Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-29/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Şirkəti Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin sazişi ərazisi hüdudları (1. 396917.799 4478406.901; 2. 396931.262 4478401.829; 3. 396926.948 4478389.124; 4. 396913.342 4478394.291 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X7 Bi.Vi. və ARDNŞ-nin Ortaq Şirkəti (“Podratçılar”) arasında saziş (bundan sonra – Saziş) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4cü bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Sazişin 2 və 8-ci maddələrinin və X7 Bi. Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X6 şirkətləri arasında imzalanmış X2 5-ci maddəsinin müddəalarına əsasən Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə, həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alqı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, həmin torpaq sahəsinin 2003-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının razılığı ilə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən ona ayrıldığını bildirmişdir.
Mülki işin materialları:
5. Azərbaycan Respublikası Torpaq və Xəritə çəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən cavabdeh tərəfindən inşa olunmuş tikili "X6" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir.
6. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinin sədrinə ünvanlanmış xx.xx.2003-cü il tarixli məktubdan görünür ki, “Bələdiyyənin ərazisində fəaliyyət göstərən “Vulkan-1” KM müəssisəsinə məxsus torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 600 kv.m torpaq sahəsinin satılmasını etiraz edilməmişdir.
7. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli Qərarında əsasən, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən 600 kv.m boş topaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh Həbibullah oğluna alqı-satqı qaydasında (2.400.000 manat) ayrılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1365/2023 nömrəli, 24.2.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirmədən saxlanılmış və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1365/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh Həbibullah oğlu) “qərarın etibarsızlığının tanınması” tələbinə dair iş iddiaçının mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürüldüyündən iddia mümkün sayılmamışdır.
9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-i "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda, 396917.799 4478406.901; 396931.262 4478401.829; 396926.948 4478389.124; 396913.3418 4478394.291 koordinatlar daxilində yerləşən torpaq sahəsinin İddiaçı Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi qeyd edilmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
10. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası:
11. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri).
12. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
17. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
18. Maddə 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:
19. Maddə 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
20. Maddə 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.
21. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
22. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
24. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
25. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
26. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
27. Maddə 181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir.
28. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.
29. Maddə 181.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər.
30. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehə İcra Hakimiyyəti başçının müvafiq razılığı ilə “Vulkan-1” KM müəssisəsinə məxsus torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və cavabdehin həmin torpaq sahəsində tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikiliyə dair gözlənti hüququ mövcuddur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
32. “X3rşı” və “Kalvelli və Çiqlio İtaliyaya qarşı”iş üzrə qərarlarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.
33. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” şikayət iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləsi” (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. Bu baxımdan onun (Akimovanın) mənzilə dair olan iddiaları “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət”nin təşkil olunması üçün kifayət qədər əsaslıdır.
34. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh istifadəsində olan torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti razılığı ilə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 368 nömrəli, 02 may 2003-cü il tarixli qərarına əsasən əldə etmişdir. Bu baxımdan həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilmir, əksinə torpaq sahəsi üzərində cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh özünün mənzil şəraitini həll etmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir.
35. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili üzərində sahiblik hüquqları qanuni əsaslara mövcud olduğundan, iddiaçının sökülməsini tələb etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən iddia tələbi əsassız hesab edilməlidir.
36. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin özbaşına zəbt edilməsi təsdiq edilmədiyindən, iddiaçının sökülməsini xahiş etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən, cavabdeh tərəfin həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə gözlənti hüququ olduğuna görə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
37. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova