Məhkəmə qərarları › İş №2(001)-2845/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2845/2020

12.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2845/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri X6 xəstəlik səbəbindən öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsə çevrildiyindən onun fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, o, X6 ilə xx.xx.1997-ci ildə nikah bağlayaraq evlənmişdir. Həmin nikahdan 2 övladları - 1 oğul və 1 qızları var. Əri 2018-ci ilin yanvar ayında beyin infarktı (insult) keçirmiş və nəticədə sağ ətraflarında hərəkətin məhdudluğu və nitqin pozulması baş vermişdir. Müalicə üçün xx.xx.2018-ci il tarixdə X7 yerləşdirmişlər və xəstəxanadan çıxarkən ona belə diaqnoz qoyulmuşdur: “BQDKP. Sağ yarımkürədə gicgah kardioskleroz. Ritm pozğunluğu ekstrasistolikaritmiya. Şəkərli diabet İİ tip payında beyin infarktı. Hipertoniya xəstəliyi 3-cü mərhələ. Sağ tərəfli - hemiplegiya. Total afaziya. ÜİX. Aterosklerotik kardioskleroz. Ritm pozğunluğu ekstrasistolik aritmiya. Şəkərli diabet İİ tip orta ağır forma. OU-Hipertonik anjiopatiya” Bütün müalicələrə baxmayaraq ərinin sağlamlıq durumunda müsbət irəliləyişlər yoxdur. O, yenə də danışa bilmir, bəzən tamamilə eşitmir, özünü idarə edə bilmir və xəstəlik səbəbindən öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsə çevrilmişdir. Bu səbəbdən də ərinə xx.xx.2019-cu ildə 1-ci dərəcəli ümumi səbəbdən əlillik verilmişdir. Göstərilənlərə əsasən əri X6 xəstəlik səbəbindən öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsə çevrilməsi səbəbindən onun fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, X2 orta beyin arteriyası hövzəsində infarktın nəticəsində sağ gicgah payında semik insult. Arterial hipertenziya. Sağ tərəfli dərin spastik hemiparez hemihipesteziya. Motor afaziya diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Vİ-ЖГ seriyalı 473002 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında nikah xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış, № 2707 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 1959 saylı rəyindən görünür ki, X3 hal-hazırda kəskin başlanmış vaskulyar demensiya (F.01.0) qeyd olunur. X6 hal-hazırda öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına tapşırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. ünvan 1 mənzil 21 ünvanda qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar