Məhkəmə qərarları › İş №2(001)-2915/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2915/2021

15.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2915/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına “Cavabdeh" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında əsassız olaraq hesablanmış 72 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Neftçala rayonunun Xıllı qəsəbəsində evi var. Lazımi vaxtda gedib 5-6 gün orda qalır. Şikayəti ondan ibarətdir ki, onun xəbəri olmadan Neftçala Xidmət Sahəsinin bir qrup işçiləri qaz sayğacına müdaxilə olunduğu barədə xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan ünvanda "təbii qazdan istifadə qaydalarının pozulması" haqqında ******* nömrəli akt tərtib etmiş və itirilmiş qazın bərpası məqsədilə ona 72 manat məbləğində borc hesablamışdır. Lakin, onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Sahə işçiləri tərtib etdikləri aktı onun yerinə imzalamış və aktın bir surətini də qonşuya vermişlər. Bu məsələ ilə xx xxxxxx 2020-ci il tarixdə Neftçala rayonunun qaz idarəsinin rəisi X3 qəbulunda olsa da, heç bir nəticəsi olmamışdır. Onun dedikləri: "Get qaz idarəsinin aktına əsasən, 72 manat ödə.” Belə bir hağsızlığa dözməyib gəlib Bakı şəhərinin Yusif Səfərov küçəsində yerləşən Cavabdeh idarəsinin rəhbərliyinə şikayət etmiş, 2020-ci ilin 17 dekabrından yanvarın 7-ə kimi gözləmişdir. Cavab almadığına görə yenə “Cavabdeh” idarəsinə gedib daxili telefonla danışdı ki, onun şikayətinə baxsınlar. Onların onun şikayəti ilə maraqlanmadıqlarını görüb, idarədə bir qadın yazılı surətdə ona ərizənin cavabını verdi. O həmin o qadına dedi ki, “Salyan qaz idarəsi də sizə tabedir. Nə üçün haqsız, qanunsuz yazılmış bir akta idarə rəhbərliyi münasibət bildirmədi?" O dedi ki, "ona aid deyil.” Tərəflərindən qaz sayğacına hər hansı müdaxilə olmamış, digər tərəfdən də belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olmamışdır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə aralarında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Cavabdeh” İstehsalat Birliyi ilə İddiaçı arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 1264 nömrəli müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, **********0000 kodlu abonentin qaz sayğacının vaxtı başa çatdığı üçün yenisi ilə əvəzlənmişdir; “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli, MSK-29/1710-04029-1 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılan 6.4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirildi. Sayğacdan qaz keçir. Hesablama mexanizmi qeyd etmir. Hesablama mexanizmin hərəkətə gətirən dişli çarx yerindən çıxmışdır; “Cavabdeh” X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı X1 aid ünvanda qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 720 m3 məbləğin ödənilməsi tələb olunmuşdur; MSK-29/1710-04029-1 nörməli Qaz sayğacının yoxlanılması barədə aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirildi. Hesablama mexanizmi keçən qazın sərfini qeydə almır. Sayğac açılaraq daxilinə baxış keçirildi və sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edildi. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış “müraciətə baxılması barədə” xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciətinə baxılaraq ona bildirilmişdir, xx xxxxxxxx 2020-ci il tarixində Neftçala Xidmət Sahəsinin nümayəndələri tərəfindən yaşayış evininin qaz xətti üzərində istifadədə olan G-4 markalı, ******* nömrəli qaz sayğacı istismardan çıxarılaraq Dövlət yoxlanılmasına göndərilmiş, əvəzinə G-4 markalı, **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. İstismardan çıxarılmış qaz sayğacına “Cavabdeh" İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxmasının qaz itkisinə səbəb olduğu barədə xx xxxxxx 2020-ci il tarixli, MSK 29/1710-04029-1 nömrəli rəy verilmişdir. Bu səbəbdən də xx xxxxxx 2020-ci il tarixində ünvanında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuş, itirilmiş qazın bərpası məqsədilə 720 m3 (72 manat dəyərində) hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına 2 nömrəli əlavə olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 2.2.5-ci bəndinə əsasən paylayıcının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; 23**********000 nömrəli abonent İddiaçı abonentin saldosundan görünür ki, onun 2020-ci il dekabr ayına aktlar üzrə olan borcu 72 manat təşkil edir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evində quraşdırılmış sayğacda qüsurların olduğunu müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 72 manat borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 72 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: 23**********000) qazdan istifadəyə görə hesablanmış 72 (yetmiş iki) manat məbləğində borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar