Məhkəmə qərarları › İş №2(001)-2913/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2913/2022

11.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2913/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona yazılan borcun araşdırılmasını və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanına Azərsu ASC-nin əməkdaşı tərəfindən sənəd təqdim edilib. Sənədə əsasən sayğac olmadığı halda iddiaçıya yüklü məbləğdə cərimə yazılmışdır. Cavabdeh tərəfdən borcun necə yaranması sualına aydınlıq gətirilməyərək, sənədi təqdim etməklə kifayətlənilmişdir. Həmin ərazidə su gəlmədiyi üçün iddiaçı suyu öz vəsaiti ilə alsa da, xx.xx.2020-ci il tarixdə Binəqədi rayon Su Kanal İdarəsi tərəfindən ona xəbərdarlıq məktubu ünvanlanmış və məktubda 1277,78 manat borcun tam ödənilməsi, əks halda su təchizatı xidmətinin dayandırılması haqda qeyd edilmişdir. 2021-ci il avqust ayında Cavabdeh ASC tərəfindən sayğac qoyulmuş, lakin sayğacın düzgün işləmədiyi aşkarlanmış, ilk ayda 300 manatdan çox məbləğ hesablamış, Azərsu ASC-nin əməkdaşlarına problem bildirildikdən sonra onlar borcu sildiklərini və xəta olduğunu bildirmişlər. Lakin sayğac yenə də düz çalışmır, istifadə edilən su məbləğinin iki və ya üç mislini hesablayır. İddiaçı sayğac qoyulduğu gündən onun dəyişdirilməsini xahiş etsə də, bu məsələyə baxılmamışdır. Hazırda sayğac yenə də düzgün işləmir. Bu səbəbdən də o, əsassız yazılmış borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona cavabdeh tərəfindən əsassız hesablanmış 1915,71 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli abonent kartına əsasən müəyyən edilir ki, İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu **********012: ********) abonent borcu 2015-ci il üçün 613,5 manat, 2016ci il üçün 147.38 manat, 2017-ci il üçün 151.2 manat, 149.1 manat, 2019-cu il üçün 149.45 manat, 2020-ci il üçün147 manat, 2021-ci il üçün 478,68 manat, 2022-ci il iyul ayının sonuna 99.4 manat, ümumilikdə 1915,71 manat borc qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC ilə İddiaçı arasında “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən su sərfiyyatına görə ona borc hesablamışdır. Məhkəmə qeyd edir ki, Abonent Kartına əsasən istehlakçıya 2018-ci ilə qədər 912,08 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, bu borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin Məhkəmə qeyd edir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən beş il əvvələ olan (2018-cı ildən əvvəlki borc) borcun tələbi barədə hüququnu itirmişdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə 2018-ci ildən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixdə cavabdehlə bağlanmış müqaviləyə qədər) istehlakçıya hesablanmış 985,43 manat borca münasibətdə qeyd edir ki, həmin borc əsassız hesablanmışdır, ona görə də silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh "xxxx"ASC tərəfindən iddiaçı-abonentin qeyri-qanuni su sərfiyyatı etməsinə və s. dair sübutlar məhkəməyə təqdim edilməmişdir, cavabdeh "xxxx"ASC tərəfindən iddiaçıya su sərfiyyatı üzrə hesablanmış borc əsaslı hesab oluna bilməz. Buna görə də, su sərfiyyatı üzrə hesablanmış borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. Amma iş materiallarına nəzər saldıqda cavabdeh tərəfindən istehlakçının su təchizatı “mövcud borca” görə nəinki dayandırılmamışdır, əksinə xx.xx.2022-ci il tarixdə onunla müqavilə bağlanmışdır. Odur ki, işin bu halı iddiaçıya hesablanmış borcun əsaslı olmasına şübhələr yaradır. Göründüyü kimi iddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına su sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq su sərfiyyatına görə borc hesablamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən su sərfinə görə hesablanmış borc əsassız olduğundan 1897,51 manat məbləğində borc silinməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 1897,51 manat (bir min səkkiz yüz doxsan yeddi manat əlli bir qəpik) borc (cərimə) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar