar 2000-ci il tarixində nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada “Vəliyeva” soyadı verilmişdir.

6. Quba rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 561060 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2001ci il tarixində Quba rayonunda doğulmuşdur. X2, anası Ərizəçidır.

7. Quba rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 561060 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2004cü il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası Ərizəçidır.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18ndə İİİ dərəcə əlilliyə görə 120 manat məbləğində sosial müavinət alır. Təyinatın başlanma tarixi xx.xx.2005-ci il, təyinatın bitmə tarixi isə müddətsizdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X10 davranış digər pozuntusu, nitq və davranış pozuntusu ilə debillik dərəcəsində ağıl zəifliyi diaqnozu qoyulmuşdur.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 21 nömrəli uşaq poliklinikası tərəfindən verikən ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 yüngül əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu müşahidə edilir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 X18 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 34 saylı ekspertiza rəyindən görünür ki, X7 yüngül kəmağıllılıq (kəskin debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə müəyyən edilir. X12 öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 X18 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 35 saylı ekspertiza rəyindən görünür ki, X4 yüngül kəmağıllılıq (kəskin debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə müəyyən edilir. X11 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 X18 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 90 saylı ekspertiza rəyindən görünür ki, X8 yüngül əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X13 öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də, X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:

16. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

17. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

18. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

20. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;

21. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;

22. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;

23. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;

24. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;

25. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;

26. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

27. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 04 mart 1975-ci il təvəllüdlü X5 arvadı, 29 yanvar 2001-ci il təvəllüdlü X6 və 29 iyul 2004-cü il təvəllüdlü X3 isə anasıdır. 04 mart 1975-ci il təvəllüdlü X5, 29 yanvar 2001-ci il təvəllüdlü X6 və 29 iyul 2004-cü il təvəllüdlü X3 psixi qüsurları haqqında kifayət qədər məlumat olduğundan onların psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 X14 təqdim etdiyi məhkəmə psixiatrik ekspertizasının rəylərindən isə müəyyən edilmişdir ki, 04 mart 1975-ci il təvəllüdlü X12, 29 yanvar 2001-ci il təvəllüdlü X13 və 29 iyul 2004-cü il təvəllüdlü X11 hazırki psixi vəziyyəti ilə əlaqədar, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildirlər. Buna görə də onların tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

33. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

34. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxslərin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə əsas olduğundan ərizə təmin edilməli, 04 mart 1975-ci il təvəllüdlü X12, 29 yanvar 2001-ci il təvəllüdlü X13 və 29 iyul 2004-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 04 mart 1975-ci il təvəllüdlü X12, 29 yanvar 2001-ci il təvəllüdlü X13 və 29 iyul 2004-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar