Məhkəmə qərarları › İş №2(001)-2914/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2914/2022

16.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2914/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İİİ Şimal küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı və **********00001 abunə koduna əsassız hesablanmış 173 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayou, Biləcəri qəsəbəsi, İİİ Şimal küçəsində yerləşən, faktiki olaraq ona məxsus fərdi yaşayış evində mövcud olan **********00001 abunə kodu üzrə 2001-ci ilə aid edilən 173,01 manat borc hesablanmışdır. Qeyd olunmalıdır ki, bu məbləğdə borcun hal-hazırki dövrədək qalması absurddur. Belə ki, o, məcburi köçkündür və həmin dövrlərdə limit tətbiq edilirdi və sərfiyyət dövlət tərəfindən ödənilirdi. Borc məbləğinin ödənilməsi bu uzun müddət ərzində tələb edilməmiş və 22 il sonra borc barədə məlumatları olmuşdur. Borcun yaranma səbəbi ona məlum deyildir. İstehlak edilmiş enerji sərfiyyatının məbləği hər ay ödənilmişdir. Əlavə enerji sərfiyyatının hesablanması əsassızdır. Lakin cavabdeh heç bir araşdırma aparmadan qeyri-qanuni olaraq 173 manat borc məbləği hesablamışdır. Borcun olması, ödənilməsinin tələb edilməsi barədə ona heç vaxt bildiriş gəlməmiş, xəbərdarlıq edilməmiş, gələn bildirişlərdə isə borc məbləği qeyd edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən ünvana 2000-ci ildə köçmüşlər. Həmin vaxtlarda evin tam ünvanı belə olmamışdır. Elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-nin nümayəndəsinə işıq pulunu ödəyirdilər. Müvafiq olaraq hər ay nümayəndəyə ödənişlər edilmişdir. Ünvana sayğac qoyulduqdan sonra artıq qəbzlərə uyğun ödənişlər etmişlər. Evi satmaq istəyən zaman məlum olmuşdur ki, "xxxx" ASC-yə işıqdan istifadəyə görə borcları var. Borcun yaranma əsası ona məlum deyil. Borcun olması barədə əvvəllər məlumatı olmamışdır.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının borcu vardır. Bu səbəbdən iddianı qəbul etmir. İddiaçının silinməsini istədiyi borc məbləği 2011-ci ildə dondurulmuş borcdur. Yəni, “Barmek” –dən "xxxx" ASC-yə təhvil-təslim qaydasında keçən borcdur. ASC hazırda həmin borcu istehlakçıdan tələb edə bilmir. Çünki borc dondurulub. Lakin sistemdə vətəndaşın abonent hesabında qalıq kimi qalmaqda davam edir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, abonentin sayğacı 2009-cu ildə qoyulmuşdur. 173,01 manat borc 2009-cu ildən dondurulmuş borcdur. Həmin borc 2001-ci ildən 2009-a qədər orta hesabata uyğun sərfiyyat borcudur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar, məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. **********00001 abonent kodu olan İddiaçı məxsus abonent haqqında olan məlumatdan görünür ki, ünvan 1 ünvanına xx.xx.2009-cu il tarixində sayğac quraşdırılmışdır.

7. xx.xx.2011-ci il tarixində istehlakçının abonent hesabına 173,01 manat BARMEK borcu kimi daxil edilmişdir. xx.xx.2012-ci il tarixində sayğac möhürlənmiş, xx.xx.2012-ci il tarixindən isə İddiaçı enerjidən “qaçqın limiti” ilə istifadə etmişdir.

8. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İİİ Şimal küçəsində yerləşən fərdi yaşayış evində məcburi köçkün kimi məskunlaşmış, xx.xx.2001-ci ildən elektrik enerjisindən istifadə etmişdir. Lakin həmin ünvanda ilk dəfə xx.xx.2009-cu il tarixində sayğac quraşdırılmış və enerji istifadəsi üçün, iddiaçının qaçqın statusu nəzərə alınmaqla, “qaçqın limiti” ilə enerji istifadəsinə imkan yaradılmışdır.

9. Abonent haqqında sənədlə müəyyən edildi ki, həmin ünvana sayğac quraşdırıldıqdan sonra abonent hesabına xx.xx.2011-ci il tarixində “BARMEK” borcu adı altında 173,01 manat borc daxil edilmişdir

10. Hazırda iddiraçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qalıq borc məbləğinin abonent hesabından silinməsini xahiş etməklə, həmin borc məbləğindən bu günədək məlumatı olmadığını, ondan borcun tələb edilmədiyini və bu barədə xəbərdar edilmədiyini bildirir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borcun 2001-ci ildən 2009-cu ilədək hesablanmış sərfiyyat borcu olduğunu “BARMEK” şirkəti tərəfindən "xxxx" ASC-yə təhvil verilən borc olduğunu, həmin borcun abonentin hesabına daxil edildiyini və 2011-ci ildən dondurulmuş borc məbləği kimi qaldığını təsdiq edir.

12. Həmçinin cavabdehin nümayəndəsi izahatında göstərir ki, həmin borc məbləği dondurulduğundan "xxxx" ASC həmin borcu istehlakçıdan tələb edə bilmir. Lakin həmin borc vətəndaşın abonent hesabında qalıq kimi qalmaqda davam edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

14. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.

17. 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

18. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir.

19. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

20. Məhkəmə qeyd edir ki, elektrik enerjisindən istifadəyə görə edilən ödənişlər vaxtaşırı ödəniş hesab ediliyindən, yəni faktiki olaraq 2011-ci il tarixində abonentin hesabına daxil edilən borc məbləğinə tələb hüququ Mülki Məcəllənin 551-ci maddəsinin tələbi baxımından 5 il müddət keçdikdən sonra itirildiyindən, yaranmış öhdəliyə xitam verilir.

21. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, abonent haqqında məlumatda 173,01 manat məbləğində borcun istehlakçının enerji sərfiyyatına görə “BARMEK” şirkətinə olan borcu olduğu və təhvil-təslim qaydasında "xxxx" ASC-yə təhvil verildiyi, bu səbəbdən də xx.xx.2011-ci il tarixində abonentin hesabına “BARMEK” borcu kimi daxil edildiyi müəyyən edilmişdir. Odur ki, artıq həmin borca tələb hüququ cavabdeh "xxxx" ASC tərəfindən 2016-cı ildən itirilmişdir.

22. Belə olan halda istehlakçı abonent hesabına elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləğinin abonent hesabından silinməsini tələb etməkdə haqlıdır. Tətbiq edilən prosessual normalar:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir;

27. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə;

28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

29. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

30. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

32. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İİİ Şimal küçəsində yerləşən (abonent kodu: **********00001) mənzilə elektrik sərfiyyatına görə "xxxx" ASC tərəfindən hesablanmış 173 manat məbləğində borc silinməlidir.

33. İddianın qiyməti nəzərə alınmaqla (qalan ödəmənin 1 illik məcmusu 1000 manatdan az olduğuna görə) hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 30 manat məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İİİ Şimal küçəsində yerləşən mənzilə (abonent kodu: **********00001) elektrik sərfiyyətinə görə "xxxx" ASC tərəfindən hesablanmış 173 (yüz yetmiş üç) manat məbləğində borc abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar