Məhkəmə qərarları › İş №2(001)-2905/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2905/2025

11.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2905/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü qızı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı - X6 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Qızı anadan olandan qüsurlu doğulmuşdur. Bir neçə ildir qızının xəstəliyi ilə bağlı onun qulluğunda duraraq bütün əzab-əziyyətlərinə qatlanır. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə nəticəsində birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. Diaqnozu – qullu və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə daim kənar şəxslərin qullu və himayəsinə ehtiyacı var. X6 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərini idarə edə bilmir. Belə ki, qızı - X6 xəstəliyi səbəbindən kənar şəxslərin köməyinə ehtiyacı var. Beləliklə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən X2 maraqlarını və mənafeyini müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi üçün zəruri olduğundan, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA4118817 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 qullu və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə daim kənar şəxsin qulluq və himayəsinə ehtiyacı var, USİ-nin qalıq əlamətləri, İQ-20, Paraplegiya və tetraplegiya, Spastik tetraparez diaqnozları qoyulmuşdur. Birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 Uşaq serebral iflicin qalıq əlamətləri, aöır dərəcəli əqli geriliklə müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X2 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar