Məhkəmə qərarları › İş №2(001)-2925/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2925/2025

14.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2925/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, "xxxx" MTK-ya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, "xxxx" MTK-ya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 29A, 352 nömrəli mənzilə dair cavabdehlər Cavabdeh3 və "xxxx" MTK arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 29A, 352 nömrəli mənzilə dair Cavabdeh3 və "xxxx" MTK arasında bağlanmış müqavilə əsasında Cavabdeh3 adına verilmiş maliyyə arayışının ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 29A, 352 nömrəli mənzilə dair Cavabdeh3 və "xxxx" MTK arasında bağlanmış müqavilə əsasında Cavabdeh3 xeyrinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin etibarsız hesab edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 29A, 352 nömrəli mənzilə dair Cavabdeh3 və "xxxx" MTK arasında bağlanmış müqavilə əsasında Cavabdeh3 xeyrinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd əsasında onun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin giriş hissəsində cavabdehlər qismində Cavabdeh3, "xxxx" MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə yanaşı digər Cavabdeh1 da cavabdeh kimi göstərilməsinə baxmayaraq iddia ərizəsinin nəticə hissəsində, yəni “xahiş edirəm” hissəsində ona qarşı yönəlmiş hər hansı tələb müəyyən edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmçinin təsadüfi deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, konkret olaraq tələb irəli sürən iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, hazırkı iddia tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, "xxxx" MTK-ya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, hazırkı iddia tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar